“İlhamlı gənclər: Multikultural Azərbaycan nəsli” mövzusunda forum keçirilib

 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr olunan “İlhamlı gənclər: Multikultural Azərbaycan nəsli” mövzusunda Forum keçirib.

Forumun keçirilməsində məqsəd Prezident İlham Əliyevin multikulturalizm siyasətini, gənclərin milli kimliklə bağlı baxışlarını, dəyərlərə sadiq və innovativ düşüncəli gənc lider modelini sistemli və müzakirəli formatda təqdim etməkdir.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının, ali təhsil müəssisələrinin, etnik və dini icmaların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, müxtəlif universitetlərin tələbələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan dövlətinin multikulturalizm siyasətini əks etdirən videoçarx nümayiş olunub.

Forumun Xəzər Beynəlxalq Fondunun rəhbəri elmlər doktoru Adəm İsmayıl Bakuvinin moderatorluğu ilə keçən “Prezident İlham Əliyevin Multikulturalizm Konsepsiyası” mövzusunda panel iclasında BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fariz İsmayılzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Nağıqızı, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov çıxış ediblər.

Rəvan Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir və bu siyasətin formalaşmasında Prezident İlham Əliyevin strateji baxışları həlledici rol oynayır. Multikulturalizm Azərbaycanda yalnız nəzəri konsepsiya deyil, tarixi təcrübəyə, ictimai harmoniyaya və hüquqi təminatlara əsaslanan real həyat tərzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu model müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilərək beynəlxalq miqyasda nümunəvi təcrübə kimi təqdim olunur.

BBMM-in icraçı direktoru qeyd edib ki, gənclərin multikultural dəyərlər ruhunda formalaşdırılması bu siyasətin davamlılığının əsas təminatıdır. Bu baxımdan, gənclərin milli kimliyə sadiq, eyni zamanda açıq düşüncəli, tolerant və innovativ yanaşmalara malik liderlər kimi yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Fariz İsmayılzadə bildirib ki, gənclərin yalnız bilikli deyil, eyni zamanda məsuliyyətli, açıq dünyagörüşlü və qlobal çağırışlara cavab verə bilən liderlər kimi formalaşdırılması Prezident İlham Əliyevin gənclər siyasətinin əsas hədəflərindəndir. O, bu kimi forumların gənclərin düşüncə tərzinin formalaşmasına, onların dövlətçilik ideyalarına daha dərindən yiyələnməsinə və multikultural dəyərlərin mahiyyətini anlamağa mühüm töhfə verdiyini bildirib.

Mahirə Hüseynova diqqətə çatdırıb ki, ali təhsil müəssisələri yalnız bilik vermir, eyni zamanda milli-mənəvi dəyərlərin, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin aşılandığı mühüm ideoloji platformalardır. Bu baxımdan multikultural dəyərlərin tədris prosesinə inteqrasiyası gənclərin şəxsiyyət kimi formalaşmasına əhəmiyyətli töhfə verir. Çünki multikultural mühitdə yetişən gənclər qlobal rəqabətə daha hazırlıqlı, fərqli mədəniyyətlərlə dialoqa açıq və innovativ düşüncəli olurlar.

Səfir Bahrom Aşrafxanov çıxışında bildirib ki, Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, mədəniyyət, dil və dəyərlər birləşdirir və bu birliyin əsas sütunlarından biri də multikulturalizm və qarşılıqlı hörmət prinsipidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasəti Azərbaycanın sabitliyinin, ictimai həmrəyliyinin və davamlı inkişafının mühüm amilinə çevrilib və bu model beynəlxalq aləmdə böyük maraq doğurur.

Forumun fəxri qonağı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli gəncləri Azərbaycanın multikultural dəyərlərini qorumağa, elmi bilik və milli mənəviyyat vəhdətində ölkənin gələcək inkişafına töhfə verməyə çağırıb.

Forumun DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı Elnur Əliyevin moderatorluğu ilə keçən “Gənc dövlətçilər: Milli kimlik, multikulturalizm və Qərbi Azərbaycan irsi” mövzusunu əhatə edən panelində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Rafael Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski, Milli Məclisin deputatı Səbinə Salmanova Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Maksat Mamıtkanov çıxış edib, müzakirələr aparıblar.

çərçivəsində BBMM-in nəşrlərindən ibarət kitab sərgisi və etnik icmaların milli geyimləri nümayiş olunub. BBMM-in nəzdində “Multikultural Gənclər Klubu”u təsis edilib, “Gənclərin multikultural bəyannaməsi” səsləndirilib.

 
 
0.046631097793579