Yuri Qusev: "Kiyev və Bakı qaz təchizatı üzrə uzunmüddətli müqaviləni müzakirə edirlər"

Ukrayna Azərbaycanla qaz təchizatı üzrə uzunmüddətli müqavilənin bağlanmasına dair danışıqlar aparır.

Lim10.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.

"Biz bu məsələ ilə bağlı danışıqlar aparırıq və ölkələrimiz arasında enerji sektorunda daha sıx əməkdaşlığa can atırıq", - o qeyd edib.

Y.Qusev iki ölkə arasında Transbalkan dəhlizi vasitəsilə Azərbaycan qazının tədarükü üzrə ilk müqavilənin imzalandığını xatırladıb.

"Biz enerji, humanitar sahə, ikitərəfli ticarət, təhsil sahələrində əməkdaşlığın inkişafında növbəti addımların atılacağına ümid edirik. Mərkəzi və Şərqi Avropa regionunda enerji müstəqilliyi və enerji səmərəliliyi sahəsində ortaq maraqlarımız olduğunu başa düşürük. Bu da Azərbaycan üçün çox maraqlı olacaq", - diplomat vurğulayıb.

Y.Qusev həmçinin Azərbaycana Ukraynaya humanitar yardım göstərdiyinə görə təşəkkür edib: "Azərbaycanın bizə ehtiyacımız olan humanitar yardım və elektrik avadanlığı təchizatı şəklində dəstəyini çox yüksək qiymətləndiririk və bu əməkdaşlığın davam edəcəyinə ümid edirik".

Məlumat verildiyi kimi, Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu 2025-ci il iyulun 28-də SOCAR qrupuna daxil olan "SOCAR Energy Ukraine" şirkəti ilə Azərbaycan təbii qazının alınması üzrə ilk sazişi imzalayıb.