Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...
Zəngəzur dəhlizi bu il ərzində açıla bilər
ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması mərasimində deyib ki, gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək, biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik.
Artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında sənəd imzalayıblar. Bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona işgüzar səfəri zamanı baş tutub.
"Biz iqtisadiyyat, təhlükəsizlik və müdafiə, demokratiya, inklüzivlik və şəxsiyyətlərarası münasibətlər sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq komissiyası yaradırıq", - bunu ABŞ dövlət katibi bildirib.
Blinkenin sözlərinə görə, ABŞ Ermənistanla ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyir. O, strateji tərəfdaşlıq haqqında sənədin "daha dayanıqlı, dinc, təhlükəsiz və müstəqil" Cənubi Qafqazın yaradılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Bəli, bölgədə nə Rusiya, nə də İran amerikalı sərhədçilərin belə tezliklə Ermənistana gəlişini gözləyirdi. Hamıda belə bir düşüncə var idi ki, Amerika sərhədçiləri Ermənistanın sərhədlərinə və təmas xəttinə bir neçə aydan sonra gələ bilər. Lakin Amerika sərhədçılərı Rusiyanın qoruduğu Ermənistan sərhədlərinə gələn həftə yetişəcək. Amerikanın indiki administrasiyası fərqindədir ki, Rusiyanın bu ölkədə minlərlə sərhədçisi və 102-ci hərbi bazası var. Bayden adminstrasiyası bütün bunları nəzərə alaraq tələsir ki, mümkün qədər ABŞ hərbi kontingentini Ermənistanda çoxaltsın.
Amerika qanunvericilik təcrübəsinə bələd olanlar bilir ki, bu dövlətdə qərar vermək olduqca asandır, amma verilmiş qərarın geri oxunması, ləğv edilməsi çox çətindir. Verilən qərar parlamentin ratifikasiyasından keçirsə, iş bir qədər də qəlizləşir. Bütün bunları nəzərə alaraq Bayden müddətinin bitməsinə bir neçə gün qalmış tələm-tələsik ləğvi və geri oxunması çətin olan qərarlar qəbul edir. Ermənistanla strateji müttəfiqlik xartıyasının bağlanması və bunun ardınca bölgəyə hərbi kontingent göndərilməsi də məhz bu qəbildən olan qərarlardandır.
Hamıya bəllidir ki, Tramp Baydenin üçüncü dünya müharibəsinin astanasına daşıdığı beynəlxalq münasibətləri geri oturtmaq niyyətindədir. Bu məsələdə Tramp iki vektor üzrə hərəkət edəcək: Yaxın və Orta Doğuda sülhə nail olmaq və Ukrayna-Rusiya cəbhəsində ən azı atəşkəs rejimi yaratmaq. Bu iki istiqamətlərdən biri Erməniztanın zərərinədir. Belə ki, Rusiya-Ukrayna cəbhədində atəşkəs elan ediləcəksə, bu, Moskvaya yeni nəfəs verəcək. Çünki Rusiyanın başlatdığı bu müharıbənin gündəlik xərcı orta hesabla 1 milyard dollar təşkil edir. Dövlət büdcəsinin gəlirləri cəmi 400 milyard dollar olan dövlət üçün bu böyük itkidir. Təsəvvür edin ki, gündə bir milyard dollar itirməklə ildə 400 milyard dollar büdcə gəlirinin 365 milyardını Moskva yalnız müharibəyə xərcləməli olur. Digər xərclərin ödənilməsi üçün isə büdcədə cəmi 35 milyard qalır ki, bu da Rusiya kimi dövlət üçün çox kiçik maliyyə həcmidir. Tramp Rusiyanı bu xərcdən xilas etsə, o özünə gələcək və dərhal Ermənistanla indiyə qədər etdiyi şıltaqlıqlara görə hesablaşmaq fikrinə düşəcək. Bayden düşünür ki, ABŞ hərbi kontingentinin Ermənistanda çox olması məhz bu dönəm üçün vacibdir. Ona görə də köhnə adminstrasiya tələsir.
Amma bu addımı ilə Ermənistan yalnız Rusiyanı deyil, həm də İranı özündən incik salacaq. İranın 40 ildir bəslədiyi, dəstək verdiyi Ermənistan ona xəyanət edir, Tehranın düşmənini düz sərhədə gətirir. Ola bilsin ki, Rusiya ABŞ ilə müəyyən məsələlərdə razılaşsın, amma İranın bu məsələdə nəyəsə razılaşması artıq mümkün deyil. Amerika sərhədçiləri ilə rus sərhədçiləri, hətta Ermənistan sərhədlərini birlikdə də qoruya bilər. Amma Tehranın sərhədində Amerika əsgərini görməsi onun üçün rejimin sonunun başlanğıcı deməkdir.
Hadisələrin inkişafı onu deməyə əsas verir ki, bu məsələdən də ən böyük uduşla çıxan Azərbaycan olacaq. Çünki Zəngəzur dəhlizinin açılmasına razı olmayan İran bölgədən çıxır, zərərsizləşdirilir. Dəhlizə nəzarət üstündə əsas mübahisə isə Rusiya ilə Qərb arasında idi. İndi hər iki tərəf bölgədə hərbi gücə malikdir və onların razılaşmaqdan başqa çıxış yolu yoxdur. Ona gôrə də yaxın bir neçə ay ərzində Zəngəzur dəhlizinin açılması gözləniləndir.
Akif NƏSİRLİ