Bazarda pomidor qiymətləri "əl yandırır" - Qıtlıqdır, yoxsa...
Son günlər bazarlarda və marketlərdə pomidorun qiymətində kəskin bahalaşma müşahidə edilir. İstehlakçılar pomidorun qiymətinin 1.5-2 dəfə artdığını bildirir. Bəzi növ pomidorların kilosunun qiyməti 5-6 manat arasında dəyişir.
Payız fəslinin yeni daxil olmağımıza baxmayaraq, pomidorun belə kəskin bahalaşmasının normal olmadığı qeyd olunur. Ekspertlərdən bəziləri bahalaşmanın mövsümlə əlaqələndirir, bəziləri isə ötən illə müqayisədə artımın kəskin olduğunu düşünür.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkəniz 124.3 milyon dollar dəyərində 112 min ton pomidor ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından təxminən 10 milyon dollar azdır.
Məsələ ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli pomidorun qiymətinin bahalaşmasının əsas səbəbini belə izah edib:
“Burada müəyyən qədər mövsümi amillər var. Sahədə açıq şəkildə yetişən pomidor kolları öz dövrünü artıq başa vurur. Payızlıq əkilən pomidor da hələ çıxmayıb. Açıq sahədə yayın ortasında payızlıq pomidor da əkirlər. O, yetişmiş formada istifadə olunur və satılır. Amma bu əsas səbəb deyil. Əsas səbəb şimal rayonlarında, yəni Ağdaş və Xaçmazda yağışların başlamasıdır. Yağışlı hava şəraitində pomidor toplamaq mümkün deyil. Hazırda əsas olaraq pomidor Göyçay, Ağdaş, Xaçmaz rayonlarından gəlir. Ağdaş və Xaçmazdan gələn pomidorun tədarükü yağış səbəbindən aşağı düşüb. Bu, əslində pomidor mövsümünün bitməsi deyil. Yalnız hazırda bir rayondan - Göyçaydan pomidor gəlir. Bu da tələbatı ödəmir. Tələbatı ödəmədiyinə görə qiymətlər bahalaşır. Hazırda pomidor qiymətləri 3-4 manat arasında dəyişir. 4 manata normal pomidor almaq mümkündür”.
Ekspert pomidor qiymətlərinin aşağı düşəcəyini düşünür:
“Hazırkı vəziyyət o demək deyil ki, bundan sonra pomidor ancaq baha olacaq. Mən hesab edirəm ki,pomidorun qiyməti ucuzlaşacaq. Quraqlıq başlayanda və Salyanda ikinci əkin olan pomidor yetişib, Ağdaşda və Xaçmazda yağışlar bir qədər ara veridikdən sonra pomidorun qiyməti yenidən aşağı düşəcək. Mən hesab edirəm ki, təxminən bu həftənin sonuna qədər pomidorun qiyməti aşağı düşəcək. Ondan sonra da artıq istixana məhsulları çıxacaq. Yenidən pomidorun qiymətinin sabitləşəcəyini gözləyirik”.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov pomidorların və bir sıra kənd təsərrüfatlarının toxumlarının ciddi dəyişdirildiyini söyləyib:
“Bu toxumlardan fərdi təsərrüfatlarda, ev şəraitində əkib məhsul almaq mümkün deyil. Məsələn bu il Muğan zonasında pomidorlardan, qarğıdalıdan bal almaq mümkün olmayıb. Getdikcə toxumçuluq ciddi dəyişdikdən pomidor istehsalı təşkil olunmuş böyük təsərrüfatlarda, aqrofirmalarda cəmləşir. Onlara həmin toxuma uyğun olaraq pomidoru necə yetişdirmək lazım oluğu məlumdur. Lakin şəxsin özünə lazım olan fərdi həyatyanı təsərrüfatında bu məhsulları yetişdirmək ildən-ilə məhdudlaşır. Böyük təsərrüfatlardada cəmləşən istehsal əlbəttə ki, qiymətlərin çox asanlıqla razılaşdırılmasına gətirib çıxaır. Bakı şəhərində istənilən bazara çıxan pomidor öncə Meyvəli bazarına gətirilir. Burada bazarın 3-cü subyekti olan alverçilər meydana çıxır. Onlar pomidorları alırlar və Bakının mağazalarına satırlar. Onlar da qiymətə öz əlavələrini edirlər.Gecə səhərə qədər Oradakı insanlar bu işi təşkil edirlər. Fərdi təsərrüfatlarda istehsal edilən məhsullar,ümumiyyətlə, bazara çıxarılmır. Belə bir şəraitdə,əlbəttə ki, dəyər zəncirində qiymətin yüksəlməsi ortaya çıxır. Karter sövdələşməsi asanlıqla baş tutur. Çünki bir mənbədən pomidor gətirilir.Pomidor hər yerdə istehsal olunsaydı, qiymətlər aşağı düşərdi. Ancaq biz görürük ki, pomidorun sortu dəyişib. Pomidorun qabığı sanki dəridir. Deşmək olmur. Bu sortlar Azərbaycana daxil olduqca bunların müxtəlif əllərdə cəmləşməsi də baş verir. Bir sözlə qiymətin artması karter sövdələşməsinin nəticəsidir. Bu proses davam edəcək və ildən-ilə güclənəcək".
E.Hüseynov vurğulayıb ki, hökumət bu işə müdaxilə edə bilməz:
"Çünki qiymət hökumət tərəfindən tənzimlənmir. Hökumətin borcu bazarda haqlı rəqabət mühiti və bolluq yaratmaqdır. Korparasiyalar haqqında qanunun qəbulundan 10 il keçməsinə baxmayaraq, kəndlərin korparasiyalarda birlməşməsi mümkün olmayıb.Korparasiyada birləşməyən kəndlilərin ziyanvericilərlə mübarizə imkanları yox dərəcəsindədir. Muğan bölgəsi xüsusiilə susuzluqdan əziyyət çəkir. Həyətyanı ərazilərdə susuzluq müşahidə olunur. Suya əlçatanlığın zəif olması kənd təsərrüfatlarında pomidor yetişdirilməməsinə və istehsalın müəyyən əllərdə cəmləşməsinə gətirib çıxarır. Həmin əllər də qiyməti istədiyi kimi təyin edir".