Bu da 26-cı hissə. DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA

Səxavət Əlisoy 

Kitabdan hissələr- 26

DÖVLƏTİN İRAN və PAKİSTAN SİYASƏTİ

Yaxındakı uzaq və Uzaqdakı yaxın

İRAN.

Azərbaycanda siyasətlə məşğul olanlar da, olmayanlar da İranın bizə olan münasibətini çox yaxşı bilir. Ağlı başında olan sıradan bir azərbaycanlını İranla ilgili sorğu-sual edin. Alacağınız cavablardan o qənaətə gələcəksiniz ki, xalq dili ilə desək, İranın gözü Azərbaycanın müstəqil dövlət olmasını götürmür. Nədəni də hər kəsə bəllidir. İranın molla rejiminin gözündə Azərbaycan onun bir əyalətidir. İran üçün Azərbaycan o vaxt yaxın və doğma ola bilərdi ki, Bakı Tehranın çaldığı hava ilə oynasın. Tehran sözdə Azərbaycanın suverenliyini tanıdığını bəyan edə bilər, ancaq onun Azərbaycana “yuxarıdan-aşağı baxışını” gizlətməsi mümkün deyil. İranda farslar etiraf etmək lazımdır, Azərbaycan türklərinə “ikinci sort millət” kimi baxır. O ölkəyə sadəcə, bir dəfə yolu düşən və farslarla dialoqu olan hər bir kəs bunu təsdiq edər. Ancaq o farsların həzm etmədikləri bir nəsnə də var və bu da ondan ibarətdir ki, 1925-ci ilə qədər-Pəhləvilər hakimiyyətə gələnə qədər İran Azərbaycan xanədanlarının idarəsində olub.
Azərbaycanın düşünmək qabiliyyətinə malik olan kəsimi 44 günlük Vətən müharibəsində İranın əsl simasını gördü. Dövlət ədəb-ərkanına rəva bilməz həqiqəti açıq şəkildə ifadə etməyi. Ancaq xalqımızın Dövlət və Vətənsevər insanları İranın 30 il torpaqlarımızı işğalda saxlamış düşmənlə qardaşlığı ilə barışa bilmir. Və barışması mümkün də deyil...
Azərbaycanın İranla münasibətləri Ə. Elçibəy dönəmində çox soyuq idi. H. Əliyev bu soyuqluğu aradan qaldırmaq üçün gərəkən addımlar atdı. İranla müxtəlif bağlantılar qurmağa nail oldu. İ. Əliyev İranla münasibətləri daha da inkişaf etdirdi. İndiyə qədər 100-dən artıq ikitərəfli müqavilələr imzalandı. Azərbaycan İranın düçar olduğu bəzi problemldə dövlət olaraq ona dəstəyini əsirgəmədi. Bir nümunə göstərmək yerinə düşər. Prezident İlham Əliyev 2005-ci ilin sonu və 2006-cı il ərzində beynəlxalq miqyasda kəskinləşən nüvə enerjisi məsələsi ilə bağlı müsahibələrində İrana qarşı sanksiya tətbiq edilməsinin əleyhinə çıxdığını bildirdi. O, Azərbaycan ərazisindən heç bir dövlətə qarşı istifadəyə yol verilməyəcəyini dilə gətirdi.
Azərbaycan Dövlət olaraq İranla münasibətlərin pozitiv istiqamətdə inkişafı üçün hər zaman gərəkli addımlar atır. İran isə zaman-zaman Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir. Azərbaycanın ABŞ və Qərblə, ələxsüs İsraillə əməkdaşlığı İranın molla rejimini çox qıcıqlandırır. Tehranın istədiyi odur ki, onun düşmən saydıqlarını Azərbaycan da düşmən saymalıdır. Bu, mümkündürmü? Suveren dövlət olaraq Azərbaycanın xarici siyasət maşını İranın cızdığı marşrutla hərəkət etmir və bu, gələcəkdə də belə davam edəcək. Dövlətin yürütdüyü müstəqil siyasətdən naxoş olan İran mollaları 44 günlük müharibədən sonra Azərbaycanın Böyük Zəfərini həzm edə bilmir. Məhz Zəfərdən sonra molla rejimi Azərbaycana yönəlik hədə-qorxu içərikli açıqlamalara start verdi.
İran mediasında Azərbaycan əleyhinə təbliğat son illər daha da kəskinləşib. İkinci Dağlıq Qarabağ müharibəsindən sonra İran mediasında Azərbaycan əleyhinə saysız-hesabsız məqalə dərc olunub. Maraqlı odur ki, son 4-5 il ərzində İran mediasında anti-Azərbaycan məzmunlu yazıların sayı “əbədi düşmən” saydıqları İsrailin əleyhinə olan məqalələrdən dəfələrlə çox olub. Sosial şəbəkələrdə, İranlı (fars) istifadəçilərin paylaşımlarının böyük bir qismi Azərbaycan dövlətinin əleyhinə yönəlib. Farsdilli sosial şəbəkələrdə antiazərbaycan məzmunlu siyasi paylaşımlar birinci yerdə qərarlaşıb. İran mediası və sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikasını aşağılamaq üçün “Bakı Respublikası” və “Saxta Bakı Respublikası” ifadələrindən geniş istifadə edir.
İranın molla rejimi isə öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri Böyük Zəfərdən sonra Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl açıqlamalar verir, Azərbaycana qarşı hədələr səsləndirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiəsinə qalxırlar.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2022-ci ildə Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə start verdi. Təlimlərdə iki dövlət arasında sərhədin böyük bir hissəsini müəyyən edən Araz çayını keçmək üçün məşqlər keçirildi. “Qüdrətli İran” adlanan təlimlər İranın Ərdəbil əyaləti ilə Şərqi Azərbaycan əyalətləri arasında və Azərbaycanın Füzuli rayonu və Naxçıvan Muxtar Respublikası ilə sərhədində gerçəkləşdirildi.
Bundan əvvəl də İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmişdi. 2021-ci ilin sentyabr ayında İran İslam Respublikası Silahlı Qüvvələri bölmələrinin və hərbi texnikasının bir hissəsini şimal-qərb sərhədlərinə dislokasiya etdi. Oktyabrın 1-də rəsmən başlanmış “Xeybər fatehləri” hərbi təlimləri Azərbaycanın, eləcə də dünya miqyasında bir çox dövlətin narahatlığına səbəb oldu.
Azərbaycan, Türkiyə və Pakistanın Bakıda birgə hərbi təlimlər keçirməsindən bir neçə həftə sonra Tehrannın da təlimlərə başlamasında əsas məqsəd Bakını susdurmaq idi.
Rəsmi Bakının İranın heç bir vaxt təsiri altına düşməyəcəyini anlayan molla rejimi hədə-qorxunun “qazını bir az da artırdı.” Bu dəfə dövriyyəyə generallar buraxıldı. İran Silahlı Qüvvələrinin iki önəmli məqam sahibinin Azərbaycan yönəlik açıqlamalarına nəzər yetirməklə onların “hansı yuvanın quşu olduğunu” asanlıqla müəyyən etmək olur. Diqqətlə oxuyun:
-İran Silahlı Qüvvələrinin baş qərargah rəisi 2022-ci ildə müqəddəs müdafiə həftəsinə həsr olunmuş hərbi paradda çıxışı zamanı bəyan etdi ki, İran sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcək. Fars körfəzi ölkələrindən sionist rejimin fitnə-fəsadlarına qarşı diqqətli olmasını gözləyirik. Özümüzə qarşı təhlükə hiss etsək, sionist rejimin ünsürlərini və onların havadarlarını cəzalandıracağıq...
-2023-cü ildə İranın quru qoşunlarının komandanı isə mətbuata bunları dedi: "Hazırda bəzi ölkələrin sərhədləri daxilində sionist rejiminin ünsürləri var. İran bu ünsürlərin regionda olmasına dözmür və buna qarşıdır. Regionda dövlət sərhədlərinin dəyişdirilməsi isə qanunsuzdur. İran qonşu dövlətlərin sərhədlərinə hörmətlə yanaşır və hər hansı dəyişikliyə imkan verməyəcək”.
Bu açıqlamalar Azərbaycan dövlətinə qarşı qçıq-aşkar təhdiddir. İlginc olan odur ki, İran təhdidə əl atdıqda yalnız generallarını irəli verir. Demək istəyirlər ki, lazım gələrsə, sizə qarşı müharibə də edə bilərik.
Təbii ki, İranın təhdidlərini Azərbaycanın sükutla qarşılaması mükün deyildi. Məhz qırmızı xətti keçən bu təhdidlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev İrana yönəlik çox sərt ifadələr işlətmək məcburiyyətində qaldı.
İlham Əliyev Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşündə İranda yaşayan soydaşlarımıza ilgili bu cümlələri ifadə etdi: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayan azərbaycanlılardan bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək, onların inkişafı, Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
Daha sonra İlham Əliyev Bakıda ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında İranın hərəkətlərinə münasibət bildirərək bunları dedi. "Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi. “Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.
Prezident İlham Əliyevin bu çıxışı nəiki Azərbaycan ictimaiyyətində, İranda da böyük əks-səda doğurdu. Hətta, müxalif düşərgənin qərəzsiz üzvləri, xüsusilə türkçülük ideyasının daşıyıcıları prezidentin bu sözlərini dəstəklədi. Məhz İlham Əliyevin səsləndirdiyi bu sözlərdən sonra Şimali Azərbaycanın demək olar ki, hər bir yaşayış məntəqəsində Azərbaycanın lehinə şüarlar səsləndirildi, şəxsi avtomobillərə üçrəngli bayrağımız qoyuldu. Təbrizin “Traktor” futbol komandasının oyunlarına yüzlərlə Azərbaycan bayrağı gətirildi, onminlərlə Təbrizli gənc “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun” şüarını hayqırdı.
İranın Azərbaycan sərhədində keçirdiyi təlimlərdən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərinin keçirilməsi isə İlham Əliyevin molla rejiminə yönəlik dediyi sözlərin təsirini yüzqat artırdı. Bu təlimlər İranın təhdidlərinə qarşı verilmiş ən sərt cavab oldu. Bu gün Azərbaycanda uşaqdan-böyüyə hər kəs bilir ki, Türkiyə bizim yanımızda dayanmasaydı, İran mollaları daha da azğınlaşacaqdı. Mollalar da öz növbəsində Türkiyənin hansı hərbi gücə sahib olduğunu yaxşı bilir. Mollalar eyni zamanda Azərbaycana qarşı güc tətbiq etmək istədikləri an qarşılarında türk ordusunun dayanacağını da anlayırlar. İran Türkiyə Silahlı Qüvvələrinin ən müasir silahlara sahib olduğundan, qəhrəman türk Mehmetciyinin döyüş ruhundan xəbərdardır. İran mollalarının Türkiyənin hərbi qüdrətinə görə İrandan qat-qat yuxarıda dayandığından da xəbəri var. Və mollalar Azərbaycan qarşı təcavüz etdiyi halda İranda yaşayan 30 milyon Azərbaycan türkünün Tehranın deyil, Bakının tərəfində olacağını da başa düşür. Odur ki, artıq dövlət səviyyəsində Azərbaycana yönəlik sərt ifadələr işlətmirlər. İki dövlət arasında gərginliyin azalmasında təbii ki, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın da rolu var.
HAŞİYƏ- Qeyd etdik ki, İran əsrlərlə Azərbaycan hökmdarları tərəfindən idarə olunub. Ta ki, 1925-ci ilə qədər. Pəhləvilər hakimiyyətdən getdikdən sonra da İranın başında dayananlar arasında da Azərbaycan türkləri var. İranın keçmiş prezidentləri Seyid İbrahim Rəisi, Seyid Məhəmməd Xatəmi Azərbaycan türkü idi. Hətta, İranın bu günkü Ali Dini Rəhbəri belə Azərbaycan türküdür. Ökkənin ilk islahatçı prezidenti Məsud Pezeşkian da Azərbaycan türküdür və o, ilk İran prezidentidir ki, türk olduğunu və bundan qürur duyduğunu izhar edib. M. Pezeşkianın sadəcə, türk olduğunu açıq-aşkar ifadə etməsi təqdirə layiqdir. Nədən ki, ona qədər İranda heç bir görəv sahibi “türk olduğunu, evdə uşaqları ilə türk dilində danışdığını və türk olmaqdan qürur duyduğunu” deməyə cəsarət etməyib.
M. Pezeşkianın cəsarətli olması nədən doğur? Təbii ki, türklüyündən. Onun “mən türkəm” deməsi İran kimi qapalı bir dövlətdə ana dilində danışmağa belə cəsarət etməyən milyonlarla Azərbaycan türkündə böyük ruh yüksəkliyi yaratdı. Sosial şəbəkədə İran əsilli vətəndaşların paylaşımları buna bariz nümunədir. Bakıda çalışan İran azərbaycanlılarının prezident Məsud Pezeşkiandan gözləntiləri çoxdur. İranın dövlət sistemi elədir ki, bu dövlətin başçısı ölkə prezidenti deyil, Ali Dini Rəhbərdir. Və ən ilginci odur ki, bu ölkənin ən güclü silahlı qolu sayılan SEPAH-İnqiliab Keşiklçiləri Korpusu prezidentin yox, Ali Dini Rəhbərin tabeçiliyindədir. Başqa sözlə, M. Pezeşkian sərbəst şəkildə təkbaşına İranın siyasətini yönləndirmək iqtidarında deyil. Onun həyata keçirmək istədiyi hər hansı bir qərar mütləq və mütləq Ali Dini Rəhbərin xeyir-duasından sonra reallaşa bilər. Baxın, prezident İlham Əliyev Azərbaycanın bütün dünyada yaşayan azərbaycanlıların dövləti olduğunu dilə gətirir və prezident olaraq dünyanın hər hansı məkanında yaşayan soydaşlarımızın taleyinə biganə qalmayacağını bəyan edir. İran prezidenti İlham Əliyevin söylədiklərini əsla təkrar etmək iqtidarında deyil. Təkrar etdiyi təqdirdə molla rejimi ilə arasında çox gərgin qarşıdurma yaranmış olar. Azərbaycana hökmdarlıq edənlərin uzaqgörən olmaması barədə dəfələrlə yazdım və bir daha yazıram. Hökmdarların buraxdığı xətaların bədəlini gələcək nəsillər ödəyir. Xanlıqlar, padşahlıqlar dönəmində “millət” məfhumu yox idi, Sovetlər dövründə hamımız sovet vətəndaşı idik. Yalnız 1918-ci ildə doğulan dövlətimizdə milli kimliyimiz ortaya çıxıd. Milli kimliyə sahib olmaq hər topluma qismət olmur. Bu məfhum sadəcə, iki kəlməlik söz birləşməsi deyil, özündə bir millətin varlığını, o millətin MƏNini, dünənini, bu gününü, gələcəyini, istikbalını ehtiva edir. Məhz buna görə də milli kimliyi olmayan hökmdarlarımız MİLLƏT yarada bilmədi. İngilis. fransız, alman... millət kimi mövcud olduğu halda biz ümmət idik və məhz millət yox, ümmət olduğumuzdan qurduğumuz dövlətlər gələcək nəsillərə yalnız problemlər niras qoydu. Düşünün bunu, böyük bir imperiyaya çevrilmiş Səfəvilər dövründə milli kimliyimiz formalaşsaydı, bu gün şübhəsiz ki, dünyanı idarə edən millətlər sırasında olardıq...
Tarix Azərbaycan türkü üçün yeni bir şans verib. Azərbaycanda “Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Dünyada yaşayan bütün azərbaycanlılar bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər” deyən İlham Əliyev, İranda “mən türkəm və türklüyümlə fəxr edirəm” deyən M. Pezeşkian dövlət başçısıdır. Onlar birlikdə gələcək nəsillər üçün fövqəladə əhəmiyyət kəsb edəcək bir iş görə bilər. Söhbət 50 milyonluq Azərbaycan Dövlətinin bünövrəsinin qoyulmasından gedir. Bu bünövrənin ilk kərpici İranda yaşayan 30 milyondan artıq Azərbaycan türkünün dil probleminin həlli üçün atılan addım sayıla bilər.
“Mən türkəm və türk olduğum üçün qürur duyuram” deyən İran Prezidenti Məsud Pezeşkian 30 milyon azərbaycanlının da eynən özü kimi qorxub-çəkinmədən “mən türkəm və türk olmaqdan qürur duyram” deyə bilməsi üçün “münbit şərait” yaratmalıdır. Yəni, ən böyük etnik qrup olaraq Azərbaycan türklərinin ana dilinə İran dövlətinin ikinci rəsmi dili statusu verilməsinə gündəmə çıxarmalıdır. Əgər Məsud Pezeşkian İranda yaşayan soydaşlarımızın ana dilində təhsil alması üçün milli məktəblərin açılmasına nail olsa və Azərbaycanla münasibətləri qardaşlıq səviyyəsinə gətirə bilsə, cümlə azərbaycanlıların qəlbində taxt quracaq.


Digər xalqlara milli mədəni haqların verilməsi İran Konstitusiyasında nəzərdə tutulub. Artıq İranda da milli şüur əvvəlki illərlə müqayisədə xeyli dəyişib və hakimiyyət gec-tez mədəni haqları vermək məcburiyyətində qalacaq. Məsud Pezeşkian uzun illər azərbaycanlılara qarşı həqarətlər edilməsinə etiraz edib, parlamentdəki çıxışlarında dəfələrlə vurğulayıb ki, türklüyü ilə qürur duyur, heç bir etnikdən aşağı deyil, heç bir etnik də ondan üstün deyil. Etnik kimliyini açıq-aşkar dilə gətirməkdən çəkinməyən İran prezidentinin çiynində bu gün çox ağır bir yük var. M. Pezeşkian bu gün 30 milyondan artıq qan qardaşımızın taleyini, gələcəyini dəyişə biləcək addımlar ata bilər. İslahatçı kimi ad çıxarmış M. Pezeşkianın 30 milyon Azərbaycan türkünü fars şovinizmindən xilas etməyə gücü çatcaqmı? Yaxın üç-dörd ildə bu suala cavab veriləcək. Onun iki yolu var. Birinci yol “Xilaskar” adını qazanmaq üçün cəsarət göstərməkdir. İkinci yol isə, “molla rejiminin sadiq xidmətçisi” titulunu almaq üçün xidmət etməkdir...

PAKİSTAN
Bu gün Pakistan dövləti Azərbaycanın ən etibarlı dostlarından biridir. 44 günlük İkinci Qarabağ Müharibəsi dövründə yadda qalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı üçüncü ölkənin də bayrağının qaldırılması idi. O bayraq Pakistanın idi. Əvvəlcə Azərbaycan və Pakistan münasibətlərinin yaranma tarixinə qısa bir nəzər yetirək. Tarixçilər iddia edir ki, Səfəvilər və Əfşarların hakimiyyəti dövründə Azərbaycanın bu regionla hərbi, siyasi-iqtisadi və mədəni əlaqələri mövcud olub. Səfəvi hökmdarı Şah I Təhmasibin (1524-1576) hakimiyyəti dövründə Böyük Moğol imperatoru Humuyun əldən verdiyi taxt-tacını geri qaytarmaq üçün Şah I Təmasibdən yardım göstərməsini xahiş etdi. Şah I Təhmasib 12 min nəfərdən ibarət ordunu onun sərəncamına göndərdi. Döyüşə göndərilən əsgərlərin böyük bir qismi sonradan orada qalaraq məskunlaşdı və yerli xalqlarla bərabər yaşamağa başladı. Bu gün Pakistanda istifadə edilən adlar və soyadlar ("Qızılbaş", "Təbrizli", "Şirvanlı", "Şirvani", "Naxçıvani", "Mirzə", "Xan", "Şah", "Bəyim") tarixən formalaşmış etnik qohumluqdan miras qalıb.
Azərbaycan-Pakistan əlaqələrinin möhkəmliyinin daha bir epizodu da Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adıyla bağlıdır. Bu böyük xeyirsevər şəxsiyyətin ölkəmizin hüdudlarından kənardakı insanlara verdiyi dəyər insanlıq adına ucaldılan növbəti abidə sayıla bilər. Vaxtilə Pakistan Böyük Britaniyanın müstəmləkəsi olanda, orada ən dəhşətli yoluxucu xəstəliklərdən biri olan taun yayılmışdı. İnsanlar kütləvi şəkildə həmin xəstəlikdən ölürdü. H.Z. Tağıyev bu məsələdən xəbərdar olan kimi öz şəxsi vəsaiti hesabına həmin xəstəliyə qarşı 300 min vaksin və digər dərman preparatlarını Pakistana göndərdi. Hacı Zeynalabdin Tağıyevin göndərdiyi vaksinlər onminlərlə pakistanlını ölümdən xilas etdi. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycanın xeyirhaq oğlunun etdikləri sayəsində bir xalq olaraq məhv olmaqdan xilas olduqları üçün orta məktəblərin tarix dərsliklərinə Hacı Zeynalabdin Tağıyevin barəsində materiallar salındı. Hacı Zeynalabdin Tağıyev sadəcə yardımla kifayətlənmir, eyni zamanda problemi dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu da öz növbəsində digər imkanlı, xeyirxah insanların və beynəlxalq təşkilatların problemlə ciddi məşğul olmalarına səbəb olub. Beləliklə də, Pakistan xalqı məhv olaraq yer üzündən silinmək təhlükəsini dəf etməyə müvəffəq oldu.
Bu gün Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin demək olar ki, hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Bir şərəfli Azərbaycan kişisinin düşmənə qarşı apardığımız haqq savaşında böyük bir xalqın arxamızda dayuanmasında, tək sözdə deyil, əməldə də dəstək olmasında oynadığı rolun fərqindəsinizmi?
Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradıldı. Bir ilginc faktı xatırlatmaq yerinə düşər. Kəlbəcərin işğalından sonra 1993-cü il aprelin 30-da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasınin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.
1995-ci ilin oktyabrında Pakistan Prezidenti Azərbaycana rəsmi səfərdə gəldi. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalandı. Eyni zamanda "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb. 9 aprel 1996-cı il tarixdə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər etdi. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalandı. Azərbaycan və Pakistan prezidentləri Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan etdi.
Səfərin yekunlarına dair düzənlənən birgə mətbuat konfransında Prezident Heydər Əliyev "Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik" deyərək, Azərbaycanın Pakistanı dəstəklədiyini bir daha bəyan etdi. Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Pakistan dostluğu 33 ildir yüksələn xəttlə inkişaf edir. Pakistanın bu illər ərzində dostluğa nə qədər sadiq qaldığını bu faktlar sübut edir:
1. Pakistan İslam Respublikası Dövlətin ağır durumda olduğu bir vaxtda - 1993-cü ilin əvvəlində Azərbaycana 1 milyon dollar həcmində təmənnasız yardım etdi
2. BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələrin qəbul olunmasında fəal rol oynadı.
3. Azərbaycana bütün beynəlxalq forumlarda, xüsusilə İslam Əməkdaşlıq Təşkilatında birməna dəstək verdi.
4. Pakistan Dağlıq Qarabağ münaqişəsi üzrə İslam Əməkdaşlıq Təşkilatı təmas qrupunun üzvü olaraq beynəlxalq arenada Azərbaycanın mövqeyinin dəstəklənməsi üçün səy göstərdi.
5. Pakistan Dağlıq Qarabağı və ətraf əraziləri işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayan yeganə ölkədir.
6. Pakistan Azərbaycanda müxtəlif mülki və hərbi sahələrdə peşəkar kurslar və təlimlər təşkil edir.
7. Pakistan Senatının Xarici İşlər Komitəsi 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanıdı.
8. Pakistan Azərbaycanın müxtəlif beynəlxalq təşkilat və insititularda namizədliyini dəstəkləyir.
9. Ən önəmlisi isə münaqişə dövründə Pakistan verdiyi bütün bəyanatlarda birmənalı olaraq Azərbaycanın yanında olduğunu dünyaya bildirdi...
Azərbaycan da öz növbəsində Pakistana yönəlik qardaşlıq münasibətini ən üst səviyyədə sərgiləməkdədir. Pakistanlı qardaşların ağrı-acısını dərindən hiss edən Azərbaycan 2005-ci il zəlzələsi zamanı 1,5 milyon dollar, 2010-cu il sel fəlakəti zamanı isə 2 milyon dollar yardım etməklə öz köməyini əsirgəmədi. 2005-ci il zəlzələsindən sonra, Kəşmirin Müzəffərabad şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rara qızlar məktəbi tikilib. Bu məktəb Heydər Əliyev Fondunun xaricdə tikdiyi ilk təhsil müəssisəsidir ki, Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq münasibətlərini simvolizə edir.
Aramızda olan məsəfayə rəğmən və digər subyektiv səbəblərdən Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsi hələ ki, arzulanan səviyyədə deyil.
Pakistan bu gün hər idxalata, xüsusi ilə neft və təbii qaza 37 milyard dollar xərcləyir. İrana nüvə proqramına görə tətbiq edilən sanksiyalar səbəbindən İran-Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəməri layihəsi reallaşmır. Karbohidrogen enerjisi ehtiyacını ödəmək üçün Pakistanın Azərbaycan kimi etibarlı tərəfkeşə ehtiyacı var. Azərbaycanın da Asiyanın uyğun bazarında Pakistan İslam Respublikası ilə əməkdaşlıq etməsi faydalı olar. Bununla ölkəmiz Pakistanın yerləşdiyi regiondakı bazarda mühüm rol əldə edə bilər. Nəzərə almaq lazımdır ki, perspektivdə Orta dəhlizdən bu məqsədlə qardaş Pakistan da xeyli xeyir götürər.
Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəa¬liyyət göstərir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət edib. Azərbaycan öz növbəsində Pakistan ilə iqtisa¬di-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliye¬vin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekab¬rın 31-dək 15 faizdən 0 faizə endirilib.
Bu gün Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. Sevindirici haldır ki, Pakistanın Azərbaycanla yanaşı Türkiyə ilə də qardaşlıq münasibəti mövcuddur. Azərbaycan, Türkiyə və Pakistanın bu gün iqtisadiyyat, ticarət və digər sahələrdə sıx əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında hərbi təlimlər keçirməsi və bu üç qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərinin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir.
Pakistanlılar Azərbaycanda, vətəndaşlarımız isə Pakistanda özlərini doğma yurd-yuvasındakı kimi hiss edir. Qardaşlığın ən bariz göstəricisi də məhz budur.
Pakistan da İran kimi İslam dövlətidir. Azərbaycandan 3 min kilometr auzaq məsafədə yerləşən Pakistan torpaqlarımızın işğal altında qaldığı 30 il müddətində də, 44 günlük İkinci Qarabağ müharibəsində də açıqladığı bəyanatlarında tam olaraq Azərbaycana dəstək verdi. Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla heç bir əlaqələr yaratmadı, ən mühümü isə Ermənistanı dövlət olaraq tanımaqdan belə imtina etdi. 700 kilometr sərhəddimizin olduğu, ərazisində 30 milyondan artıq qan qardaşımızın yaşadığı İran dövlətinin isə heç bir bəyanatında birmənalı şəkildə Azərbaycanın yanında dayandığını izhar etməyə cəsarəti çatmadı. Bu bir yana, Dövlətimizi parçalamağa, məhv etməyə qalxmış Ermənistanla qardaşlıq münasibəti quraraq iqtisadi-siyasi əlaqələrini genişləndirdi.
“Yaxındakı Uuzaq-Uzaqdakı Yaxın” başlığı yüzdəyüz İran İslam Respublikasına və Pakistan İslam Respublikasına xitabən yazıldı. Bu 30 ildə Azərbaycan xalqı kimin Yaxın, kimnsə Uzaq olduğunu ayırd edə bildi.
Bu gün Pakistan Azərbaycanın styrteji tərəfdaşıdır. Pakistan Azərbaycana qardaş olduğjunu sözdə də, əməldə də isbat etdi.
Xatırlayırsınızsa, 2016-cı ildə, ağır aprel döyüşləri zamanı mediada Pakistanın 100 minlik ordusunun döyüş vəziyyətinə gətirildiyi barədə məlumat da yayıldı. Həmin dövrdə Pakistan Müdafiə Nazirliyi Azərbaycan bayrağını rəsmi "Facebook" səhifəsinin profil şəkli etmişdi. İki ölkə arasındakı dost münasibətin daha bir simvolu da 2 markadan ibarət poçt blokunun dövriyyəyə buraxılmasıdır. 27 dekabr 2018-ci ildə tədavülə buraxılan poçt markalarının üzərində
Bakı şəhərindəki Heydər məscidi və Pakistanın Lahor şəhərində yerləşən Vəzir Xan məscidi təsvir edilib. Poçt blokunda, eyni zamanda, müvafiq olaraq Azərbaycanın və Pakistanın dövlət bayraqları əks olunub.
Ekspertlər İslam coğrafiyasında əhlisinin sayına görə (200 milyon) ikinci, nüvə silahının varlığına görə birinci dövlət olan Pakistanın yaxın perspektivdə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcəyini iddia edir. 10 milyonluq Azərbaycan üçün bu çox vacibdir. Qardaş qardaşın güclü olmağını istər...