DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA

Səxavət Əlisoy
Kitabdan hissələr- 25
DÖVLƏT BU GÜN
Bu gün Azərbaycan Dövləti 33 il əvvəlki Dövlət deyil. Dövlət artıq 33 yaşındadır, böyüyüb və güclənib.
Bu gün Azərbaycan Dövlətinin ərazi bütövlüyü tam bərpa olunub.
Bu gün Azərbaycan Dövlətinin ərazi bütövlüyünü qorumağa qadir müasir, modern və nizami ordusu var.
Bu gün 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında yazılmış bu iki cümləni qürurla ifadə etmək olar:
-Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir.
-Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir.
Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inişaf edir. 1992-ci ildə Ə. Elçibəy hakimiyyətə gələndə Dövlətin xəzinədə 1.5 milyon ABŞ dollar pulu vardı. Ə. Elçibəy bu miqdarı 156 milyon dollara, H. Əliyev isə 1.5 milyard dollara çatdırdı.
Bu gün Azərbaycanın strateji valyuta ehtiyatı (Azərbaycan Respublikası Dövlət Neft Fondunun və Mərkəzi Bankın valyuta ehtiyatları) təxminən 75 milyard ABŞ dollarına çatıb.
Nə deməkdir, bu? O deməkdir ki, Azərbaycanın strateji valyuta ehtiyatları Dövlət büdcəsinin təxminən dörd illinin miqdarındadır. Məhz bu iqtisadi qalxınma sayəsində Azərbaycanın siması büsbütün dəyişir. Görülən işlərə obyektivlik prizmasından yanaşdıqda ölkədə çəkilən yolları, salınan körpüləri, inşa edilən idman qurğularını, hava limanlarını, təhsil-səhiyyə tikililərini, dövlət obyektlərini... görmək mümkündür. Bu gün iqtisadi parametrlərə görə Azərbaycan Cənubu Qafqazın ən güclü dövlətinə çevrilib.
1991-199 –cü illərdə tənəzzül dövrünü yaşayan iqtisadiyyat 1995-ci ildən inkişaf mərhələsinə daxil oldu. Azərbaycana sabitliyin bərqərar olmasından sonra xarici investorların marağı artdı. Bəllidir ki, iqtisadi inkişafın təməlində dayanan ən mühüm faktor investisiyadır. Son 10 ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 132 milyard dolları, “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə 170 milyard dolları ötüb. Bunun 84 milyard dollar yaxını xarici, 88,7 milyard dolları isə daxili investisiyalardır.
Məşhur “Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100 reytinqini açıqlayıb.
Bakı şəhəri reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb. Nəşrin məlumatına görə, Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Qeyd olunur ki, bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sərmayə yatırılacağına dair saziş imzalanıb.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan iqtisadiyyatının inkişafında qeyri-neft sektoruna qoyulan investisiyaların xüsusi çəkisi artmaqda davam edir. Qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün çox vacibdir. Büdcənin neftdən asılılığın azaldılmasında bu sektora diqqət xüsusi əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev “The Business Year” nəşrinə müsahibəsində ölkədəki investisiya siyasətindən bəhs edərək neft gəlirlərinin bu sahəyə yönləndirildiyini belə ifadə edib: “Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir qismi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur. Bundan başqa, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırmışdır”.
Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Dövlətin qüdrətinin artması üçün bu sazişlərin nə qədər önəmli olması bir yana, bağlanan müqavilələr Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş olmasının göstəricisi kimi dəyərləndirilir.
Son 20 il ərzində ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların (BXİ) həcmi 100 milyard ABŞ dollarından artıqdır. Bu gün Azərbaycanın ticarət tərəfdaşlarının sayı 185 ölkəyə çatıb. Bu gün Azərbaycan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac edir. Bu çox böyük bir uğurdur…
Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradıldı.
Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması və bu rayonlarda böyük quruculuq işlərinə başlanması tam təqdirəlayiqdir. Bu rayonlara Dövlət “yenidən həyat bəxş etmək üçün” bu günə qədər 7 milyard manat vəsait xərcləyib. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın altı əsas istiqamət üzrə inkişafı gözlənilir: 1. Kənd təsərrüfatı; 2. Ərzaq sənayesi; 3. Dağ- mədən sənayesi; 4. “Yaşıl enerji”; 5. Nəqliyyat-logistika; 6. Turizm. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin əsas inkişaf drayverləri də müəyyənləşdirilib. Ağdam şəhəri yüngül sənaye və xidmət mərkəzi, Araz boyunca düzülən Füzuli, Cəbrayıl və Zəngilan rayonları nəqliyyat-logistika qovşağı və əkinçilik, Kəlbəcər və Laçın rayonları dağ-mədən sənayesi, “yaşıl enerji”, turizm, heyvandarlıq...
Şuşa isə mədəniyyət paytaxtı olaraq yaradıcı sənayesi ilə bölgənin qravitasiya mərkəzlərinə çevrilir. Ekspertlər qeyd edir ki, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın qeyri-neft sektorunun 10 faizi həddində iqtisadiyyata malik ola bilər.
Bu gün Azərbaycan hərbi gücünə və qüdrətinə görə nəinki regionda liderdir, hətta ordumuz döyüş potensialına, peşəkarlığına görə dünya ölkələrinin sıralamasında önəmli yerlərdən birində dayanır.
Ordunun bu duruma gəlməsində həm Heydər Əliyevin və həm də İlham Əliyevin zəhmətini qeyd etməmək haqsızlıq olar. Məhz onların sayəsində Dövlətin müdafiə qabiliyyəti gücləndi. Bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təmin olunub. Təbii ki, bu təminatın arxasında ilbəil inkişaf edən iqtisadiyyat durur.
Son 20 ildə hərbi xərclər 15 dəfədən çox artırıldı. Nəticədə hərbçilərin xidmət və məişət şəraiti komfort hala gətirildi Ən əsası isə ordumuz ən müasir silahlarla, texnika ilə təmin olundu. Hərbi xərclər eyni zamanda müdafiə sənayesinin formalaşdırılmasına yönəldildi. 20-dən çox hərbi zavodun yaranması və 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanması Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində fövqəladə rol oynadı. Və son nəticədə Azərbaycanın Ordusu reytinqinə rəğmən dünyanın ən güclü ordularından birinə çevrildi. Tanınmış ABŞ bloqeri Daniel Puçekin “Global Fire-power Index” təşkilatının son reytinq göstərici¬sindən məlum olur ki, Azərbaycan Ordusu dünyanın ən güclü əlli ordusu sırasın¬dadır. Bu nəticə ordulara aid olan əlli faktorun (nüvə potensialı is¬tisna olmaqla) təhlili nəticəsində ortaya çıxıb.
Təhlil güclü silahlı qüvvələrə malik 106 ölkə arasında aparılıb və Ermənistanın adı açıqlanan siyahıda yoxdur və olması da mümkün deyil. Nədən ki, 2-ci Qarabağ savaşında Azərbaycan Silahlı qüvvələri tərəfindən darmadağın edilmiş Ermənistan ordusunun dirçəlməsi üçün uzun zamana ehtiyac var və məhz buna görə də onların güclü ordular siyahısına əlavə edilməsi yaxın gələcəkdə inandırıcı görünmür.
Bir sıra Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Bütün bunlar qürurvericidir.
Son 20 ildə Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərə 30 milyard ABŞ dollarından artıq vəsait ayrılıb. Nə qədər ki, erməni faşizmi Azərbayacan üçün təhlükə mənbəyi olaraq qalmaqda davam edir, Dövlət hərbi xərcləri artırmaq zorunda qalacaq. Qonşularımızın hansı xislətə sahib olduqları, hər türlü məkrli oyunlara əl atacaqları açıq-aşkar ortada ikən müdafiə sistemini daha da təkmilləşdirmək gərəkdir. Dövlət və dövlətçilik naminə, gələcək nəsillərə yenidən qürursuzluq yaşatmamaq üçün gərəkirsə, büdcənin əhəmiyyətli hissəsi belə müdafiə üçün yönəldilməlidir. Yəni, Dövləti qorumaq naminə büdcənin hərbi xərcləri sosial xərclərdən artıq ola bilər. Bunu bəzi psevdopatriotlar anormal qarşılasa belə Dövlət özünü qorumaq yolundan əsla vaz keçməməlidir. İlbəil modern silahlar icad olunur. Azərbaycan imkanları çərçivəsində bu silahları əldə etməyə nail olmalıdır. Mövcud dünya düzənində Dövlətin özünü qorumaq iqtidarında olması böyük şərtdir. Açıq danışmaq gərəkdir, bu gün Ermənistan ciddi şəkildə Fransanın himayədarlığı altında silahlanmağa davam edir. Belə bir vəziyyətdə Azərbaycanın 44 günlük Zəfərə güvənib hərbi arsenalını təkmilləşdirməkdən vaz keçməsi ağır sonuclar verə bilər. Tarixin bəlli bir kəsimində, dövlətçiliyin təşəkkül tapdığı zamanda Dövlət müəyyən kriteriyaları arxa plana keçirə bilər. Vətəndaşlar da dövlətin üz-üzə qaldığı təhlükəli və ağır zamanlarda Vətənin təhlükəsizliyi naminə atılan addımları anlayışla qarşılamalıdır. Fikrimi sadə xalq dilində açıqlamaq fikrindəyəm. Bu gün Azərbaycanın Hava Hücumundan Müdafiəsinin müasir hərbi standartlara cavab verməsi üçün S 400 tipli, yaxud ona bənzər raket sisteminə böyük ehtiyacı var. Bu raket sistemlərinin və digər Hava hücumundan müdafiə qurğularının qiymətləri Azərbaycanın dövlət büdcəsinin beşdə biri hesabına başa gələ bilər. Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Dövlət mütləq və mütləq bu müdafiə sistemlərini əldə etməlidir. Erməni daşnaklarının Azərbaycan yönəlik hər türlü hərəkətlərini Dövlət zərərsizləşdirmək iqtidarında olmalıdır. Müdafiə elə təşkil olunmalıdır ki, hər bir Azərbaycan vətəndaşı erməni daşnaklarının silahlanmaya girişməsindən əsla narahtçılıq keçirməməlidir. Dövlətin düşmənlə başbaşa qaldığı zamanda insanların sosial problemlərinin həllində, insan haqlarına riayət olunmasında problemlər yaşana bilər, narazılıqlar ola bilər. Hətta, demokratik dəyərlər belə arxa plana keçə bilər, bu, təbii bir prosesdir, (Bütün bunlar barədə irəlidə yazılacaq) həm də müvəqqəti bir haldır. Azərbaycan və Ermənistan arasında Sülh Sazişi bağlandıqdan, iqtisadi və mədəni əlaqlər bərpa olunduqdan sonra vəziyyət büsbütün dəyişə bilər. Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoymağa məcburdur. Arxasında hansı gücün dayanmasından asılı olmayaraq o əvvəl-axır yazılmamış “qonşuluq qanunlarına” əməl etmək zorunda qalacaq. Qarşılıqlı inam davamlı xarakter aldıqdan sonra təbii ki, tərəflər öz büdcələrini hərbi məqsədlər üçün deyil, sosial problemlərin həlli üçün yönəldəcək. Hələ ki, daşnaklar bunu anlamadıqlarından Azərbaycanın “əlindəki çomağı” yerə qoyması mümkün deyil. “İlan ulduz görməsə ölməz” deyimi var. Türkü özünün düşməni elan etmiş və bu elanı gələcək nəsillərin qanına hopdurmuş erməni faşistləri üçün ölüm Azərbaycanın güclü və qüdrətli Silahlı Qüvvələridir. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bunları dedi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Zəfər paradında cümlə Azərbaycan dövlət başçısının xalqa verdiyi bu sözə əməl etdiyinin şahidi oldu. Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi...
Bu gün Azərbaycan xalqı özünün müzəffər ordusu ilə qürur duyur. 44 günlük Zəfər müharibəsi və 24 saatlıq Antiterror əməliyyatı Azərbaycan əsgərinin döyüş qabiliyyətini bütün dünyaya tanıtdı. 44 günlük Zəfər müharibəsi və 24 saatlıq Antiterror əməliyyatı eyni zamanda “məğlubedilməz erməni ordusu” mifini də darmadağın etdi.
Kəsəsi, müasir geopolitik durum, Qərbin Azərbaycana yönəlik yürütdüyü ikili standartlar Dövləti “öz başının hayında qalmağa” vadar edir. Və Prezident İlham Əliyevin Azərbaycan dövlətinin müdafiə qüdrətini artırmaq üçün atdığı addımlar, etdiyi manevrlər tam olaraq təqdirəlayiq sayılmalıdır.
Prezident İlham Əliyevin xarici siyasət kursu
İqtisadiyyatın bu şəkildə çiçəklənməsi təbii ki, Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin sayəsində gerçəkləşir. İlham Əliyevin qüsursuz xarici siyasəti qərəzli olmayanlar tərəfindən hər zaman dəstəklənir. Heydər Əliyevin fundamentini qoyduğu çoxvektorlu siyasət kursunu İlham Əliyev daha da təkmilləşdirdi. Bu bir faktdır, inkar etmək olmaz. Açıq danışaq, Azərbaycan elə də böyük dövlət deyil ki, supergüclərlə kəllə-kəlləyə gəlsin. Müəyyən məsələlərdə Azərbaycanın güzəşt etməsi tam təbiidir. 10 milyonluq Azərbaycanın Rusiya kimi bir superdövlətə şərtlər diqtə etməsini populistlər və psevdomillətçilər qəhrəmanlıq kimi qələmə verə bilər, ancaq o “qəhrəmanlığın” dövlətə bir qara qəpik dəyərində faydası olmaz. Heydər Əliyevin də, İlham Əliyevin də apardığı xarici siyasətdə yaxın-uzaq bütün dövlətlərlə ikitərəfli münasibətlərin qurulması əsas şərtdir. Heç bir dövlətin daxili işlərinə qarışmadan, ərazisinə göz dikmədən ikitərəfli əlaqələr qurmaq və bu əlaqələrdən faydalanmaq Azərbaycanın xarici siyasətinin əsas ünsürlərindən biridir. Demək mümkündür ki, Ermənistan xaric Azərbaycan dövlətinin heç bir ölkə ilə problem yaşamadığı ortadadır.
Azərbaycan Rusiya münasibətləri
İlk növbədə Azərbaycanın qonşu dövlətlərlə olan münasibətlərinə diqqət edək. Bu gün təkcə Azərbaycan vətəndaşlarını deyil, dünyanın bölgəyə marağı olan dövlətlərin siyasi ekspertləri Bakının Kremllə olan münasibətini çox diqqətlə izləyir. Azərbaycanda siyasətlə məşğul olaların bir qismi Kremldən tamamən üz çevirmənin dövlət üçün faydalı olacağı qənaətindədir. Özünü “millətçi” kimi göstərmək istəyən bəzi siyasi qurumlar ”Rusiya ilə üzülüşməyi”, Azərbaycanın üzünü Qərbə sarı çevirməyi vurğulayır. Elə buradaca oxucudan soruşmaq fikrindəyəm, Azərbaycan bu gün Rusiya ilə əlaqələrinə son qoysa, nə qazanar? İki əsr mövcud olmuş bağların qoparılması bizə sərfəlidirmi? Təbii ki, plüralizmə isnad edərək hər bir kəsin öz fikrini sərbəst şəkildə açıqlaması normaldır. Anormal olan iqtidara gəlmək istəyən siyasi qüvvələrin populist açıqlamalarıdır. Əbədi qonşumuz olan və dünyanın iki ən güclü dövlətindən biri sayılan Rusiya ilə münasibətdə ən düzgün seçim ikitərəfli iqtisadi, mədəni və humanitar əlaqələrin qurulmasıdır. Biz istəsək də, istəməsək də, bu gün çox güclü resurslara malik olan Rusiya ilə mehriban qonşuluq şəraitində yaşamaq zorundayıq. O ölkədə bizim milyonlarla soydaşımız yaşayır, işləyir. Rusiyada biznes qurmuş saysız-hesabsız Azərbaycan vətəndaşı var. İllər öncə Rusiya mətbuatı yazırdı ki, il ərzində bu ölkədən soydaşlarımızın Azərbaycandakı valideynlərinə, yaxınlarına transfer etdiyi pulun miqdarı 1 milyard ABŞ dollarından çoxdur.
Bir anlığa düşünün ki, Dövlət Rusiyadan üz çevirərək onunla bütün əlaqələrini kəsib. Ən az bir milyon soydaşımızın Azərbaycana deportasiyasının nə demək olduğunu təsəvvür edirsinizmi? Azərbaycanın necə bir ağır sosial fəlakətlə üzüzə qalacağını da düşünün.
Unutmayın ki, Kremldən hər şey gözləmək olar. Onun lazım gələrsə, Azərbaycanda iğtişaşlar törədə biləcəyini də nəzərdən qaçırmayın. Sabah KQB Bakıda çox rahatlıqla və “uf demədən” Azərbaycan vətəndaşı olan 100 rusu qanına-qəltan edib bizimlə haqq-hesab çəkməyə qalxa bilər. Qanlı 20 Yanvarı göz önünə gətirin. 10 milyonluq 33 yaşlı Dövlətimizin bir imperiya ilə düşmənçilik etməsi hansı məntiqə sığar?
Əbülfəz Elçibəy millətçi və idealist bir kimliyə sahib idi. O, hər zaman Rusiyaya qarşı sərt mövqeyini ortaya qoyurdu. Bu mövqe nəinki Ə. Elçibəy iqtidarının sonunu gətirdi, eyni zamanda Kremli aktiv şəkildə Ermənistanı dəstəkləməyə sövq etdi. Nəticə nə oldu? Kremlin himayəsi altında olan erməni silahlıları Azərbaycan torpaqlarının bir qismini işğal etdi...
Bu günə qədər Azərbaycanın Respublikası və Rusiya Federasiyası arasında 200-dən çox saziş imzalanıb. Onların ən mühümləri bunlardır:
• Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə (3 iyul 1997-ci il tarixli);
• Bakı Bəyannaməsi (9 yanvar 2001-ci il tarixli);
• Moskva Bəyannaməsi (6 fevral 2004-cü il tarixli);
• Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə (3 iyul 2008-ci il tarixli);
• İqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat (1 sentyabr 2018-ci il tarixli);
• Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə (22 fevral 2022-ci il tarixli).
Bütün bu sazişlər iki dövlət arasında ikitətəfli əlaqələrin ən yüksək səviyyədə olmasını təsdiq edir. Bəzi statistik rəqəmlərə diqqət edin. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən Rusiya kapitallı şirkətlərinin sayı 1000-dən artıqdır. Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard, Azərbaycan isə Rusiyaya 1.5 milyard ABŞ dolları investisiya qoyub. İki dövlət arasında əmtəə dövriyyəsi 5 milyard ABŞ dollarına çatıb. Azərbaycanın xaricdən ixrac etdiyi ərzaq məhsullarının təxminən üçdə biri Rusiyanın payına düşür…
Görünən odur ki, Azərbaycanla Rusiya arasında bağlanan sazişlər, ikitərəfli münasibətlər çərçivəsində gerçəkləşir. Yəni, “Azərbaycanın yenidən Kremlin təsiri altına düşməsi” barədə söylənənlərin heç bir əsası yoxdur. Rusiya ilə münasibətlər düzgün istiqamətdə, Azərbaycanın müstəqilliyinə əsla xətər gəlmədən inkişaf edir. Bu münasibətlərin davamlı olması çox vacibdir. Bir nüansa da diqqət etmək gərəkdir. Bəllidir ki, 2010-cu ilə qədər Azərbaycanın silah-sursat üçün üz tutduğu məkan Rusiya bazarı idi. 2010-cu ildən sonra Azərbaycan Rusiya ilə yanaşı Türkiyə, İsrail, Pakistan, Belarus və Qərbi Avropa cəbbəxanalarından da müasir standartlara cavab verən hərbi sursat və texnika almaqda davam edir. Buna görə Kremlin Azərbaycana qarşı irəli sürdüyü heç bir şərt, eyham, yaxud embarqo mövcud deyil. Azərbaycan müstəqil dövlət kimi kimsənin diqtəsi ilə deyil, yalnız özünün dövlət maraqlarına məqbul saydığı addımlar atmaqda davam edir.
Suverenliklə ilgili digər bir önəmli nüansa diqqət edin. Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlar başladıqdan sonra bəzi “siyasətşünaslar” Azərbaycanın Kremlin yanında dayanacağını vurğulayırdı. Ancaq belə olmadı. İki dövlət arasında müharibə başlayanda Azərbaycan Xarici işlər nazirliyi Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini bəyan etdi. Tərəflər arasında müharibə başladıqdan sonra Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım göndərdi və bu missiya bu gün də davam edir.
Prezident İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə prezident Volodimir Zelenskiyə ünvanladığı təbrikindəki bu cümlələr çox şeyi ifadə edir: “Azərbaycan və Ukrayna BMT Nizamnaməsinə, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Biz dost Ukrayna xalqına lazımi humanitar dəstəyi və yardımı göstərmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətində olduğumuzu bildiririk”.
İndi özünüz düşünün, müstəqil olmayan dövlətin başçısı Ukraynaya dəstək təbriki göndərə bilərdimi?
Azərbaycan kiçik dövlətdir. Kiçik dövlətlərə düşmən yox, dost qazanmaq gərəkdir. Azərbaycan Dövləti məhz bu yolla gedir. O, qonşusu oilan dünya nəhəngi Rusiya ilə ikitərəfli əlaqələrini yüksək səviyyədə yaratmağa nail olub.
Azərbaycan- Gürcüstan münasibətləri
Dövlət həmçinin bütün parametrlərə görə özündən çox kiçik olan qonşu Gürcüstanla da ikitərəfli mehriban münasibətlər yaradıb. İki ölkə arasında imzalanmış 123 sənəd bunun təsdiqidir. Və hər bir saziş münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. İlham Əliyev prezidentliyi dövründə Gürcüstana 11 dəfə səfər edib. Eyni zamanda Gürcüstanın dövlət rəhbərləri də dəfələrlə Azərbaycanda səfərdə olub. İqtisadi sahədə qənaətbəxş nəticələr var. Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, bu gün həm də mühüm strateji tərəfdaşdır. İki xalq əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb. Deyilənin isbatı heç bir vaxt gürcülərlə azərbaycanlılar arasında ciddi bir münaqişənin baş verməməsidir. Dostluq ənənələri bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu, həm də Gürcüstanda olan çox müsbət sərmayə iqliminin göstəricisidir. Azərbaycan Cənubi Qafqazda Gürcüstanın əsas strateji tərəfdaşıdır və gürcülər Azərbaycanla bütün sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlıdır.
Dövlətin yaxın qonşularımız olan Rusiya, İran və Gürcüstanla ikitərəfli əməkdaşlığı və yaxın gələcəkdə qonşu Ermənistanla yaranacaq iqtisadi-mədəni əlaqələr regionda sabitliyin bərqərar olması üçün vacibdir. Cənubi Qafqazda davamlı sabitliyin bərpası isə Azərbaycanın planladığı mühüm layihələrin gerçəkləşməsində əlahiddə rol oynaya bilər. İş elə gətirib ki, dünya çapında giqant layihələrin yolu Cənubi Qafqazda kəsişir. Bu bölgə dünyanın ən mühüm geosiyasi məkanlarından biridir. Və məhz buna görə də dünyanın supergüc dövlətləri bölgəni təsiri altına salmaq üçün səy göstərir. Diqqət edin, dünya əhalisinin aşağı-yuxarı üçdə birinin cəmləşdiyi Çin və Hindistan, yeraltı-yerüstü təbii sərvətləri ilə dünyanın diqqətini cəlb edən Orta Asiya dövlətləri üçün Qərbə ən optimal çıxış Cənubi Qafqaz hesab olunur. Təbii ki, Cənubi Qafqazdan ən çox yararlanmaq istəyində olan ABŞ və müttəfiqləridir. Mövcud durum elədir ki, onların “xeyir-duasını” almayan hər hansı bir layihənin reallaşması böyük maneələrlə üzləşir. Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışması onun bölgədəki gücünü xeyli azaldıb. Hətta, Suriyada belə Dəməşqlə bağlanan ikitərəfli müqaviləyə rəğmən Krem Bəşər Əsəd rejimini qoruya bilmədi. Vaşinqton D. Tramp hakimiyyətə yenidən gəldikdən sonra ABŞ-ın “dünyanın təkbaşına jandarması” olduğunu isbatlamaq üçün qollarını çırmayıb artıq. ABŞ Çinin başını Tayvanla qatmaqla bölgədə hegomonluğu tam olaraq ələ keçirməyi planlayır. Vaşinqtonun əsas məqsədi Cənubi Qafqaza nəzarəti ələ keçirməklə Rusiyanı dalana sıxışdırmaq və Çinin Avropaya çıxışını əngəlləməkdir. Həm, Azərbaycan, həm də, Gürcüstan ABŞ-ın bu niyyətindən xəbərdardır. Bu iki dövlət milli maraqlara önə çəkdikləri üçün imperialist güclərin təzyiqinə məruz qalır. Belə bir durumda suveren dövlət olaraq Azərbaycanın və Gürcüstanın daha sıx əməkdaşlıq etməsinə ehtiyacı var və onlar bunu edirlər də. Gürcüstanla sıx əməkdaşlıq bu dövlətin ərazisində yaşayan yüzminlərlə soydaşımız üçün xüsusi əhəmiyyətə malikdir. Doğrudur, 90-cı illərin əvvəllərində Gürcüstana Z. Qamsaxurdiya prezidentlik edən zaman gürcü millətçiləri azərbaycanlı əhaliyə qarşı aqressiv davranış nümayiş etdirdi. Lakin Bakıda H. Əliyev və Tiblisdə E. Şevardnadze hakimiyyətə gəldikdən sonra soydaşlarımıza yönəlik basqılara son qoyuldu.
HAŞİYƏ- Gürcüstanın 3 milyon 700 mindən bir az çox əhalisi var.
Gürcüstan Respublikası ərazisində yaşayan türkəsilli etnik azərbaycanlılar əsasən Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi və Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV–XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik Azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür...
2014-ci ildə keçirilmiş əhalinin siyahıyaalmasının nəticələrinə görə görə Gürcüstanda 233 min yaxın azərbaycanlı yaşayır. Ötən əsrin 70-ci illəri ilə müqayisədə soydaşlarımızın sayında azalma tendensiyası müşahidə olunmaqdadır ki, bunun da bir neçə səbəbi vardır. İlk səbəb kimi ötən əsrin 90-cı illərində gürcü millətçilərinin azərbaycanlılara yönəlik bir sıra münaqişə törətmək cəhdləri sayıla biər. Ermənilər qədər olmasa da, gürcülərin də bəzi kəsimində özlərini çox “böyükgörmə xəstəliyi” var. Bu xəstəliyin daha çox dövlət qulluöunda çalışan kəsim arasında rast gəlməsi təəssüf doğurur. Gürcülərin patoloji yekəxanalığı soydaşlarımıza münasibətdə özünü daha qabarıq göstərir. Gürcüstana səfər edənlər yəqin ki, müşahidə edib gürcü polislərinin, gömrük əməkdaşlarının Azərbaycan vətəndaşlarına qarşı kobud rəftarını. Qazımıza rəğmən qışda üşümürlər, ərazilərindən keçən neft-qaz kəmərlərimiz sayəsində xəzinələrinə yüzmilyonlar daxil olur, ancaq bizimlə sayğılı davranmırlar. Təbii ki, Gürcüstan dövlət olaraq bu sağyğısızlığı rəsmi Bakıya qarşı sərgiləməyə cürət edə bilməz. Azərbaycan vətəndaşlarına qarşı onların anormal davranışları “qədirbilməz” toplum olduqlarına bir işarədir. Tarixə qeyd düşsün deyə yazıram bunu, sayı ermənilərdən bir qədər artıq olan və əhalinin demoqrafik göstəricilərinə rəğmən ölümün doğumu üstələdiyi, başqa sözlə “qısırlaşma” mərhələsinə daxil olmuş Gürcüstanın arxasında əgər ABŞ və ya Qərbin supergüclərindən biri dayansaydı, gürcü millətçiləri Azərbaycan torpaqlarına Ermənistandakı daşnak təfəkkürlülərdən daha çox göz dikərdi. Necə deyərlər, Allah dağına baxıb qar verib.
Z. Qamsaxurdiyanın zamanında at oynadan gürcü millətçilərinin təhrikləri sayəsində soydaşlarımızın bir qismi dədə-baba yurdunu tərk edərək Azərbaycana köçdü. Doğrudur, Heydər Əliyev və Eduard Şevardnedze məhəlli qarşıdurmaların total xarakter almasının qarşısını ala bildi, ancaq köç davam etdi. Və nəticə Gürcüstandakı soydaşlarımıəzın sayı təxminə 100 minə qədər azaldı.
Bu gün Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlar və şəhərlər bunlardır: Marneuli (Sarvan), Bolnisi (Bolus),Qardabani (Qarayazı),Dmanisi (Başkeçid),Salka (Barmaqsız),Tetritskaro (Ağbulaq), Saqareco (Qaraçöp), Kaspi (Xəzəryurdu), Kareli (Qara El), Telavi (Telav), Qori (Səfiabad), Laqodexi (Qaval), Siqnaxi (Sığnaq), Xaşuri (Bəytaxtı), Tbilisi (Tiflis), Rustavi (Bostandərə), Kutaisi, Batumi.
Diqqət edirsinizmi, Kutaisi və Batumi xaric soydaşlarımızın yaşadığı bütün məkanların adları dəyişdirilib. Eynən ermənilər kimi onlar da türk toponimlərini tarixdən silmək xəttini tutub. Ötən əsrin doxsanıncı illərində gürcü millətçiləri qısa zaman kəsimində azərbaycanlıların yaşadıqları kəndlərin, rayonların və şəhərlərin adlarını gürcüləşdirdi. Digər tərəfdən Azərbaycanın doxsanıncı illərdəki ağır durumu Dövlətin proseslərə müdaxiləsinə imkan vermədi. Bu addəyişmə siyasətinin gerçəkləşməsində Gürcüstanda yaşayan soydaşlarımızın da günahı çoxdur. Onlar arasında olan birlik yetərli olmadığı üçün etiraz səsləri eşidilməz oldu. Çünki Gürcüstan dövlətinin yuxarı mərtəbələrində işləyən Azərbaycanlıların sayı çox az idi. Gürcüstan parlamentində təmsil olunanlar arasında tək-tük azərbaycanlıya rast gəlmək olurdu. Gürcüstanın dövlət strukturlarında, parlamentdə, bələdiyyələrdə və digər qurumlarda orada yaşayan azərbaycanlı əhalinin sayına adekvat miqdarda kadrlarla təmsil olunmanmanın iki ciddi səbəbindən biri gürcü elitasının başında hakim olan millətçilik idisə, digər səbəb soydaşlarımızın yaşadıqları dövlətin dilinə olan biganəliyi idi. Etiraf etmək lazımdır, Gürcüstanda yaşayan qardaşlarımızın böyük bir kəsimi gürcü dilini mükəmməl bilmədikləri üçün çox ciddi problemlər yaşayır. Onlar Gürcüstanın ən böyük etnik çoxluğu kimi müəyyən məsələlərdə söz sahibi ola bilmir. Əgər dil problemi yaşanmasaydı, Gürcüstan dövləti soydaşlarımızın düçar olduqları çətinliklərə etinasız yanaşa bilmizdi. Məhz gürcü dilini bilmədikləri üçün bu gün belə Gürcüstanda doğulub-boya başa çatmış gənclərimiz Azərbaycana axın edir.
Bu gün Gürcüstanda 250 minə qədər azərbaycanlı yaşayır. 250 min əhali təxminən 50 min ailə anlamına dəng gəlir. Bu rəqəmlərə məntiq prizmasından yanaşsaq, Gürcüstanın universitetlərinə hər il minlərlə azərbaycanlı tələbə qəbul olunmalıydı. Ancaq Gürcüstan Dövlət Statistika komitəsinin açıqlamalarında universitetdə təhsil alan bütün azərbaycanlı tələbələrin sayının 1000-i keçmədiyi göstərilir və tələbə sayının hər il azaldığı vurğulanır. Dünyanın hansı dövləti olursa-olsun, orada yaşayan vətəndaş dövlət dilini mükəmməl öyrənməyə borcludur. Dövlətin dilini bilmədən onun qurumlarında necə çalışmaq olar? Dil öyrənməmənin nəticəsidir ki, Gürcüstan vətəndaşı olan azərbaycanlı gənclərin, xüsusən qadınların böyük bir qismi ticarətlə məşğul olur, ya da, yardımçı işlər görürlər.
Gürcüstanlı azərbaycanlılar arasında Azərbaycanın böyük simaları olub. Böyük dövlət adamları Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Pepinov və Nəriman Nərimanov, yazıçı Abdulla Şaiq, müğənni Rəşid Behbudov, aktyor Möhsün Sənani, akademik Kamal Talıbzadə və daha yüzlərlə tanınmış adamlar Gürcüstanda dünyaya gəlib. Təəssüf doğuran hal odur ki, bu gün Gürcüstanın Elmlər Akademiyasında, yaradcı qurumlarında eynən dövlət qurumlarında olduğu kimi təmsil olunan soydaşlarımızı barmaqla saymaq olur. Soydaşlarımızın Gürcü dilinə olan anormal münasibəti aradan qaldırmaq üçün Azərbaycan hökumətinin fəaliyyəti əsla qənaətbəxş hesab oluna bilməz. Aşağıdakı rəqəmlər bunu sübut edir:
Gürcüstandakı azərbaycanlıların təhsil aldığı milli məktəblərin və həmin məktəblərdə çalışan müəllimlərin statistikası belədir:
Milli məktəblər
• 1989-cu ildə — 183 məktəb.
• 1999-cu ildə — 167 məktəb.
• 2009-cu ildə — 124 məktəb.
• 2014-cü ildə — 117 məktəb.
• 2018-ci ildə — 80 məktəb.
• 2024-cü ildə ----- 116 məktəb
Milli məktəblərdə çalışan müəllimlər
• 1989-cu ildə — 6922 nəfər.
• 1999-cu ildə — 4481 nəfər.
• 2009-cu ildə — 3777 nəfər.
• 2018-ci ildə — 3628 nəfər.
• 2024-cü ildə --- 3350 nəfər
2024-cü ilin göstəricisinə əsasən milli məktəblərdə çalışan müəllimlərin 80 %-i təqaüdçüdür. Ona görə də bu məktəblərdə ciddi şəkildə kadr çatışmazlığı mövcuddur.
Təhsil nazirliyi üçün Gürcüstanda fəaliyyət göstərən bu məktəblərin maddi-texniki bazasını gücləndirmək, orta məktəb şagirdlərini dərsliklərlə təmin etmək elə bir çətin məsələ deyil. Gürcüstandakı soydaşlarımıza yaşadıqları torpaqların müvəqqəti yaşayış məkanı deyil, o torpaqların əbədi sakinləri olduğu aşılanmalıdır. Bu gün azərbaycanlıların Gürcüstanda kompakt şəkildə yaşadıqları məkanda daha da möhkəmlənməsi yaxın gələcəkdə böyük əhəmiyyət kəsb edəcək. Birləmiş Millətlər Təşkilatının Cənubi Qafqaz ölkələrinin demoqrafik gələcəyinə dair hesabatında yazılanları diqqətlə oxuyub, təhlil edib nəticə çıxarmaq lazımdır. Hesabatda deyilir ki:
-Gürcüstan əhalisinin hazırda sayı 3,8 milyon nəfər olduğu halda, 2050-ci ildə 3,2 milyon olacağı proqnozlaşdırır;
-Ermənistan əhalisinin sayı 2,8 milyon nəfər təşkil edir, 2050-ci ildə 2,3 milyon nəfərə düşəcək;
-Azərbaycan əhalisinin sayında isə müsbət artım qeydə alınacaq. Hazırda Azərbaycan əhalisi 10,2 milyon nəfərdir. Yəni Cənubi Qafqaz da hər 5 nəfərdən 3 nəfəri azərbaycanlılardır. Yəni Cənubi Qafqaz əhalisinin 61 faizini azərbaycanlılar təşkil edir. BMT-nin hesabatına görə 2050-ci ildə Azərbaycan əhalisi 11 milyondan artıq olacaq. 2050-ci ildə Cənubi Qafqaz ölkələrinin ümumi əhalisinin hər 3 nəfərindən 2 nəfəri azərbaycanlılar olacaq. Başqa sözlə, Azərbaycanlılar Cənubi Qafqazda birmənalı əhali dominantlığına malik olacaq.
Bunun nə demək olduğunu əminəm ki, Azərbaycanın əlaqədər dövlət qurumları saf-çürük edir. Odur ki, Azərbaycan hökuməti Gürcüstanda yaşayan soydaşlarımızın, xüsusilə gənclərimizin doğma yurd-yuvalarını tərk etməmək üçün gələcəyə hesablanmış addımlar atmalıdır. Və atılacaq ilk addım Gürcüstandakı milli məktəblərimizə yönəlik olmalıdır. O fikirdəyəm ki, Azərbaycan Dövləti də bu problemə əl qoymalıdır. Ötən əsrdə Ermənistanda buraxılan səhvlərin Gürcüstanda təkrar olunmaması üçün bu olduqca vacibdir. Kəsəsi, Dövlət Gürcüstandakı soydaşlarımızın doğma-yurd yuvasını tərk etməməsi üçün hərəkətə keçməlidir.
Yeri gəlmişkən, dil problemi Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində də yaşanır. Ancaq Gürcüstandan fərqli olaraq Dərbənddə yaşayan soydaşlarımızın yaşadıqları ölkənin dövlət dilini öyrənmək problemi yoxdur. Problem onların Azərbaycan türkcəsində qüsurlu danışmasıdır. Acınacaqlı duruma diqqət edin, Gürcüstandakı soydaşlarımız dövlətin rəsmi dilini öyrənməkdə çətinlik çəksə də, ana dilində qüsursuz danışır. Dərbənddəki qardaş-bacılarımız isə ərazisində yaşadığı dövlətin dilində mükəmməl danışır, ancaq ana dilində danışmaqda zorluq çəkir. Gedin Dərbəndə və o şəhərdə yaşayan azərbaycanlılarla söhbət edin. Əmin olun, danışdıqlarını anlamaqda çətinlik çəkəcəksiniz. Səbəbi yalnız orta məktəblərdə Azərbaycan dilinin aşağı səviyyəli tədrisində axtarmaq lazımdır. Dağıstanda 120 mindən çox soydaşımız yaşayır. Onların da ana dilini yadırğamasına Azərbaycan Dövləti biganə qalmamalıdır...
Bu gün iki muxtar qurumu ( Acariya və Cənubi Osetiya) Rusiya tərəfindən ələ keçirilmiş Gürcüstanın ayaqda qalmasında qardaş Türkiyə və Azərbaycanla olan iqtisadi əlaqələr fövqəladə rol oynayır. İki qardaş dövlətin arasında yerləşən Gürcüstanın Türkiyə və Azərbaycanın “ətəyindən ikiəlli tutmaqdan” başqa çarəsi yoxdur. Rusiya ilə düşmənçilik Gürcüstanın iqtisadi tənəzzülü və torpaqlarının itirilməsi ilə sonuclandı. “Demokratiyanın valideynəri” ABŞ və müttəfiqləri bir vaxtlar birmənalı olaraq Tiblisin arxasında dayanırdı. Dönəmin prezidenti Oğul Corc Buş Gürcüstana səfərə gəldi, hətta gürcülərin qarşısında rəqs də etdi. Onların gürcülərə vəd etdikləri demokratiyanın sonu o oldu ki, Gürcüstan yenidən Rusiyanın təsiri altına düşdü və “demokratiya fədaisi” saydıqları M. Saakaşvili Tiblis həbsxanasında ölkəsinə gətirdiyi “demokratik xoşbəxtliyin” səfasını çəkir. Üstəgəl Gürcüstanın iki muxtar vilayəti isə, ümumiyyətlə, ABŞ və müttəfiqlərinin yadına düşmür. Bu gün “topal ördək” durumuna düşmüş Gürcüstan Bakı və Ankara ilə dost olmaq zorundadır. Onun alternativ yolu yoxdur!