Tariximizi dünyaya tanıdan alim

Müasir dövrdə, yüksək keyfiyyətləri, saf həyat idealı, şəxsiyyətinin bütövlüyü ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür. Belə nəcib insanların dərk edilmiş məsuliyyətə əsaslanan əməli fəaliyyəti həm də onların mənalı həyat yolunu, mövqeyini, ictimai statusunu müəyyənləşdirir.
Ziyalı adına layiq belə təmənnasız insanlar xalqımızın əsrlərin sınağından çıxmış mənəvi dəyərlərini, zəngin aləmini parlaq şəxsiyyətlərində təcəssüm etdirirlər.
Bakı Dövlət Unuversitetinin “Türk xalqları tarixi” kafedrasının professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov Azərbaycan ziyalısı adını şərəflə daşıyan elm xadimidir. O, ömrünün 75 ilini ləyaqətlə yaşamış, zəhmətkeş alim kimi elmin yüksək zirvələrini fəth etmişdir. Xalqımızın ayrı-ayrı parlaq səhifələrini gərgin zəhmət bahasına tədqiq etmək və gənc nəslə öyrətmək kimi gözəl bir missiyanı əzmlə daşıyan professor İsmayıl Məmmədov özündən sonra çoxlarının bəhrələnəcəyi zəngin elmi məktəb yaratmışdır.Yüksək daxili enerji ilə çalışmaqla məktəb müəllimliyindən elmlər doktoru pilləsinədək çətin yolu uğurla adlayan tanınmış alim ömrünün ən qaynar illərini xalqın gələcəyi olan gənc nəslin təlim-tərbiyyəsinə, tədrisinə həsr etmiş, fundamental əsərlər, proqram və dərsliklər yazmış, tarix elmi sahəsində uğurlu tədqiqatlara imza atmışd;r. Erkən yaşlardan qəlbində baş qaldıran pak və ülvi arzular, xoş xəyallar onu yüksək həyat eşqi ilə təhsilə, elmə ruhlandırmış, gələcək uğurlarına körpü salmışdır.
İsmayıl Məhəmməd oğlu Məmmədov 1950-ci il aprelin 25-də Zərdab rayonunun Qaravəlli kəndində (Azərbaycan toponimiyasında 17 oğuz etnonimi öz əksini tapmışdır. Bunlardan biri Qaraveli və ya Qaravəlli-Qara öylü), sadə, zəhmətkeş və imanlı bir ailədə anadan olmuşdur. Orta məktəb illərindən özünün yüksək istedadı, biliklərə yiyələnmək bacarığı, nizam-intizamı, məqsədinə doğru səylə irəliləmək əzmi ilə fərqlənmiş, dəfələrlə rayon və respublika olimpiadalarının iştirakçısı olmuşdur. Orta məktəbdə oxuyarkən tarixçi olub gələcək həyat yolunu pedaqoji fəaliyyətlə bağlamaq arzusunu özü üçün tam yəqin edən İsmayıl Məmmədov 1969-cu ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olmuşdur. Tələbəlik dövründə yüksək mədəniyyəti, isdedadı, biliklərə yiyələnmək həvəsi ilə müəllimlərinin böyük rəğbətini qazanmış, tələbə elmi şurasının üzvi seçilmiş, Moskva və Donetsk universitetlərində elmi konfranslarda respublikamızı layiqincə təmsil etmişdir.
1974-cü ildə ali təhsilini başa çatdıran İsmayıl Məmmədov təyinatla doğma kəndinə dönmüş, iki il Qaravəllidə tarix müəllimi işləmişdir. Elmi fəaliyyətə olan yüksək marağı onu rahat buraxmamışdır. Hətta rayonda ona yaxşı vəzifələr təklif olunmuşdur. Lakin elm sahəsinə üstünlük verərək aspiranturaya qəbul imtahanlarına hazırlaşmışdır. 1976-cı ildə Bakıya dönərək gələcək həyat yoluna qədəm qoymuşdur. O, ADU-nun tarix fakültəsinin əyani aspiranturasına daxil olmuş, 1979-cu ilədək elmi-tədqiqat işi üzərində çalışmışdır. Bu dövrdən başlayaraq onun həyat yolu həmişəlik olaraq universitetlə bağlanmış, 1980-ci ildən ADU-da pedaqoji fəaliyyətə başlamışdır. Universitetdə işlədiyi müddətdə üzərində gərgin səylə çalışdığı dissertasiya işini 1983-cü ildə müvəffəqiyyətlə müdafiə etmiş, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1984-cü ildən həmin fakültənin baş müəllimi, 1988-ci ildən isə dosent seçilmişdir.
Pedoqoji fəaliyyəti dövründə elmi tədqiqatların uğurla davam etdirib, 1992-ci ildə üzərində gecə-gündüz çalışdığı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir. 1994-cü ildə Bakı Dövlət Unuversitetinin Böyük Elmi Şurası xidmətlərini nəzərə alaraq onu professor elmi adına layiq görmüşdür. Elə həmin ildən Bakı Dövlət Unuversitetinin tarix fakültəsinin professoru kimi çalışmış, tələbə-gənclərin təlim-tədrisində cəmiyyət üçün layiqli, vətənpərvər və bilikli insan kimi yetişməsində öz xidmətlərini əsirgəməmişdir.
Professor Azərbaycanın qədimdən bu günədək keçdiyi şərəfli və çətin yolun ayrı-ayrı mərhələlərini böyük məsuliyyət hissi ilə araşdıran, bir çox qaranlıq səhifələrə elmi konteksdən işıq salan, maraqlı ümumiləşdirmələr apararaq son dərəcə əhəmiyyətli tədqiqatlara imza atan dəyərli alimlərdəndir. 10-dan çox elmi kitabın, 80-dən çox elmi-siyasi məqalənin, 100-dən çox qəzet məqaləsinin müəllifidir.
Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş görkəmli alim milli tariximizin nailiyyətlərini təbliğ etmişdir. Yaradıcılığı dövründə bir sıra monoqrafiyalar, dərs vəsaitləri və proqramlar yazaraq dərc etdirmişdir.
Türk xalqlarının qədim və orta əsrlər tarixini araşdıran professor qədim türk dövləti olan Böyük Hun imperiyası ilə bağlı qiymətli tədqiqatlar aparmışdır. Tədqiqatların 1995 və 1997-ci illərdə “Hunlar” adlanan iki kitabda toplayan alimin fikirləri tədqiqatçıların və oxucuların böyük marağına səbəb olmuşdur.
Professor İ.Məmmədov Azərbaycan tarixi elminin dünya miqyasında təbliğinə hər zaman taleyüklü məsələ kimi yanaşmış, alimlərimizin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq istiqamətində apardığı məkirli işlərə tutarlı cavab verməsini vacib saymış, bu işin fəal təşviqatçısı olmuşdur. O, türk xalqlarının tqrixini tədris etməsinə baxmayaraq, həm də Azərbaycan tarixinin mahir və istedadlı araşdırıcılarından biri kimi məhşurlaşmışdır.
İsmayıl Məmmədovun elmi tədqiqatlarının ən sanballı bəhrəsi olan “Azərbaycan tarixi” dərsliyinin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Uzun və gərgin araşdırmaların nəticəsi kimi xalqımızın şərəfli tarixini kifayət qədər yığcam, dürüst, aydın və obyektiv şəkildə qələmə almış, bir növ ensiklopedik səciyyə daşıyan qiymətli əsər yaratmış İsmayıl Məmmədov çətin bir işin öhdəsindən gəlmişdir.
2005-ci ildə işıq üzü görmüş “Azərbaycan tarixi” kitabının unikallığı və əhəmiyyəti onunla şərtlənir ki, burada milli dövlətçilik tariximizin heç bir mərhələsi diqqətdən kənarda qalmır, elmi ümumiləşdirmə yolu ilə oxucuların nəzərinə çatdırılır. Kitabı oxuyan hər hansı əcnəbi alim və tədqiqatçı da müxtəlif elmi mənbələrə müraciət etmədən, uzun-uzadı vaxt itirmədən Azərbaycan tarixi haqqında dolğun təssurata və yetərli bilgilərə malik olur. Kitabda tarixin bütün dövrləri Azərbaycan ərazisi, əhalisi, sosial tərkibi, inkişaf səviyyəsi dəqiq faktlar əsasında araşdırılmışdır. Bəzi tarixçilər müəyyən obyektiv və subyektiv səbəblərdən öz müasirlərinin, bütövlükdə, cəmiyyətin bilavasitə şahidi olduğu çağdaş tarixi prosesləri araşdırmağa və obyektiv şəkildə qələmə almağa heç də maraqlı görünmürlər. Bu istiqamətdə tədqiqatın dolğun və səhih ola bilməyəcəyi, cəmiyyətdə birmənalı qarşılanmayacağı ehtimalı və digər səbəblər bəzən tarixçi alimləri müəyyən çərçivəyə salır. Əsas odur ki, professor İsmayıl Məmmədov bu psixoloji baryeri cəsarətlə, qətiyyətlə aşaraq, bizim günlərdə yaşadığımız hadisələri belə, obyektiv şəkildə oxuculara çatdırır.
Müəllif “Azərbaycan tarixi” kitabında ibtidai icma quruluşundan bu günlərədək olan hadisələri qələmə almaqla mühüm bir vəzifəınin öhdəsindən uğurla gəlmişdir. Elə buna görə də professorun “Azərbaycan tarixi” kitabı qardaş Türkiyə alimləri tərəfindən obrazlı formada “Azərbaycanın tarix üzrə xarici pasportu” adlandırılmışdır.
Tanınmış alimin “Azərbaycan tarixi” Türk Qafqazında siyasi və etnik mənzərə” (qədimdən bu günə kimi) kitabı 2009-cu ildə İstanbulun “Ötugen” nəşriyyatında nəfis tərtibatla çapdan çıxması da Azərbaycan tarixi ilə bağlı həqiqətlərin Türkiyə və Dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. 853 səhifədən ibarət fundamental əsər İsmayıl müəllimin xaricdə nəşr olunan ilk əsəridir. Kitabın Anadolu türkcəsində çap olunması onun Azərbaycandan kənarda böyük oxucu auditoriyası qazanmasına geniş imkanlar açır, xarici ölkə mütəxəssislərinin diqqətini Azərbaycanın obyektiv tarixini öyrənməyə cəlb edir.
Beynəlxalq aləmdə hər bir alimin elmi tədqiqatlarının ictimai əhəmiyyəti və dəyəri ilk növbədə, onlara istinadlar əsasında müəyyənləşir. Seçilən əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan bir çox dünya ölkələrinin alimləri üçün maraqlı istinad mənbəyinə çevrilir. Professor İsmayıl Məmmədov ölkə hüdudlarını adlaya bilmiş alimlərdəndir. Onun tədqiqatları əcnəbi alimlər üçün maraqlı və zəngin mənbə rolunu oynayır. Alimin elmi əsərlərinə dünyanın müxtəlif ölkələrində dəfələrlə istinad edilməsu faktı deyilənləri təsdiqləyir. Qardaş Türkiyədə İstanbulda XV-XXI əsrlərdə Türkiyə-Azərbaycan əlaqələrinə aid böyük həcimli monoqrafiya buraxılıb. Bu maraqlı əsər yazılarkən professorun əsərlərinə 128 dəfə müraciət olunub.
2009-cu ildə rus dilində “Azərbaycan tarixi” («İstoriə Azerbaydjana») kitabı çapdan çıxmışdır. Bu kitab Sankt-Peterburqda “İmperator” kitabxanasının 200 illiyinə həsr edilmiş kitab sərgisində 100 kitabdan biri olmuşdur. Xarici ölkələrin universitetlərində bu kitabdan dərslik kimi istifadə olunur (Qazaxıstan, Özbəkistan və s. o, cümlədən Daşkənd Universitetində).
Professorun əsərləri Azərbaycanın xaricdəki diaspor təşkilatları tərəfindən də maraqla qarşılandığı üçün Bəzi avropa ölkələrində o, cümlədən İngiltərə, Norveç, Ukrayna, İsveçrə və s. ölkələrində geniş təbliğ olunur.
2014-cü il sentyabr ayında İsmayıl Məmmədovun “Azərbaycan tarixi”
(The history of Azerbaijan. London /2014) əsəri İngiltərənin paytaxtı Londonda ingilis dilində nəşr olundu. Bu kitab Londonda “Rosserndale Books (RB)” nəşriyyatı tərəfindən nəfis tərtibatla çapdan buraxıldı. Kitabı ingilis dilinə AMEA-nın əməkdaşı Fatma Fərəcova çevirib. Əsərin redaktoru isə ingilis Annemarie Mergeldir. Bu kitabın Londonda nəşr olunması özü bir tarixi hadisədir. Bu məsələ Azərbaycanda çox yaxşı qarşılandı. Azərtac, mətbuat və televiziya kanalları bir həftə bu məsələni şərh etdilər.
Beləliklə xaricdə ilk dəfə “Azərbaycan tarixi” adlı əsərləri professor İsmayıl Məmmədov nəşr etdirdi. Professor Azərbaycan tarixi elminin dünya miqyasında təbliğinə hər zaman taleyüklü məsələ kimi yanaşıb, alimlərimizin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq istiqamətində apardığı məkrli kompaniyaya tutarlı cavab verilməsini vacib bilib və bu işin fəallarından olub.
2015-ci ildə Milli Elmlər Akademiyasının yaranmasının 70 illiyi münasibətilə Prezident İ.H.Əliyev AMEA-da nitq söylədi. O, tarix elmi haqqında xüsusi danışdı və tarixçiləri tariximizi xaricdə təbliğ etməyə çağırdı. Prezidentin bu çağırışına qoşulanlardan biri İsmayıl Məmmədov oldu. O, əsərlərini xaricdə çap etdirib, cənab Prezidentin tapşırığına əməl edir.
İsmayıl Məmmədov 4 dildə “Azərbaycan tarixi” adlı əsəri nəşr etdirib (azərbaycan, rus, türk və ingilis). Dünyanın hər yerində tariximizi bu dillərdə oxuyurlar. Bu İsmayıl müəllimin xidmətidir. O, qəhrəmanlıq etməyib, sadəcə borcudur, borcunu yerinə yetirib.
İstanbulda çıxan kitabı 2009-2010-cu illərdə Azərbaycanın “Dövlət mükafatına ”, hətta kitabı dərindən oxuyub, bəyənən bəzi alimlər onu “Nobel” mükafatına təqdim etməyi məsləhət bildilər. Lakin bu işdə ona kömək edən və ya istiqamət verən olmadı. “Bizimkilər” imkan vermədi, onlar öz işlərini təqdim etdilər. Nəticədə məlumdur.
2018-ci il Azərbaycanda “Cumhuriyyət ili”elan edilmişdi. Həmin ildə ölkə daxilində və xaricində bir sıra tarixi əsərlər oxuculara təqdim olundu. Bu sırada Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun (İsmayıl bəy Zərdablı) iki kitabı ABŞ-da (Şimali Korolina Ştatının paytaxtı Raley şəhərində) nəfis tərtibatla çapdan çıxdı. Kitablardan biri “Azərbaycanın etnik və siyasi tarixi” (Ethnic and Politikal History of Azerbaijan), digəri isə “Azərbaycanın tarixi xəritələri” (Historical mars of Azerbaijan) adlanır.
Xalqımız çox zəngin tarixə və mədəniyyətə malikdir. Ona görə də dünya xalqları bizim tarixi öyrənməyə maraqlıdır. ABŞ-da çıxan bu əsərlərin unikallığı və əhəmiyyəti ondadır ki, kitablarda milli dövlətçilik tariximizin heç bir mərhələsi diqqətdən kənarda qalmayıbdır. Professor İsmayıl bəy Zərdablı 2019-cu il fevral ayının 11-dən-14-dək Hindistanda Beynəlxalq elmi konfransda iştirak etmişdir. 2019-cu il “Nəsimi ili” olduğu üçün məruzəsində Nəsimi ilə bağlı məsələlərə də toxunmuşdur. Onun məruzəsi “XV əsrdə Azərbaycan mədəniyyəti” adlanırdı. Konfrans Hindistanın Assam bölgəsinin paytaxtı Quvahati şəhərinin Universitetində keçirilirdi. Konfransın ikinci günü professorun ABŞ-da nəşr olunmuş “Azərbaycanın etnik və siyasi tarixi”(ingilis dilində) adlı kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində universitetin rektoru, departament rəhbəri, Hindistanın alimləri ilə bərabər Almaniya, Şotlandiya, Macarıstan, Rusiya, İran, Neapol, Banqladeş, Türkiyə, Koreya, Norveç və başqa ölkələrin alimləri də iştirak etmişlər. Professor həmin universitetin kitabxanasına kitablar hədiyyə etmişdir.
İsmayıl bəy Zərdablı Hindistanda olarkən Dehli şəhərində Böyük Moğol imperiyasının imperatoru Humayunun (1530-1539, 1555-1556-cı illər) məqbərəsini və böyük şair Xosrov Dəhləvinin məqbərəsini ziyarət etmişdir. Eyni zamanda Akra şəhərində türk dünyasının incisi sayılan, dünyanın yeddi möcüzəsindən biri olan Tacmahal məqbərəsini ziyarət etmişdir.
Xarici dillərdə çap olunmuş əsərlərinin həcmi təxminən 3000 (3 min) səhifəyə (200 c.v.) yaxındır.
Professor 1997-ci ildən dərc olunan və elmi mühitdə yaxşı tanınan “Tarix və onun problemləri” adlı Beynəlxalq jurnalın baş redaktorunun birinci müavinidir. O, BDU-nun tarix fakültəsində Müdafiə Şurasının və fakültə Elmi Şurasının üzvüdür. Müdafiə edilmiş 5 tarix üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri, 50-dən çox dissertasiya işinə rəy yazıb, opponenti olub. Professorun aşağıdakı təltifləri var:
- Bakı Dövlət Universitetinin təhsildə fərqlənməyə görə “Fəxri Fərman”-ı
- Türkiyə, Dumlupinar Universitetində keçirilən Beynəlxalq Konfransda məruzəyə görə Universitetinin rektoru tərəfindən “Fəxri Fərman”(2006-cı il)
- Hindistan, Quvahati Universitetində keçirilən Beynəlxalq Konfransda məruzəyə görə “Fəxri Fərman”(2019-cu il).
- Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26 noyabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının Yubiley medalı.
İsmayıl müəllim bir vətəndaş alim ömrü yaşayır. Yaşadığı ömrü yaxşı, məzmunlu yaşamışdır. Şərqin böyük əbədi abidəsi olan “Kəlilə və Diminə”də göstərilir ki, “Hikmət, əql, təmkin və ədalət” göstərən insan kamil sayılır. İsmayıl müəllimdə bu hikmətlərin dördüdə var. O, heç kimin önündən kiçilməmiş və gözü kölgəli olmamışdır. O, yaxşılıq etməklə yanaşı, həm də özünə edilən yaxşılıqları ömründə unudmamışdır.
Şair Ənvər Əhməd yazır ki, “İsmayıl Məmmədov altun xəzinəli tariximizi dünya miqyasına qaldıran, məkrli erməni tarixçilərini, onların savadsız, kütbeyin, ziyankar ideoloqlarını sarsıdan, tarixi baş-ayaq edən digər anti-türk ruhlu tarixçiləri tarixin edamına çəkən milli ruhlu alimdir”. Şair eyni zamanda İsmayıla şeyirlə deyir:
Sən içdin öz qanınla vətənə oğul andı
İsmayıl, yaxşı duydun, vətən eşqin nə uca,
Vətəni sevən insan, vətəndəndə çox qoca!
Vətənin tarixini yaz, yaz saf qanunla yaz!
İsmayıl müəllimə tarixi sevdirib bu yola istiqamətləndirən orta məktəb müəllimi Bəhlul Elmanov, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov, tarixçi- alim Abdulla Məmmədov, Zərdab Rayon Maarif Şöbəsinin keçmiş müdiri Vaqif Salmanov, elmi rəhbəri professor Aslan Atakişiyev, professor Əli Həsənov (keçmiş Əmtəşünaslıq İnstitutunun rektoru) və digər şəxsiyyətlər olmuşdur.
Gözəl ailə başçısı olan Hacı İsmayılın üç qız övladı var. Böyük qızı Fərəh xanım Azərbaycan Tibb Universitetində çalışır. Tibb üzrə fəlsəfə doktoru, Fərəh xanım Tibbi Biokimya kafedrasında çalışır. İkinci qızı hüquqşünasdır. Ali məhkəmədə analitik sektorun müdiridir. Kiçik qızı hüququ üzrə fəlsəfə doktoru Lalə xanım Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllimədir.
İsmayıl müəllim Allah adamıdır, xeyirxah adamıdır, bu xüsusiyyətlərinə görə ziyarətlərə getmək ona qismət olmuşdur. O, həm də çox maraqlı adamdır. 1995-ci ildə Məşhəd və Kərbəla, 1996-cı ildə Məkkədə Həcc ziyarətində olmuşdur. Babaları Mir Abdulla və Mir Səftər ağa yüksək mənəviyyat sahibi kimi kənddə böyük nüfuza sahib olmuşlar. Uşaqlıq illəri babalarının yanında keçən İsmayıl da imanlı insanların dinlə bağlı ibrətamiz söhbətlərindən məftun olmuş, onları daim maraqla dinləmişdir.
O, doğma kəndi ilə daim əlaqə saxlayır. Kənddə xeyirxah işlərlə məşğul olur. Ömrünün 75-ci pilləsinə qədəm qoyan İsmayıl Məmmədov (İsmayıl bəy Zərdablı) bütün varlığı və ruhu ilə yaradıcı insandır.
Adil Abdullayev
“Gənclik” nəşriyyatının direktoru,
əməkdar mədəniyyət işçisi