Fermerlərə ayrılan subsidiyalar - Onlar bundan necə yararlanır?

Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli fermerlərə ayrılan subsidiyalar və onların bu subsidiyalardan necə yararlanması haqqında danışarkən deyib.

Akif Nəsirli deyir ki, kənd təsərrüfatında çalışan fermerlərə əhəmiyyətli həcmdə subsidiya verilmir, verilən subsidiyalarda adətən məhsulun əkin dövrü başa çatdıqdan sonra verilir:

“Mənim üçün də maraqlıdır ki, subsidiyalar əslində kənd təsərrüfatı əkininin xarakterinə, ümumiyyətlə mövsümün xarakterinə uyğun verilməlidir. Məsələn, taxıl əkən fermerə hazırda əkin, səpin məsələlərini həll eləmək üçün mütləq subsidiya vermək lazımdır ki, fermer imkanı qədər daha çox ərazidə əkin aparsın, torpaqlarının şumlanmasını, səpinin aparılmasını səmərəli şəkildə həyata keçirə bilsin. Məsələn, elə adam var ki, 200 hektar yeri var, onun 50 hektarını şumlamağa imkanı çatır, pulu yoxdur. Subsidiyalar isə ona görə verilir ki, bu fermerlər bütün sahələrini şumlaya, məhsul əkə bilsin”. 

Ekspert deyib ki, taxıl əkən fermərə ən yaxşı halda bu ilin subsidiyasını dekabr, yanvar, fevral ayında verilir:

“Taxılın artıq əkin-biçin vaxtının keçdiyi bir dövr olur. Fermerlər var ki, subsidiyaları o vaxt alır deyə yanvar ayında taxıl səpir. Yanvar ayında əkilən taxılın məhsuldarlığı oktyabr, noyabr ayında səpilən taxılın məhsuldarlığından nə qədər məhsuldar, keyfyyətli toxum olsa belə, 50 faiz aşağı olacaq”. 

Akif Nəsirli bildirib ki, problem subsidiyaların təkcə mövsümə uyğun verilməməsi deyil, bu sahədə problemlər çoxdur:

“Birinci onunla əlaqədardır ki, mütəxəssislərin sayı azdır. Mütəxəssislər var, lakin onlar həlledici vəzifələrdə deyil, həlledici qərarlar qəbul edə bilmirlər. Subsidiyaların verilməsindəki problemlərdən biri onun nağdlaşdırılması prosesidir. Subsidiyaların hər 100 manatından cəmi 25 manatını fermer nağdlaşdıra bilir. Qalan 75 faizini mütləq əvvəlcədən müəyyən olunmuş şirkətlərdən əyani vəsaitlər almağa xərcləməlidir. Gübrələr, herbisitlər, pestisidlər, toxum və s. almalıdır. Həmin şirkətlər də dəqiqi bilir ki, fermerlərə verilən vəsaitin 75 faizi mütləq onlara xərclənəcək. Ona görə də xaricdən keyfiyyətsiz toxum, gübrə, yemləmə vasitələri, herbisitlər, pestisidlər gətirərək bazarda ən keyfiyyətli məhsuldan da baha verirlər. Beləliklə də mənfəət əldə etmiş olurlar. Bu probelemi aradan qaldırmadan məhsuldarlığı yüksəltmək olmaz. Çünki keyfiyyətsiz toxumdan keyfiyyətli məhsul götürmək, keyfiyyətsiz gübrədən istifadə edib yüksək aqrotexniki nəticə əldə etmək mümkün deyil. Artıq əvvəlki dövrlərdəki kimi deyil. İndi yemləmə vasitələri rəngarəngləşib, təkcə köklə yemləmə olmur ki, fermer işi peyin verməklə bitirsin. Dünyada artıq kökdən kənar qidalanma ilə bağlı təcrübələr var. O məhsulların da keyfiyyətlisi və keyfiyyətsizi var. Ölkəyə isə əksər hallarda keyfiyyətsizi gətirilir”. 

Davud