Rusiyanın "Stoliçki" sosial apteklər şəbəkəsi haker hücumu nəticəsində texniki nasazlıqla üzləşib. Bu səbəbdən rəhbərlik yüzlərlə satış nöqtəsini müvəqqəti olaraq bağlamağa məcbur olub. Hazırda vəziyyət tədricən normallaşır.
Lim10.az xəbər verir ki, problem ötən gündən etibarən müşahidə olunmağa başlayıb. "Stoliçki"nin bir sıra satış nöqtələri bağlanıb, həmçinin onlayn xidmətlərdə də fasilələr yaranıb. İstifadəçilər dərman sifariş etmək və loyallıq proqramlarından istifadə etmək imkanını itiriblər. Əvvəlcə bu nasazlıqlar texniki səbəblərlə izah edilsə də, sonradan məlum olub ki, əsas səbəb haker hücumudur.
"Stoliçki" sosial apteklər şəbəkəsi haker hücumu nəticəsində baş vermiş nasazlığı təsdiqləyib. Bildirilib ki, mütəxəssislər xidmətlərin bərpası üzərində işləyirlər və artıq apteklərin yarısı fəaliyyətini bərpa edib. Şəbəkənin tam gücü ilə fəaliyyətə başlaması yaxın günlərdə planlaşdırılır, lakin dəqiq tarix açıqlanmayıb.
Bundan əlavə, "Podyom" "Telegram" kanalı Moskvadakı "Semeynyy Doktor" klinikalar şəbəkəsinin də haker hücumu ilə üzləşdiyini bildirib. Kanalın klinika əməkdaşlarına istinadən yaydığı məlumata görə, iyulun 22-dən etibarən tibb işçiləri xəstələrin onlayn bazasına çıxış imkanını itiriblər və həkimlər pasiyent qəbulunu əl ilə qeyd etməyə məcbur olublar.
"Hətta printerdə sənəd çap etmək belə mümkün deyil, çünki printerlər server vasitəsilə işləyir, serverə isə çıxış yoxdur. Proqram boş ekran göstərir, 1C sistemində xəstə məlumatları tamamilə itib", - deyə mənbə bildirib.
Bununla yanaşı, texniki nasazlıq səbəbindən şəxsi kabinet və onlayn qeydiyyat funksiyası da müvəqqəti olaraq deaktiv edilib. Qəbulun təsdiqi yalnız əlaqə mərkəzinin telefon xətti vasitəsilə həyata keçirilir. Klinika əməkdaşları qeyd ediblər ki, xəstə məlumatlarının bərpası mümkün olmaya bilər.
Bununla belə, "Semeynyy Doktor" klinikalar şəbəkəsinin rəsmi saytında yayımlanan açıqlamada mediada yer alan məlumatların həqiqətə uyğun olmadığı və şəbəkəyə aidiyyəti olmadığı bildirilib.(oxu.az)