Tullantıların idarə edilməsində əsas problem əhalinin biganəliyidir

 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin həyata keçirdiyi "Təbiətdə zibil yox, tullantı - xammal var" monitorinq-maatifləndirmə layihəsinin nəticələrinə uyğun olaraq hazırlanmış

Hesabat:

"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyi həyata keçirdiyi "Təbiətdə zibil yox, tullantı - xammal var" monitorinq-maatifləndirmə layihəsi çərçivəsində Bakı şəhərinin Səbail və Yasamal rayonlarının ərazisində tullantı toplanan məntəqələrdə müşahidələr aparılmış, əhaliyə təbliğat bukletləri paylanmış, sorğular keçirilmiş və bərk məişət tullantılarını idarə edən şirkətlərin nümayəndələri ilə rəsmi və qeyri-rəsmi söhbətlər apararaq, bu sahədə olan mövcud problemləribi üzə çıxarıb və onların həlli yollarını axtarıb. Həyata keçirdiyimiz monitorinq, sorğular və araşdırmalarımız nəticəsində aşagıdakı problemləri müəyyən etdik və nəticələrə müvafiq, dünya təcrübəsinə uyğun olaraq təkliflər hazırladıq.

Problemlər:

1. Əhali arasında məlumatlandırma və təbliğat işi aşağı səviyyədədir. Rəyi soruşulan şəhər sakinlərinin 78 faizi tullantı qutularının müxtəlif rənglərdə olmasının səbəbini bilmir. Yalnız rəyi soruşulanların 22 faizi yaşıl və narıncı tullantı qutularından istifadənin çeşidləməyə xidmət etdiyini bilir. Bununla belə Birliyin könüllü əməkdaşları Bakı şəhərinin mərkəzi küçələrində, dövrü mətbuatda, televiziyalarda və internet resurslarında tullantıların atılm və çeşidləmə qaydalarına aid reklam xarakterli mətnlər axtarıblar. Könüllülər yalnız internet resurslarında bu barədə, əsasən "Təmiz Şəhər" ASC-yə məxsus layihə materiallarına, əldə edilməsi çətin olan mətnlərə rast gələ biliblər. Bununla yanası, Sabunçu rayonunun Qala qəsəbəsində maartifləndirici lövhələrə də rast gəlinib. Bu isə o deməkdir ki, əhalinin bu qədər məlumatsızlığının səbəbi təbliğat-maarifləndirmə işinin zəif təşkilidir.

2. Rəyi soruşulanların 74 faizi etiraf edib ki, tullantını çeşidləmir və tullantı məntəqəsinə yaxınlaşanda əlindəki tullantını ixtiyari qutuya ataraq işini bitmiş hesab edir. Bakı şəhərində tullantıların çeşidlənməsinə başlanmasından 6 il vaxt keçməsinə baxmayaraq, rəyi soruşulanların yalnız 26 faizi tullantıları çeşidlədiyini bildirib.

3. Rəyini soruşduğumuz səhər sakinlərinin 25 faizi tullantıların atılmasını uşaqlara həvalə edir. Uşaqlar isə əksər hallarda qapalı tullantı qutularının qapağını aça bilmədiyindən tullantını qutuların ətrafına atır. Hansı məntəqədə sosial işçi varsa, onlar uşaqların bu problemini onlar aradan qaldırır və ya qutuların ətrafına atılan tullantıları qısa müddətdə təmuzləyirlər. Lakin fikrimizcə, məsələnin köklü şəkildə həll edilməsi üçün mütləq əhali arasında ciddi təbliğat-təşviqat və maarifləndirmə işi aparılmalıdır ki, ailədə valideyinlər tullantıların atılmasını azyaşlı uşaqlara həvalə etməsinlər. Amma təbliğat baxımından tullantı atan valideyinlərin özləri ilə uşaqları da götürməsində fayda var. Bu halda ən azı azyaşlılarda tullantı atmaq barədə anlayışlar formalaşa bilər.

4. Əhali iy verən qarışıq tullantıları germetik qablaşdıra bilmir. Əhali arasında aparılacaq təbliğatın bir predimeti də məhz qarışıq tullantıların qablaşdırılması olmalıdır. Bakıda istənilən tullantı məntəqəsində az və ya çox miqdarda xoşagəlməz iy var. Bunun qarşısını almaq üçün əhali qarışıq tullantını mənzilində qablaşdıra bilər.

5. Tullantı qutularının qapaqları ilə bağlı kiçik problem böyük fəsada səbəb olur. Tullantı qutuya atılan zaman tullantı qutularının qapaqları vətəndaş ayağını pedaldan çəkən kimi qapanır və qutu qapağının qovduqu hava dalğasının təsiri altında qutunun içindəki üfunət qoxuyan hava tullantı atan adamın üzünə çırpılır. Bundan da dolayı çoxları tullantını qutuya yox, onun yanına qoyub gedir.

6. Tullantıların idarə edilməsi üçün əhalidən yığılan pulun şəffaflıq problemi var və bu məbləğ rəmzi xaralter daşıyır. Rəyi soruşulan sakinlərin 82 faizi tullantıların idarə edilməsinə görə nə qədər pul xərclədiyindən xəbəri yoxdur. Çünki bu məbləğ rəmzi xarakter daşıyır, hər adam üçün ayda sadəcə 30 qəpik. Bu bəlkə də bir nəfərin heç bir günlük tullantısının idarə edilməsinə yetməz. Tullantı pulu kiçik məbləğ olduğundan o ümumi kömmunal xidmətlərin içində itib-batır. Bakı şəhərində 500-600 ailənin (2-3 min əhalinin) yaşadığı binanı idarə edən "komendantlar" ayda təxminən 100-150 manat tullantının idarə edilməsi xərci verir ki, bu da heç bir həftəlik idarəetmənin xərclərini qarşılamır.

7. Tullantınn duzgün atılması qaydaları heç yerdə olmadığı kimi, tullantınn düzgün çeşidlənməməsi və səhf atılmasına görə məsuliyyət yaradan hüquqi baza belə mövcud deyil. Onlarla sakinin çeşidlədiyi bir qutu xammalı bir nəfər məsuliyyətsiz qarışıq tullantı ilə zay edib gedir və buna görə də heç bir məsuliyyət daşımır.

8. Dunya təcrübəsi göstərir ki, bərk məişət tullantılarının idarə edilməsi (BMTİE) sistemində ciddi uğura nail olmaq üçün bu işlə özəl şirkətlər məşğul olur. Yəni bu sahə dünyada gəlir gətirən biznes strukturdur.
Hazırda Bakıda da tullantılar daşıyan özəl şirkətlər var. Amma onlar hazırda daha çox ümumi idarəetmə prosesinə manie olurlar. Özəl şirkətlər yalnız tullantıların daşınması üçün qaneedici məbləğ təklif edən şirkət, idarə, müəssisə və yeni tikilən hündürmərtəbəli yaşayış binaların tullantılarını daşıyır. Onların əksəriyyəti isə bu tullantıları şəhərə yaxın olan qeyri-qanuni poliqonlara daşıyır. Bununla da onlar tullantıların idarə edilməsinə yardım etmək əvəzinə, prosesə əngəl törədir. İdarəetmənin əsas məqsədi ümumiyyətlə, tullantı poliqonlarının ləğv edilməsi, bütün tullantıların təkrar emala cəlb edilməsidir. Özəl şirkətlər isə bir çox hallarda qeyri-qanuni poliqonların inkişafına töhfə verir. Bu tullantıların idarə edilməsinin özəl şirkətlərə verilməsi kimi tanına bilməz.

9. Digər məqam ondan ibarətdir ki, hazırda tullantıların idarə edilməsi prosesi iki dövlət qurumu arasında bölünüb. Tullantıları Bakı Şəhəri İcra Hakimiyyətinin nəznində "Kommunal Xidmətlər Müəssisəsi" MMC yığıb, daşıyır, lakin onun emalı, çeşidlənməsi və uerləşdirilməsi ilə "Təmiz Şəhər" ASC məşğul olur. Dünya təcrübəsinə əsasən, daha səmərəli nəticə əldə etmək üçün bütün proses bir şirkətin idarəetməsində olmalıdır. Bakıda isə xərc tələb edən mərhələni bir, mənfəət gərirən mərhələni isə digər şirkət idarə edir. Bu da BMTİE ilə məşgul olan şirkətin kommersiya marağını azaldır.

10. Problemlərdən biri də ondan ibarətdir ki, Bakı şəhərində tikinti materialları tullantısı ya tullantı qutularına, ya da qutuların ətrafına atılır. Dünya təcrübəsində tikinti materiallarının tullantısı bərk məişət tullantısı hesab edilmir və bu tullantı bizim küçələrdə gördüyümüz tullantı məntəqələrinə atılmır. Hazırda tullantı məntəqələrinə atılan tikinti tullantılarını Mənzil Kommunal İstismar Sahələri (köhnə "JEK") köhnə, özüboşaldan maşınlarla daşıyır.

11. Müşahidələrimiz göstərir ki, Abşeron yarımadası ərazisində polıetilin və plastmat materiallar ətraf mühit üçün uzunömürlü tullantılar formalaşdırır və əraziyə xarakterik küləkli hava şəraiti dənizi də bu cür materiallarla çirkləndirir.

Təkliflər:

1. Məişət tullantılarının əhali tərəfindən çeşidlənməsinə nail olmaq üçün ciddi, ardıcıl və şaxələndirolmiş təbliğat kampaniyaları aparılmalıdır. Bunun üçün televiziyalar vasitəsi ilə sosial reklam çarxları yayınlanan bilər, küçə banerləri və məlumatlandırıcı lövhələr yerləşdirmək, əhaliyə maarifləndirici broşurlar, bukletlər, filerlər, məlumat vərəqələri paylamaq olar. Hətta, məktəblərin yuxarı siniflərində bununla bağlı dərs saatları da salmaq olar. Təxminlərimizə görə, orta hesabla hər yüz min əhali üçün on-on beş min təbliğat vasitəsi çap edilməlidir.
Bununla yanaşı, ərazidə tullantı məntəqələrinin yerini göstərən və təlumatlandırıcı lövhələr qoyulmalı, həmin lövhələrdə tullantılarin daşınma saatları da qeyd edilməlidir.

2. Tullantı qutularınin qapaqlarına onların ləng örtülmısini təmin edən hidravlik mexanizm qoşulmalıdır ki, tullantı atan adamın üzünə tullantı qoxulu hava çırpılmasın. Yaxud da tullantı qutularının həcmini bir qədər kiçildib, qapağı əl ilə açıla bilən qutulardan istifadə edilə bilər.

3. Qarışıq tullantıların germetik (iyi çıxmaması üçün) qablaşdırılmasından ötrü əhaliyə qablaşdırma materialları paylanması təmin edilməlidir. Bununla biz tullantı məntəqələrindən gələn xoşagəlməz qoxunu aradan qaldıra bilərik. Həmin qablaşdırma materialları həm də maarifləndirmə vasitəsi kimi istifadə edilə bilər. Məsələn, qablaşdırma materiallarının üzərində tullantıların atılması qaydaları barədə qısa mətnlər yerləşdirilə, onların rəngi çeşidləmə qutularına müvafiq seçilə bilər. Bununla biz həm də üzvi tullantıların iyinə yığışan, yolxucu xəstəliklər mənbəyi olan milçək və digər həşərat yığnağından can qurtara bilərik.

4. Bakı kimi böyük şəhərlərdə təmir-tikinti işi ilə yalnız rəsmi qeydiyyatı və ya icazəsi olan şirkətlər məşğul olmalıdır. Həmin şirkətlər də müştəri ilə bağladığı müqaviləyə əsasən təmir zamanı əmələ gələn tullantını daşıyıb, utilizasiya edilməsinə cavabdeh olmalıdır. Həmin təmir-tikinti şirkətləri şəhərin rəsmi qurumları ilə bu məsələni öz aralarında həll etməlidir.

5. Müşahidələrimiz göstərir ki, məişət tullantılarının əsas hissəsini qida qalıqları və s. üzvi maddələr təşkil edir. Bu isə qarışıq tullantıların yandırılaraq ondan elektrik enerjisi alınması prosesinin xərclərini artırır. Zavodda qazla sulu tullantılar yandırılır, bu da qaz məsrəflərini artırır. Təklif edirik ki, tullantı məntəqələrinə üzvi tullantıların atılması üçün ayrıca qutular qoyulsun. Mövsümə uyğun olaraq bu qutuların sayı azaldıla və çoxaldıla bilər. Sonrakı mərhələdə isə həmin tullantıdan bioyanacaq almaq və torpaqları münbitləşdirmək üçün qidalandırır üzvi gübrə (kompoz) hazırlamaq olar.

6. Tullantı poliqonlarına ehtiyacın azaldılması məqsədi ilə ölkəyə təhlükəli tullantıların emal edilməsi texnologiyası gətirilməlidir. Hazırda menbran örtüklə təcrid edilərək basdırılan təhlükəli tullantılar menbran örtüklərinin istifadə müddəti kecdikdən sonra yenidən təhlükə mənbəyinə çevrilə bilər. Ona görə də bu gələcək üçün çox təhlükəlidir. Həm də bu texnologiyanın olmaması poliqonların ləğvini əngəlləyən amillərdən biridir.

7. Tullantıların düzgün qablaşdırılması, çeşidlənməsi və müvafiq qutulara atılmamasına görə vətəndşlarda məsuliyyət yaradan hüquqi baza formalaşdırılmalıdır.

8. Tullantıların idarə edilməsi üçün optimal qiymət formalaşmalıdır. Bu BMTİE prosesin iqtisadi baxımdan rentabelli sektora çevrilmısindən ötrü vacib olan amillər sırasındadır. Cəmiyyətdə tədricən tullantının ədalətli qiyməti formalaşmalıdır. Məsələn, Yaponiyada tullantıya o qıdır dəyər verilir ki, orada nə tullantı məntəqəsi, nə də BMTİE ilə məşğul olan şirkətlərin tullantıları ərazidən daşıyan maşınları var. Vətəndaş özü tullantını şəxsi maşını ilə qəbul məntəqəsinə gətirir, çeşidləri üzrə təhvil verir və çəkiyə uyğun pulunu alır. Bu prosesin qurulmasının ilk addımı tullantıya verilən dəyərdən başlayır. Tullantının ədalətli idarəetmə xərcləri formalaşmalıdır.

9. BMTİE prosesi özəl şirkətlərin idarəetməsinə verilməlidir. Bu proses bütövlükdə bir şirkətin sərəncamında olmalıdır. Yəni bir şirkət həm tullantınn toplanması, daşınması, həm də onun çeşidlənərək, emal edilərək, alınan məhsulun satılması ilə məşğul olmalıdır. Bir tərəfdən xərc qoyulur, digər tərəfdə isə xərclə yanaşı həm də gəlir əldə edilir. Ona görə də bu iki proses
mütləq vahid bir özəl şirkətin əlində olmalıdır.
Əslində BMTİE prosesinin müəyyən mərhələləri deyil, ərazilər tam şəkildə hərraca çıxarılmalı və şəffaf rəqabət mühitində özəl şirkətlərin birinə həvalə edilməlidir. Ərazi rayonlar şəklində də idarəetməyə verilə bilər, bütün Bakı şəhəri bir şirkətin idarəetməsinə də həvalə edilə bilər.
Bütövlükdə BMTİE ilə özəl şirkətlər məşğul olduqda onlar bu prosesin rentabelli olmasında maraqlı tərəf kimi çıxış edirlər və gec-tez buna nail olurlar. Dövlət şirkətləri isə işin rentabelli, kommersiya istiqamətli getməsində maraqlı deyillər. Çünki onların bütün təminatı dövlət büdcəsinin öhtəliyi sayılır. Belə olan halda BMTİE prosesi dövlət büdcəsini yükləyən kompanetlərdən birinə çevrilir. Lakin bu prosesin özəl şirkətlərin idarəetməsinə verilməsi bir tərəfdən yeni rentabelli özəl sektorun yaranmasına gətirib çıxarır, digər tərəfdən isə dövlət büdcəsinin yükü azalır.

10. Polietilen torbalardan ticarət şəbəkələrində, plastmat materiallardan isə su butulkaları istehsalında istifadə edilməsi qadağan ediıməsi məqsədəuyğun olardı.


Hesabatın məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Hazırladı: “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin ekspertlər qrupu