
Təkrar edirik, redaksiyaların indi əsas problemi alternativ məkanların olmamasıdır. Bəs redaksiyaların pərən-pərən salınmasının qarşısının alınması üçün nə edilməlidir? “Təzadlar” qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili bu barədə danışdı, təkliflərini də verdi:
-Bəli, redaksiyaların əsaslı təmirə dayanan nəşriyyatdan köçürülmələri jurnalistlər üçün ciddi problemlər yaradıb. Ən vacibi, rəsmi qurumlar redaksiyalara müvəqqəti məskunlaşmaq üçün alternativ yer əklif etmədi deyə, belə narahatlıq yaranıb. Lakin mən nəşriyyatın direktoru, hörmətli Leyla xanım Güləliyeva ilə görüşdüm, iki suala cavab tapdım: birincisi, redaksiyalar sonradan nəşriyyata qaytarılacaqmı, ikincisi, nəşriyyatın söküləcəyi deyilir, bu belədirmi? Leyla xanım bildirdi ki, xeyr, nəşriyyatın sökülməsi baş verməyəcək və təbii ki, təmir bitəndən sonra Azərbaycan jurnalistlərinin Evi kimi tanınan bu məkan onları qəbul edəcək!
-Bəs redaksiyalara alternativ yer təklifi…
-Yox, bu sual cavabsız qaldı. Çünki nəşriyyatın öz işçiləri də ərazidə müvəqqəti yerləşdirilməkdədir…
-Bəs siz nə təklif edərdiniz?
-Məsələ belədir: “Təzadlar” qəzeti 1993-cü ildən nəşriyyatda icarədədir. Aya ortalama 450 manat icarə haqqı götürsək, indiyədək 396 ay ərzində hesabına 178 min 200 manat icarə haqqı ödədiyimiz nəşriyyatdan çıxarılırıqsa, nəsə bir güzəşt, kompensasiya, alternativ yer və s. olmalı idi. Təbii ki, bu məsələ nəşriyyata aid deyil, aidiyyəti qurumlar bunu nəzərə almalıdır… İnanıram ki, yenə də rəsmi qurumlar redaksiyaların vəziyyətini qiymətləndirərək lazımi addım atacaqlar. Çünki biz redaksiyaların işi nədir: informasiya istehsal etmək, Azərbaycanın haqq işini dünyaya yaymaq və cəmiyyətimizi maarifləndirmək! Bir çox redaksiyalar var ki, bizim kimi, dövlətdən yardım almadan bunu təmənnasız, daxili hesabımıza edirik… Yaranmış vəziyyətlə bağlı isə bir təklifim var: Bakıda, ləğv edilmiş “Azkontrakt”ın (vaxtilə “Lider” TV-nin yerləşdiyi) Şəfayət Mehdiyev küçəsi-83 ünvandakı binası iki il əvvəl bəzi siyasi partiyalara icarəyə verilib. Elə partiya var ki, 5-10 üzvü var və fəaliyyətləri üçün bir neçə otaq yetər. Məsələn, bildiyim qədər, həmin binada AĞ Partiya ilə yanaşı, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Vəhdət Partiyası, Milli Həmrəylik Partiyası da daxil 10-a yaxın siyasi təşkilat yerləşib. 22 mərtəbəli həmin binanın yaşı elə təxminən “Azərbaycan” nəşriyyatı binasının yaşı qədərdir, əla vəziyyətdədir. Aldığım məlumata görə, həmin binada yetərincə boş sahələr var və redaksiyaları orada müvəqqəti yerləşdirmək olar. Bu həm də jurnalistlərin pərakəndə düşməsinin qarşısını alar. Bəzən dövlət əhəmiyyətli məsələlərdə jurnalistlərimizi həmrəy görmüşük, indi də bu həmrəyliyi qorumaq üçün onları bir məkanda cəm etmək lazımdır… Aldığım məlumata görə, Prezident Administrasiyasında bu barədə müzakirələr aparılır… Qısası, məcburi köçkünlər düz 30 il doğma yurdlarının arzusu ilə yaşadılar və bu arzu onları Cənab Prezidentin Dəmir yumruğu ilə yenidən öz yerlərinə qaytardı. Hesab edirəm ki, jurnalistlərimizin də yenidən “Azərbaycan” nəşriyyatına qayıtmaq arzusu ölkə rəhbərliyinin mediaya Dövlət qayğısı siyasəti sayəsində reallaşacaq…
Yazdı: Y.Məmmədli



















