Nəslimizin tarixi – Səməd bəy və Əhəd bəyin hekayəsi

 

Ulu babam Səməd bəy Qarabağın şanlı tarixində öz möhrünü vurmuş nəsillərdən birinin nümayəndəsi olmuşdur. O, sadəcə bir bəy kimi yox, mərdliyi, yardımsevərliyi, eləcə də Vətənə sarsılmaz sevgisi ilə ətrafındakıların qəlbində silinməz iz salan insan kimi yaşamışdır.
Hələ Rus İmperiyası Qarabağ torpaqlarını öz təsiri altına almaq üçün çalışdığı zamanlarda dövrünün ağır çağırışlarına sinə gərən Səməd bəy onların təzyiqlərinə boyun əyməmiş, millətinin, torpağının hesiyyatını qorumağı bacarmışdı. Elə məhz milli dəyərlərə söykənən azad, özgür ruhunun varlığı səbəbindəndir ki, o, uzun müddət həbsxana həyatı yaşamağa məhkum olmuş, amma o illər ərzində də nə iradəsi sarsılmış, nə də fikirlərindən, amalından bircə an belə dönmüşdür.
Doğma yurdunun şərəfini qorumağa and içmiş Səməd bəy hər zaman sadə camaatın yanında olmuş, ehtiyacı olanlara yardım əlini uzatmış, xeyirxahlıqlarla zəngin bir ömür yaşamışdır...

... Səməd bəyin oğlu, babam Əhəd bəy isə atasının bu böyük irsini layiqincə davam etdirmiş, Qarabağda, xüsusilə də Ağdamda tanınan, hörmət edilən bir şəxsiyyət olmuşdu. O, uşaqlıqdan atasından öyrəndiyi dəyərləri həyatına köçürmüş, öz dövrünün elmli, mədəni və nüfuzlu insanlarından biri kimi tanınmışdı.
Əhəd bəy Ağdamda İbrahim Xəlil xan və Pənahəli xanın Şuşadakı məşhur evlərinin eynisini inşa etdirmişdi. Təbii ki, o ev, sadəcə bir tikili deyildi, Qarabağın mədəniyyətinə, tarixinə duyulan dərin hörmətin təzahürü idi. Bu məqamda xüsusən qeyd edim ki, rus hakimiyyəti bu tikiliyə qarşı olaraq onu sökdürməyə cəhd göstərmiş, lakin Əhəd bəy bütün təzyiqlərə baxmayaraq həmin evi ömrünün son günlərinə qədər qoruyub saxlamışdı.

... Ümumiyyətlə keçdiyi ömür yoluna nəzər salanda Əhəd bəyin həyatının çox maraqlı xatirələrlə zəngin olmasının şahidi olursan. O, Azərbaycanın böyük sənətkarı Xan Şuşinskiylə də yaxın dostluq etmişdi. Bu dostluq sadə münasibətləri ifadə edən bir dostluq yox, kökündə dərin hörmət və məhrəmlik təcəssümü dayanan dostluq olmuşdu. Demək, hər ikisi nərd oyununu mükəmməl bilirmiş... və bu oyunu oynamaq dostluq məclislərində onların vazkeçilməz bir ənənəsi imiş.
Atam illər öncə danışırdı ki, Şuşada qonaq evinin qarşısında bir gün Xan Şuşinskilə Əhəd bəy nərd oynayırlarmış. Oyunda babam üstün olduğu üçün Xan əmi məğlub olur. Həmin zaman uduzmağının acısını həzm edə bilmədiyindən əsəblə stolu tərk edən Xan Şuşinski tələsik getdiyi üçün özü ilə daim daşıdığı və ona ulu babalarından yadigar qalmış müştüyünü stolda unudur. Həmin müştüyə sadəcə bir əşya kimi yox, keçmişin, nəsil şərəfinin simvolu kimi baxan Xan əmi elə hey hər yerdə müştüyünü axtarmağa başlayır... Günlərin bir günü dost məclislərinin birində Xan Şuşinski və Əhəd bəy yenidən qarşılaşırlar. Məclisdəkilər zarafatla Xan əminin nərddə Əhəd bəyə uduzmasından söz açsalar da Xan bu faktı xatırlamadığını bildirir. Bu zaman Əhəd bəy təbəssümlə cibindən həmin müştüyü çıxardıb, deyir:
"– Bəs bunu da xatırlamırsan? O gün nərddə uduzanda necə əsəblə stoldan qalxıb getdinsə bu yadigarı da unudub stolda qoydun."
Təbii ki, bu sözlər məclisdə gülüşə və şən əhval-ruhiyyəyə səbəb olur. Əhəd bəy müştüyü Şuşuniskiyə qaytarır... və bu kiçik hadisə onların dostluğuna yeni bir rəng qatır, birlikdə yaşadıqları xatirələri daha da möhkəmləndirir.

... Ailəmizdə Əhəd bəydən söz düşəndə, atam həmişə Qarabağ sevgisini, torpaq sevgisini, şərəf və ləyaqət anlayışını onun necə aşılamasından ruh yüksəkliyi bəhs edib.
Əhəd bəy həmişə deyərmiş:
– “Bəydən 40 il də keçsə, bəylik qanı axıb gedər. Bizim genlərimizdəki o ali ruh, aristokratlıq heç zaman itməyəcək.”
Babamın verdiyi bu dəyərlərlə böyüyən atam da bizə — mənə və qardaşıma zamanla eyni tərbiyəni, mənəvi amilləri aşıladı. Biz də bu gün ailəmizdə həmin dəyərləri qorumağa, yeni nəsillərə ötürməyə çalışırıq.
Bu, bizim nəslimizin, ruhumuzun, Qarabağın tarixlə yoğrulmuş hekayəsidir...

Tural İbrahimov