Heç bir iş görməmək günü təsis edilsin!
Qan Turalı yazır...
"Ən aristokrat məşğuliyyət heç bir işlə məşğul olmamaqdır". Oskar Uayld bu sözü XIX əsrdə demişdi. Ancaq o, bu sözlərinin XXI əsrdə populyar olacağını əvvəlcədən bilə bilməzdi.
ABŞ-də 1970-ci illərdən 16 yanvar günü təqvimə "Heç bir iş görməmək günü" kimi əlavə olunub. Şübhəsiz ki, hər gün işləyən insanların istirahət günü olub olmamasından asılı olmayaraq həyat haqqında düşünmələri üçün bir günləri olmalıdır.
Müasir dünyada insan heç bir zaman olmadığı qədər gərgin iş saatlarına məhkumdur. Hər şeydən əvvəl tıxac məsələsi... Dünyanın hər yerində böyük şəhərlərə köç prosesi var. Kənd əhalisi sürətlə azalır. Həyat böyük şəhərlərdə getdikcə yaşanılmaz hala gəlir. İnsanlar hər gün yollarda bir neçə saat itirirlər. Hər dəqiqə də ömürdən gedir. Yollarda, tıxacda itirilən saatlar isə insan ömrünü baltalayır.
İş saatları da kifayət qədər çoxdur. Bir çox ölkələrdə 14-17 saata qədər çatan iş rejimləri var.
Ən pisi isə odur ki, uşaqlar da bu rejimlə yaşayırlar. İşləməsələr də məhz yaşayırlar. Səhər açılmadan məktəbə, oradan da növbənöv hazırlıqlara gedirlər. Ancaq axşam evə qayıdırlar. Həyat uşaqlıqdan əziyyətlə başlayır.
Uşaqların öz uşaqlıqlarını yaşamaq hüququ əllərindən alınır. Dünya 20-30-40 il əvvəl belə bir yer deyildi. Ancaq istər iş, istərsə də təhsil həyatında amansız rəqabət sistemi mövcuddur. Buna görə də istər uşaqlar, istərsə də böyüklər daha çox çalışmalıdırlar.
Misal üçün, Çin iş həyatında "996" adlı sistemdən istifadə edir. Səhər 9-dan axşam 9-a qədər həftənin 6 günü iş. Həftədə 72 saat edir.
Belə bir vəziyyətdə əlbəttə ki, 16 yanvar günü xüsusi əhəmiyyət kəsb edir. Ən ağır iş rejimi Çində olduğu üçün ən böyük etiraz dalğası da Çində yaranır. Hər şey Luo adlı gəncin bir bloq yazısından başladı. Fabrikdəki ağır işindən istefa verib velosipedlə ölkəni gəzməyə başlayan Luo ayda cəmi 30 dollar xərcləmişdi. İstirahət zamanı yazdığı "Arxası üstdə uzanmaq ədalətlidir" sözü bir anda Çində məşhur oldu. Yeni trend "Tang ping" (Arxası üstdə uzanmaq ədalətlidir) minlərlə adam qoşuldu. Luo öz fikrini belə izah edirdi: "Arxası üstdə uzanmaq ruhi vəziyyətdir, bir çox diqqətimə və zəhmətimə layiq deyil".
Bu hərəkət eynilə SSRİ kimi yorulmadan əməyi, zəhməti təbliğ edən Çin hökumətinin xoşuna gəlmədi. "Tang ping"lə işarəsi olan hər şey - köynəklər, telefon qılafları, papaqlar qadağan edildi. Çin hökumətinin rəsmi mətbu orqanı olan "Həqiqət axtarışı" jurnalı yeni trendi xüsusi amansızlıqla ifşa edərək və ona qoşulanları iqtisadi rifahın və inkişafın qarşısında duran maneələr adlandırdı.
Heç bir iş görmədən yaşamaq bəşəriyyət üçün çox utopik bir ideya ola bilər. Ancaq ildə cəmi bir gün heç bir iş görməmək bizim şüurumuz və ruhumuz üçün son dərəcə faydalı ola bilər. Bəlkə belə bir gün təqvimə salınmalı və o gün ölkədə heç kim heç bir iş görməməlidir...