"Şəkidə qazilər və şəhid ailələri ilə bağlı ciddi problemlər var"
Bu “Vətən Naminə Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin qazilərlə bağlı Şəki şəhərində baş tutan tədbirində dilə gətirildi.
Qazilər, Birinci və İkinci Vətən Müharibəsi iştirakçıları ilə bağlı Quba rayonundan olan İkinci Vətən Müharibəsi şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin təşkil etdiyi növbəti - üçüncü tədbir bu dəfə Şəki şəhərində düzənlənib.
Tədbiri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivısində, “Vətən Naminə Şəhid Ailələrinə Dəstək" İctimai Birliyi təşkil edib.
Sebtyabrın 11-də, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş tutan tədbir iki saatdan çox davam edib.
Tədbirdə “Vətən Naminə Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri, Şəhid anası Tünzalə Abduləlimova, təşkilatın digər təmsilçiləri, o cümlədən şəkili qazilər, Birinci və İkinci Vətən Müharibəsi iştirakçıları və bəzi şəhid ailələri iştirak ediblər.
Onu da qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən heç kim tədbirə qatılmayıb. Bu isə həm tədbir təşkilatçılsrı, həm də şəkili qazilər və şəhid ailələri tərəfindən ciddi narazılığa səbəb olub.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Vətən Naminə Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Tünzalə Abduləlimova tərəfindən layihənin mahiyyəti, məqsədi barədə məlumat verilib.
Bir bir daha diqqətə çatdırılıb ki, əsas məqsəd qazilərə, Birinci və İkinci Vətən Müharibəsi iştirakçılarına mənəvi dəstək göstərmək, onlara psixoloji durumları ilə bağlı kömək etmək, eyni zamanda, problemlərini dinləyib, aidiyyatı qurumlara çatdırmaq və həmin problemlərin həllinə nail olmaqdır.
Tünzalə Abduləlimovanın qısa nitqindən - layihə təqdimatından sonra çıxışlar başlayıb.
Tədbirdə şəkili Birinci və İkinci Vətən Müharibəsi qaziləri, şəhid ailələri və digər şəxslər çıxış ediblər.
Qazilərdən Xüsusi Təyinatlı Qoşunların hərbçisi olmuş, “Azərbaycan Bayrağı” ordenli, birinci qrup müharibə əlili Polad Mədəni, Gizir, 3-cü dərəcəli “Vətənə xidmət görə” ordenli, üçüncü qrup müharibə əlili Qaçay Abdullayev, şəhid analarından Rəşad Əhmədovun anası Şərafət Əhmədova və digər iştirakçılar çıxışlarında tənqidlərini, iradlarını, təkliflərini səsləndiriblər.
Onlar qazilərin, eləcə də Şəhid ailələrinin üzləşdiyi problemlərindən, xüsusilə, işsizlik problemindən, məmur bürokratiyasından, şəhid ailələri və qazilərə diqqət göstərilməməsindən söz açıblar. Tədbir iştirakçıları qazilərə mənəvi-psixoloji dəstək göstərilməsinin, onların diqqət və qayğı ilə əhatələnməsinin zəruriliyindən bəhs ediblər.
Tədbirin sonunda xatirə fotoları çəkdirilib.