Böyük Britaniyada “təhlükəsiz internet” adı altında yeni qanun qüvvəyə minib.
Lim10.az xəbər verir ki, “Online Safety Act” adlanan yeni qanuna əsasən, bütün internet platformaları istifadəçilərin yaşını etibarlı şəkildə yoxlamalıdır. Bu məqsədlə pasport, sürücülük vəsiqəsi, bank məlumatları və ya üz tanıma sistemlərindən istifadə ediləcək.
Rəsmilər bu tələbin əsas məqsədinin uşaqları zərərli kontentdən qorumaq olduğunu bildiriblər. Qanunun tələblərinə əməl etməyən saytların sahibləri milyonlarla funt sterlinq məbləğində cərimələnə və bloklana bilərlər.
Yeni qaydaların tətbiqi fonunda ölkədə VPN xidmətlərinə maraq kəskin artıb. Məlumata görə, VPN provayderlərinə olan tələbat son günlərdə 1400% yüksəlib.
Bununla belə, bəzi mütəxəssislər və sosial şəbəkə istifadəçiləri bu tədbirin siyasi məqsədlərlə istifadə olunduğunu iddia edirlər. “X” platformasında yayılan paylaşımlarda qeyd olunur ki, artıq bəzi müxalif siyasətçilərin çıxışlarını və fəalların saxlanılması ilə bağlı videoları izləmək mümkün deyil.