ABŞ-də Suriya həbsxanasının keçmiş rəisinə 100 ildən çox həbs cəzası verilə bilər

Amerika Birləşmiş Ştatlarında Suriyanın paytaxtı Dəməşqin mərkəzi həbsxanasının keçmiş rəisi Samir Osman əl-Şeyxi 100 ildən çox həbs cəzası ala bilər.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə "Fox News" telekanalı xəbər verib.

Bildirilir ki, o, məhbuslara işgəncə verilməsində ittiham edilir.

Qeyd edilir ki, 72 yaşlı təqsirləndirilən şəxs 2005-ci ildən 2008-ci ilə qədər Suriya həbsxanasına rəhbərlik edib. Məhkəmənin versiyasına görə, o, tabeliyində olan əməkdaşlardan siyasi və digər məhbuslara ağrı və əzab vermələrini tələb edib.

2020-ci ildə əl-Şeyx ABŞ-yə immiqrasiya edib və üç il sonra vətəndaşlıq üçün müraciət edib. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə, o, ABŞ-də yaşayış icazəsi almaq üçün öz cinayətləri barədə məlumatı gizlədib.