MDU beynəlxalq akkreditasiya ilə dünya təhsil ailəsinə inteqrasiya edir

Mingəçevir Dövlət Universitetinin 4 proqramı beynəlxalq akkreditasiya mərhələsinə qədəm qoyur. Universitetin “Turizm işinin təşkili”, “Maliyyə”, “Energetika mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisasları keyfiyyət göstəricilərinə görə beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək. Bu addım ali təhsil müəssisəsinin tədris prosesini dünya standartlarına uyğunlaşdırmaq və rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır. Akkreditasiya həmçinin tələbələrin beynəlxalq əmək bazarında daha geniş imkanlara sahib olmasına şərait yaradacaq.
Mütəxəssislər proqramların tədris planını, müəllim heyətinin hazırlığını, infrastrukturu və elmi fəaliyyətini hərtərəfli təhlil edəcəklər. Prosesin nəticələri universitetin keyfiyyət təminatı sistemini gücləndirəcək. Bu, həm də xarici universitetlərlə əməkdaşlığın genişlənməsinə və tələbə-müəllim mübadiləsinin daha da intensivləşməsinə yol açacaq.
MDU-nun rektoru Anar Eminov bildirib ki, beynəlxalq akkreditasiya ali məktəbin strateji inkişaf planında xüsusi yer tutur. Onun sözlərinə görə, proqramların uğurla qiymətləndirilməsi MDU-nun beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirəcək.
“Bizim əsas məqsədimiz tələbələrə ən müasir bilik və bacarıqları təqdim etmək, onların həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini təmin etməkdir. Bu proses həm universitetin nüfuzunu artıracaq, həm də regionun inkişafına öz töhfəsini verəcək”, – deyə rektor vurğulayıb.