Beyləqanın Haramı düzündə "əjdahalar" peyda olub

Asif Ağayev rayonda nə işlə məşğuldur, bilən var?

Beyləqandan Bakıya qayıdandan sonra havaların sərinlənib, yağışların başlamasını görüb çox sevindim. Tək ona görə yox ki, Bakıda havalar sərnidi və rahat nəfəs almaq mümkün oldu. Həm də ona görə ki, Beyləqanda yüz minə yaxın əhalinin on minlərlə hektar sahəsi susuzluqdan dağma-dil olurdu. Beyləqanlılar artıq 30 İldir ki, hər yay bu problemi yaşayır. Ən çətin problemimiz Qarabağ məsələsi idi. O da həll edildi, amma biçarə beyləqanlıların problemi deyəsən daha mürəkkəbdir.
Beyləqan camaatı bütün dövrlərdə əməksevər, zəhmətkeş olub, əhali həmin ənənəni bu gün də davam etdirmək əzmindədir. Beyləqanı bəlkə də Azərbaycanın Ukraynası adlandırmaq olar. Amma həyata keçirilən səmərəsiz idarəetmə buna imkan vermir. Beyləqan kimi aqrar rayona mütləq bu sahənin mütəxəssisini rəhbər təyin edib, ondan məhsuldarlıq tələb etmək lazımdır. Daha mühəndisi rəhbər göndırib, ondan rüşvət tələb edəndə, o, da rüşvət yığmaqla məşğul olacaq. Bu torpaqda nə əksən birə-beş məhsul götürmək olar. Lakin süni yaradılan su çatışmazlığı buna imkan vermir.
Nədənsə Azərbaycan məmurlarının hərəkətini müşahidə edəndə adamın xəyalına xam yonca sahəsinə düşmüş ac dana gəlir. Çünki bu iki hərəkət arasında sözlə ifadə edilməyəcək dərəcədə paralellər, eyniliklər var. Xam yonca sahəsinə düşən ac dana hər vəchlə qısa zaman daxilində, tələsik daha çox ot yemək istəyir və bu mənzərəni ömründə heç olmasa bir dəfə görməyən adam onu heç cür təsəvvür edə bilməz. Bizim məmurlar da tam dəqiqliyi ilə o dana kimi bütün sahələrdə halal-harama, oğruluq-doğruluğa əhəmiyyət vermədən, qısa müddətdə daha çox varidatı yığmaq istəyir. Elə bil müvəqqəti olduqlarını, bu onlara layiq bir görəv olmadığını özləri hamıdan yaxşı bilir. Bu isə bir çox hallarda onların özlərinin və sadə vətəndaşların bəlasına cevrilir.
Beyləqan rayonunun qərb hissəsində, Füzuli, Ağdam və Ağcabədi rayonları ilə həmsərhəd ərazisində bərəkətli torpaqları olan böyük bir düzənlik var. Bu düzənlik Haramı düzü adlanır. Ərazisi min hektarlarla ölçülən bu düzənlik əvvəllər suvarılmazdı - məhdud ərazilərdə dəmyə bostan bitkiləri becərilər, qalan hissəsi isə otlaq sahəsi kimi sovxoz və kolxozların yaylaqdan arana qayıdan qoyun sürülərinə otlaq sahəsi kimi verilərdi. Ərazi dövlət torpaq fonduna aiddir.
Son otuz ildə demək olar ki. Haramı düzünün bütün əraziləri dövlət məmurları və onların himayədarlıq etdiyi fermerlər tərəfindən süni və selləmə suvarma üsulu ilə intensiv becərilir. Ərazidə pambıq, yonca, taxıl, soğan və digər suya tələbatı çox olan bostan bitkiləri becərilir. Beyləqan rayonunun kəndləri üçün nəzərdə tutulmuş bütün suvarma suyunun 70-80 faizi Haramı düzündə kənd təsərrüfatı ilə məşğul olan məmur-fermerlərə yönəldilir. On minlərlə digər ərazilər isə susuzluqdan yanaraq səhralığa çevrilir.
Beyləqan rayonunun yerli əhali yaşayan kəndlərində ötən üç ay ərzində su üstündə yüzlərlə dava düşüb. Əslində su qıt olduğu üçün camaat arasında dava düşür, bundan isə polis qazanır. Hər iki tərəfi polis şöbəsinə gətirib, hərısindən bir neçə yüzlük alıb buraxırlar. Hətta, Haramıdakı fermerlərdən biri polis rəisi ilə söhbət zamanı zarafatla deyib ki, biz tərəkəmələrin suyunu kəsməsək, sizin çörəyinz kəsilər.
Bəla burasındadır ki, Haramı düzündə torpaq becərən məmur-fermerlər suyu lazım olduğundan beş dəfə çox götürürlər. Artıq suyu isə şor drenlərə ötürürlər. Bir tərəfdən torpağa suyu çox verməklə onu şoranlaşdırırlar, digər tərəfdən isə suya ehtiyaci olan digər fermerlərin, kənd camaatının suya olan ehtiyacını daha çox əngəlləyirlər. Bu dəymədüşər fermerlərə isə "gözün ustə qaşın var" deyən belə, tapılmır - "Haqnəzərəm, belə gəzərəm...". Çünki nə rayonda, nə də ümumiyyətlə, respublikada suvarma suyunun idarə edilməsilə məsul olan heç bir qurum yoxdur. "Meliorasiya və Su Təsərrüfatı" ASC suyu mənbədən götürüb daşıyıcı kollektorlara vurur və bununla da onun işi bitmiş hesab edilir. Suyun idarə edilməsi, onun fermerlər arasında bölünməsi, normallaşdırılması ilə heç kim məşğul olmur. Ona görə də rayonun qərb hissəsində torpaqlar normadan artıq suvarıldığından şoranlaşaraq, şərq hissəsində isə susuzluqdan quruyub səhralığa çevrilməklə deqradasiyaya uğrayır. Buna görə də Beyləqan rayonunun bərəkətli torpaqlarında ildən-ilə məhsuldarlıq aşagı düşür və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı azalır.
Rayonda suvarma suyu üzərində hökm sürən anarxiya nəticəsində suvarma suyunun tən yarısı sor direnlərə axıdılır. Rayonun şərqində yerləşən kəndlərin fermerləri naəlac qalaraq şor drenlərin qarşısını torpaq tirələrlə bağlayaraq suyu qaldırıb, qrunt suları ilə qarışmış həmin su ilə əkin sahələrini suvarırlar. Bu proses zaman - zaman torpaqların kimyəvi şoranlaşmasına səbəb olur ki, həmin torpağı gələcəkdə bu deqradasiyadan xilas etmək mümkün olmayacaq.
Artıq rayon əhalisi arasında belə bir zərb - məsəl də aktuallaşıb - "Yuxarıdakılar su içir, aşağıdakılar isə suyun yerinə and içir". Yəni su kanalının yuxarısındakılar torpaqlarını suvarırlar, açagıdakılar isə and içir ki, su tapmırıq.
Sovetlər dönəmində hər bir kolxoz və sovxozun su norması müəyyən edilərdi və hər bir təsərrüfat öz su normasını kanal qapılarındakı yivlərin sayı ilə bilərdi. Amma indi suvarma suyu taleyin ümidinə buraxılıb, kim güclüdürsə, su onundur.
Tutaq ki, bunu respublika səviyyəsində təşkil etməyi kimlərinsə ağlı kəsmir, bəs bu iş rayon rəhbərliyi səviyyəsində nə üçün təşkil edilmir? Rayonda icra başçısı nədən ötrüdü?
Birincisi, rayon rəhbərliyindən rayon iqtisadiyyatının inkişafı istiqamətində heç nə tələb edilmir. İkincisi isə belə anarxiya icra başçısının da işinə yarayır - "Bulanıq suda balıq tutmaq asan olur". Çünki Haramı "əjdaha"ları da elə başçının adamlarıdır.
Bilən yoxdur ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev nə işlə məşğuldu, rayonda nəyi və kimi idarə edir. Bildiyimiz odur ki, bu adam başçı təyin ediləndən mərkəzi büdcədən ayrılan pulları silmər və sahibkarlardan müxtəlif bəhanələrlə rüşvət yığmaqla məşğuldur. Rayonda nəyi satmaq mümkündürsə artıq satıb bitirib. İndi də keçiblər müxtəlif qurğuların mühafizə zolaqlarını satmağa.
Belədə isə rayondan böyük köç dalğası sürətlənməkdədir. Əlacsız qalan əhali Bakıya və digər rayonlara köçməkdədir. Asif Ağayev bir də görəcək ki, lələ köçüb, yurdu qalıb - rayonda onunla aparat işçilərindən başqa heç kim qalmayıb. Ən azı icra başçısı təşəbbüs göstərib, bu biabırçılığa son qoya bilər. Amma bunu etmir. Bilirsiniz niyə? Çünki haramıda əjdaha kimi suyun qarşısını kəsən fermerlər ya içra başçısının dövlətdən icarəyə götürdüyü torpaqları becərən işçiləridir, ya da icra başçısına haqq verən digər məmur-fermerlərdir. Yalnız Haramı düzündə düzlənən "əjdaha"-fermerlərə görə sadə vətəndaşların becərdiyi məhsul yayın istisində yanıb külə döndü.
Sovetlər dönəmində Beyləqan rayonuna rəhbərlik etmiş şəxslərdən daha çox yadımızda rəhmətlik Vahid İsmayılov qalıb. Bu adam Beyləqan rayonunun bütün tarlalarının nə vaxt sulanmalı, hansı aqrotexniki qulluğun göstərilməli olduğunu belə, əzbər bilirdi. Bəs indiki rəhbərlər necə?
Asif Ağayev pambıq yığımı ilə taxıl biçinin vaxtını belə, dəyişik salır. Deyilənə görə, bu günlərdə Haramı "əjdaha"larından biri icra başçısına pay-püş gətiribmiş. Şablon hal-əhval soraqlaşmasından sonra Asif müəllim soruşub ki, taxıl biçini necə gedir? Biçarə həmsöhbəti artıq zəmilərim şumlama prosesinə başlanmasına rəğmən deyib ki, biçin çox yaxşı gedir, çənab başçı, tezliklə rəhbərliyiniz altında yekunlaşacaq.
Bax, belə, əziz beyləqanlılar, dəqiq bilin ki, Sizə kim rəhbərlik edir.


Akif Nəsirli