Azərbaycanda istehlakçıların hüquqları necə "qorunur"?
İstehlakçıların hüquqları necə qorunur və ümumiyyətlə qorumaq mümkündürmü?
"Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" olaraq biz də əmək hüquqları ilə bərabər, istehlakçı hüquqlarının qorunmasını təbliğ edir və bu sahədə hüquqi yardım da göstərməyə çalışırıq. Lakin, real vəziyyət elədir ki, bir çox hallarda istehlakçıların hüquqlarının pozulması halların qarşısının almaq da mümkün olmur. Səbəbləri isə çox sadədir:
Su, qaz, elektrik, rabitə, kanalizasiya və sair xidmət göstərən müəssisələrin əksəriyyəti - dövlət müəssisələridir və bu müəssisələrdə vəzifə tutanlar bir çox hallarda dövlət qurumu olmaq statusundan imtiyaz imtiyaz kimi sui-istifadə edir və ya ondan düzgün istifadə etmirlər.
Bu xidmətlərdə çalışan, məsuliyyət daşıyan məsul vəzifəli şəxslər istehlakçılar qarşısında hər hansı bir maddi, mənəvi, inzibati və ya cinayət məsuliyyəti daşımırlar.
İstehsalçı və ya xidmət göstərən müəssisələr istədikləri vaxt və istədikləri məbləğdə istehlakçıya borc yaza bilir, əksər hallarda isə qanunsuz, şişirdilmiş və ya böyük məbləğlərdə. İstədikləri vaxt istehlakçılara göstərilən xidmətləri dayandıra və onları çətin vəziyyətə qoya bilirlər.
Əlbəttə, qanunsuz borc yazılan istehlakçılar buna görə olduqca çətin vəziyyətı düşürlər, kommunal xidmətlər olmadan isə yaşamaq çətin olur. İstehlakçı ya bu borcu ödəməli, ya da məhkəməyə müraciət etməlidirlər. Lakin nəzərə almaq lazımdır ki, hər bir şəxsin də qanunsuz yazılan borcları ödəmək imkanı olmur və ya öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət etməyə vaxtı və ya maddi imkanı çatmır.
Məhkəməyə müraciət etdikdə isə məhkəmə qərarı ilə yalnız onların borcu silinir. Əslində isə əgər istehlakçılara qeyri-qanuni borc yazılırsa və sübut olunmursa, vətəndaş əziyyət çəkib vəkil tutursa, sənədlər hazırlayırsa, maddi ziyana düşürsə və 8-12 ay məhkəmələrdə əsəbləri pozulursa və digər əziyyətlərə düçar olursa, bu yalnız onun borcunun silinməsi ilə məhdudlaşdırılmamalıdlr. İşə baxan hakim həm də ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul etməli, həm də bunu yazan müəssisənin vəzifəli şəxs və şəxsləri barədə xüsusi qərardad qəbul edib, qanunla nəzərdə tutulan qaydada araşdırma üçün prokurorluq orqanlarına göndərməlidir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə də istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
Eyni zamanda qanunvericiliyimiz nəzərdə tutur ki, istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəyən maddi mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsi barədə qərar qəbul etməlidir.
Bu münasibətlərlə bağlı ən müsbət cəhət odur ki, istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilmədir.
Azər Quliyev