Qoy duzumuz bol olsun!
Amma düz olsun, yodlu olsu
(I yazı)
Duz qida rasionumuzun son dərəcə vacib komponentlərindən biridir. Gündəlik qidalarımızı duzsuz təsəvvür etmək çətindir. Bu vacib qida məhsulunun adının əvəzsiz nemətimiz olan çörəklə yanaşı çəkilməsi də təsadüfi deyil. Duz ölçü, dəyər, ləzzət mənası da daşıyıb. “Duzlu söhbət, “duzlu yazı” ifadələri duzun qədir-qiymətindən ərsəyə gəlib.
Bu, əsrlər boyu da belə olub. Hətta keçmişdə ayrı-ayrı dövlətlər arasında duz üstündə müharibələr baş verib, çox zaman insan əməyinin dəyəri duzla ödənilib. Beləcə, zaman-zaman dəyər qazanan duzdan dərman istehsalında, buzlu yolların açılmasında, suyun yumşaldılmasında və sabun istehsalında istifadə olunmağa başlayıb. Hazırda isə duzun 14 min növə qədər istifadə sahəsi var.
Təqribi hesablamalara görə, ölkəmizdə duzçıxarma sənayesinin 5 min il tarixi var. Bu da qədim İpək Yolunun üstündə yerləşən Azərbaycanın dünya dövlətləri ilə ticarət əlaqələrinin genişləndirilməsində mühüm rol oynayıb. Sovet dönəmində respublika əhalisinin qida duzuna olan tələbatı, əsasən, idxal hesabına ödənilib. SSRİ-nin dağılması ilə əlaqədar müttəfiq respublikalar arasında iqtisadi əlaqələrin zəifləməsi səbəbindən əhalinin bu vacib qida məhsulu ilə tələbatının ödənilməsində böyük çətinliklər yaranıb. Ölkədə qida duzunun çatışmazlığı isə bəzi işbazların işinə əməlli-başlı yarayıb.
Xüsusən də ötən əsrin 90-cı illərində bu sahə tam nəzarətsiz qaldığından əhali təmizlənməmiş duzdan istifadə etmək məcburiyyəti qarşısında qalıb. Belə ki, həmin dövrdə Bakı və Abşeronda, eləcə də ölkənin digər ərazilərində yerləşən göllərdən toplanmış duz heç bir sanitar-gigiyena normalarına riayət edilmədən, yəni təmizlənmədən respublikanın ticarət şəbəkələri vasitəsilə əhaliyə satılıb.
Həmin dövrdə bir çoxumuz paytaxtın Qaradağ rayonunun ərazisində yol boyu mədən suları ilə çirklənmiş göllərdə, eləcə də Xırdalan və Masazır göllərinin ətrafında qalaq-qalaq toplanmış duz təpələrinin şahidi olmuşduq. Bu acınacaqlı mənzərəyə təkcə şahidlik etməmişdik, həm də xəstəlik mənbəyi olan həmin duzdan bilərəkdən və ya bilməyərəkdən alıb xörəyimizə də qatmışdıq. Bu sahədə maarifləndirmə işinin aşağı səviyyədə olmasının nəticəsi idi ki, qidamıza duz əvəzinə zəhər qatdığımızın fərqində deyildik. Onu da nəzərə almamışdıq ki, ağzımızı dada-tama gətirən duz, həm də yodlaşdırılmış şəkildə qəbul olunmalıdır. Çünki təbii halda duzun tərkibində yod olmur. Yodlu duz yalnız istehsalat prosesində əldə olunur.
Beləcə, ölkədə yod çatışmazlığı getdikcə artırdı. Yodlaşdırılmamış duzun qəbulu isə vətəndaşlarımızın sağlamlığı, genefondumuz üçün ciddi təhlükə yaradırdı. Yeri gəlmişkən, mütəxəssislər bildirirlər ki, yodlaşdırılmamış duz zob, cinsi zəiflik, uşaqların əqli və fiziki inkişafdan qalmasına, hamilə qadınlar arasında erkən doğuş xəstəliyinin yaranmasına və s. səbəb ola bilər.
…Yaxşı ki, gec də olsa, bu sahədə dövlətin nəzarət mexanizmi işə düşdü. Məsələnin ciddiliyi nəzərə alınaraq bir sıra mühüm adımlar atıldı, vacib sənədlər qəbul olundu. Dövlət başçısının 2001-ci il martın 2-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edildi. Bu vacib dövlət sənədində ilk dəfə olaraq yodlaşdırılmamış duzdan istifadənin zob xəstəliyinin yayılmasına səbəb olduğu göstərildi. Bununla əlaqədar Səhiyyə Nazirliyinə yod çatışmazlığı ilə bağlı xəstəliklərin qarşısının alınmasına dair milli standartın işlənməsi, xörək duzunun yodlaşdırılması və yodlaşdırılmış duzun idxalı üzərində nəzarətin və digər tədbirlərin həyata keçirilməsi tapşırıldı.
Həmin il dekabrın 27-də isə Azərbaycanda “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında” Qanun qəbul olundu. Bununla yanaşı, sözügedən sahə ilə bağlı işlənib hazırlanmış normativ-texniki sənədlərdə duzda yodun miqdarı müəyyənləşdirildi. Həmin standarta əsasən, 1 qram duzda 30-50 mikroqram yodun olması norma kimi qəbul edildi. Eyni zamanda, duzun gündəlik istehlakının optimal miqdarı isə 6 qram müəyyənləşdirildi. Mütəxəssislərin fikrincə, insanlar tərəfindən istehlak olunan ümumi duzun 80 faizi hazır məhsullar vasitəsi ilə qəbul edilir.
Azərbaycanın duz idxalından asılılığını azaltmaq, mövcud potensialdan qanunvericiliyin tələblərinə və sanitar-gigiyena normalarına uyğun səmərəli şəkildə istifadə etmək, eləcə də vətəndaşların yodlaşdırılmış, keyfiyyətli duzla təminatını yaxşılaşdırmaq məqsədilə ölkənin ən böyük duz mənbələrindən olan Masazır gölünün yaxınlığında yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzu zavodu tikilib istismara verildi. “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq” MMC-nin birgə əməkdaşlığı ilə tikilən müəssisə il ərzində 60 min tona yaxın duz istehsal etmək imkanına malikdir. Bundan əlavə, hazırda Naxçıvanda yerləşən Duz dağından yığılan duzlar emal olunaraq istehlak bazarına çıxarılır.
Yeri gəlmişkən, hazırda Azərbaycanın yodlaşdırılmış duza illik tələbatı, təqribən, 45-50 min ton təşkil edir. Bu tələbat isə yerli istehsal və idxal hesabına ödənilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust aylarında ölkəmizdə 47,1 min ton qida duzu istehsal olunub. Bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir. Sentyabr ayının 1-nə anbarlarda qalıq məhsul ehtiyatı 2,3 min ton təşkil edib.
Bununla yanaşı, hazırda respublikamıza xaricdən qida üçün yararlı, yodlaşdırılmış və digərlər növ duz məhsulları da idxal olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk yarısında Azərbaycan 13 ölkədən, təqribən, 560 min dollar məbləğində 4 min 700 ton duz idxal edib. İdxalın 3 min 124 tonu (250 min dollar) İranın, 1344 tonu isə (195 min dollar) Rusiyanın payına düşüb. Hesabat dövründə, həmçinin Türkiyədən 43,4 min dollarlıq 94 ton, Qazaxıstandan 16,3 min dollar dəyərində 58 ton, Pakistandan 20 min dollarlıq 26 ton, Özbəkistandan isə 8,2 min dollarlıq 44 ton duz idxal olunub. Duzun qalan hissəsi isə Belarus, Almaniya, İtaliya, Lüksemburq, Çin və İrlandiyanın Birləşmiş Krallığından gətirilib. Bununla yanaşı, ilin ilk 6 ayında, əsasən, Belarus və Rusiyadan, təqribən, 303 min dollarlıq 2 min 515 ton duz və digər duz məhlulları idxal olunub.
İxraca gəldikdə isə, bu ilin 6 ayında Azərbaycan 5 ölkəyə 749 min dollarlıq 6 min 413 ton duz ixrac edib. İxracın 3 min 883 tonu (358 min dollar) Rusiyanın, 2 min 328 min tonu (369 min dollar) Gürcüstanın, 100 tonu (12,2 min dollar) Ukraynanın payına düşüb. Bundan əlavə, hesabat dövründə ölkəmizdən Qazaxıstana 100 ton (9,7 min dollar), Kanadaya isə 1,7 ton (0,44 dollar) duz ixrac olunub.
Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə, duzla bağlı normaların müəyyən olunmasına, ölkədə Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun duz istehsalı müəssisəsinin istismara verilməsinə baxmayaraq, problemin həlli üçün uzun müddət lazım gəlib. Ötən zaman ərzində ölkədə saxta duz istehsalı ilə məşğul olan 40-dək gizli sex aşkarlanaraq ləğv olunub. Bununla belə, aparılan mübarizə tədbirlərinə baxmayaraq, bu sahədə bəzi neqativ hallar hələ də davam etməkdədir.
Keçək əsas mətləbə. Müşahidələr göstərir ki, hazırda ölkənin bəzi ticarət şəbəkələrində alıcılara yodlaşdırılmamış duzlar təklif olunur. Belə ki, bəzi işbazlar nəzarət tədbirlərinin yetərincə olmamasından istifadə edərək qida üçün yararsız, yodlaşdırılmamış duz məhsullarının istehlak bazarına çıxarılmasına nail olurlar. Bununla yanaşı, hazırda daxili bazarda istehlakçıların aldadılması hallarına da rast gəlmək mümkündür. Necə deyərlər, tamah dişi böyük olan bəzi işbazlar çörək qədər əhəmiyyətli sayılan bu vacib nemətə haram qatmaqdan belə, çəkinmirlər. Belələri heç bir sanitar tələblərə cavab verməyən bu cür məhsulları xarici brendlərin təqlidi yolu ilə qablaşdıraraq ticarət şəbəkələrinə ötürürlər. Hazırda paytaxtın bəzi iri marketlərində duz məhsullarının xarici brend adı ilə olduqca yüksək qiymətə əhaliyə təklif olunması da müəyyən şübhələrə yol açır.
Ölkənin duz bazarında mövcud vəziyyəti öyrənmək, duzun satışı zamanı qanunvericiliyin tələblərinə necə riayət olunmasını müşahidə etmək məqsədilə paytaxtın bir neçə iri supermarketlərinə baş çəkdik. Həmin dükanlarda alıcılara növbənöv, çeşid-çeşid, əksəriyyəti də tanınmış brendlərlə etiketlənmiş duz nümunələri təklif olunur. Qiymətləri bir-birindən baha olan (450 qramı 14 manat 30 qəpiyə olan duza da rast gəlmək mümkündür) bu duzların heç biri yodlaşdırılmayıb. Hər halda qutuların üstündə duzun yodlaşdırılması ilə bağlı heç bir qeydin olmaması belə bir qənaətə gəlməyə əsas verir. Həmin duz nümunələri isə bunlardır: 500 qramlıq “Himalayan Dark Pink Salt”, 450 qramlıq “Morskaya Sol”, 410 qramlıq “Morskaya sol”, “Sol Adıqeyskaya” (çəkisi qeyd olunmayıb), 250 qramlıq “Sol Morskaya” və s.
Ölkədə ekspertiza işinin lazımi səviyyədə olmaması səbəbindən supermarketlərin birindən aldığımız duz nümunələrinin tərkibini yoxlatmaq isə əməlli-başlı müşkülə çevrildi. Nəhayət, çətinliklə də olsa, əldə etdiyimiz 5 duz nümunəsini, qismən də olsa, yoxlatdıra bildik. Nəticə isə gözlədiyimiz kimi oldu: həmin duzların heç birinin yodlaşdırılmaması bir daha təsdiqini tapdı.
Qeyd edək ki, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında” Qanunun 8-ci maddəsində yodlaşdırılmış duzun istehsalı və idxalına dair tələblər öz əksini tapıb. Qanunun 8.3 maddəsinə əsasən, yodlaşdırılmamış duzun qida və yem məqsədilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır. Bəs, mənşəyi şübhə doğuran, mövcud qanunvericiliyin və normativ-texniki sənədlərin tələbləri ilə tərs mütənasiblik təşkil edən belə məhsullar ölkənin sərhədlərini hansı formada keçir və ya ticarət şəbəkələrinə necə yol tapır? Şübhələr isə suallar qədər çoxdur…
Ölkənin ticarət şəbəkələrində istifadə üçün qismən və ya tamamilə yararsız olan duzların satışı hallarına qarşı aparılan mübarizə tədbirləri ilə bağlı mətbuatda müəyyən məlumatlara rast gəlmək mümkündür. Məsələn, bu ilin fevral ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən yayılan bir məlumatda qeyd olunur ki, xaricdən ölkəmizə gətirilən 22 ton xörək duzunda nöqsanlar aşkarlanıb. Bildirilir ki, “Inovax General Trading” MMC-nin Pakistandan idxal etdiyi “SS Brothers” şirkətinin istehsalı olan, ümumi çəkisi 22,29 ton xörək duzu məhsuluna (10.10.2022-31.12.2024 istehsal və son istifadə tarixli) agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu müəyyənləşib. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Biz də ölkədə qida təhlükəsizliyinə birbaşa cavabdeh olan həmin qurumdan ilin ötən dövründə bu sahədə həyata keçirilmiş tədbirlər barədə müfəssəl məlumat əldə etmək istədik. Bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Çağrı Mərkəzi ilə əlaqə saxlayıb qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevlə danışmaq istədiyimizi bildirdik. Telefon zəngimizə cavab verən şəxs (Çağrı Mərkəzinin əməkdaşı) isə cidd-cəhdlə məqsədimizi, Mansur müəllimi nə üçün aradığımızı soruşdu (?). Nəhayət, məsələdən hali olandan sonra xətdə gözləməyimizi məsləhət bildi. Amma nədənsə, mətbuatla birbaşa işləməyə, təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı medianın suallarını cavablandırmağa borclu olan məsul şəxslə danışmaq bizə müyəssər olmadı. Bu dəfə özünü Mansur Piriyevin müavini kimi təqdim edən İlkin adlı şəxsin sorğu-suallarını cavablandırmalı olduq. Ən təəccüblüsü isə bu oldu ki, İlkin müəllim marketlərdə yararsız duzların satışı ilə bağlı bizdə hər hansı faktın olub-olmaması ilə maraqlandı. Belə faktların olacağı təqdirdə onlara məlumat verməyimizi məsləhət bildi. Axı dükan-dükan gəzib bu kimi halları üzə çıxarmaq mətbuatın və ya hər hansı bir jurnalistin işi deyil. Bunu, güman ki, özləri də bilməmiş deyillər. Bilmirlərsə, xatırlatmağa hazırıq. Bir də ki, adından da göründüyü kimi, ölkədə qida təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyan qurum nəyə və hansı məqsədə xidmət edir? Bununla belə, mətbuat xidmətinin katibi məqsədimizi onlara elektron poçt vasitəsilə çatdırmağı tövsiyə etdi. İlkin müəllimin məsləhətinə əməl etsək də, 10-15 gün ərzində sorğumuza heç bir cavab ala bilmədik. Qida Təhlükəsizliyi Agentliyinin rəsmi dövlət qəzetinə etinasız münasibəti, xüsusən də əhalinin sağlamlığının qorunması baxımından son dərəcə vacib bir məsələyə soyuqqanlı yanaşması təəccüb və təəssüf doğurmaya bilməz.
Ən nəhayət, yerli istehlakçılar yodlaşdırılmamış, saxta duz məhsullarından nə vaxt can qurtara biləcəklər? Paytaxt ərazisində apardığımız araşdırmalarla bu sahədə müşahidə olunan neqativ halları, qanun pozuntularını aşkara çıxarmağa nail ola bilsək də, bu sualın izahını verməkdə, cavabını tapmaqda acizik. Sualın konkret cavabı ölkə əhalisinin ərzaq təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyan Qida Təhlükəsizliyi Agentliyindən asılıdır. O cavabı isə həm biz, həm də milyonlar gözləyir. Yeri gəlmişkən, qeyd etdiyimiz kimi, agentliyin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı ölkə ərazisində saxta, istifadəyə yararsız duzların satışı ilə bağlı bizdən faktlar istəmişdi. Bu da sizin üçün faktlar, cənablar! Əlahəzrət faktın araşdırılması isə vicdanınızdan və olmayan peşəkarlığınızdan asılıdır.
Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri
Duz bütün dövlətlərdə iqtisadi indeks göstəricisi sayılır. Hansı ölkədə duz istehlakı artıqdırsa, yəni sənayedə, məişətdə çox istifadə olunursa, demək, orada böyük inkişaf var. Qeyd edim ki, geridə qalmış ölkələrdə duzun fərdi ailələr səviyyəsində istehlakı 70 faiz təşkil edir. Azərbaycanda isə bu göstərici 35 faizə bərabərdir.
Ölkəmizdə duzun istehsalı və istehlakı ildən-ilə artır. Bu da o deməkdir ki, Azərbaycanda sənaye və biznes inkişaf edir. Ona görə də hazırda respublikamızda istehsal olunan və idxal edilən duzun çox böyük hissəsi sənaye sahəsində işlədilir. Bura isə ərzaq, neft, dəriaşınma və digər sahələr aiddir. Bildirmək istəyirəm ki, duzun məişət, ailə və sənaye səviyyəsində istifadəsi ölkənin inkişaf indeksi kimi qiymətləndilə bilər.
Azərbaycanda qurulmuş zavod dünya standartları səviyyəsindədir. Burada quraşdırılmış ən müasir texnologiyaların köməyi ilə duzu bütün qarışıqlardan təmizləmək mümkündür. Yəni bu gün zavodda Ekstra duz istehsal edilir. Bu növ duzlar hər ölkədə istehsal olunmur. Azərbaycan isə regionda Ekstra duz istehsal edən yeganə dövlətdir. Ekstra duzlar eyni bir mənbədən yığılmış digər duzlardan çox fərqlənir. Hər şeydən əvvəl, bu, tam təmizlənmiş duzlardır. Bu gün Azərbaycan Rusiya, Ukrayna, Kanada, bütövlükdə, 15-ə yaxın ölkəyə duz ixrac edir.
Azad İstehlakçılar Birliyi və dövlət orqanları 2001-ci ildən ölkədə yodsuz duzdan istifadənin qarşısının alınması üçün ciddi iş aparıblar. Bununla belə, tərəfimizdən illər boyu aparılan davamlı monitorinqlər göstərir ki, hələlik, qanunun müəyyən hədəflərinə çata bilməmişik. Baxmayaraq ki, ölkədə yod çatışmazlığı xəstəliyi, demək olar ki, aradan qaldırılıb. Amma təəssüf hissi ilə bildirmək istəyirəm ki, hazırda daxili bazarda, təqribən, 15 adda yodsuz duzun satılması hallarına təsadüf olunur. Həmin duzlar isə ticarət şəbəkələrində alıcılara “Sol Morskaya”, “Morskaya sol”, “Ekstra”, “SEA SALT” və digər adlar altında təklif olunur.
Yeri gəlmişkən, bəzən həmin duzların yodlaşdırılması ilə bağlı heç bir qeydlə rastlaşılmır. Bu isə həmin duzların yodsuz olması anlamına gəlməyə əsas verir. Onu da deyim ki, bizdə olan xüsusi bir maddənin köməyi ilə həmin duzların yodlaşdırılmamasını asanlıqla müəyyənləşdirmək mümkündür. Şübhə doğuran məqamlardan biri də budur ki, artıq bir neçə ildir ki, davam edən pandemiya, eləcə də müharibə səbəbindən Azərbaycana Ukraynadan duz idxal olunmur. Lakin hazırda ölkəmizin qərb bölgələrində Ukrayna mal nişanı ilə bu dövlətin dilində markalanmış “Artyom sol” adlı duzun satılması müşahidə edilir. Bu, birmənalı olaraq istehlakçıların aldadılmasıdır.
Düzdür, yerli istehlakçılar sovet vaxtında Ukrayna istehsalı olan daş duza maraq göstəriblər. İndi isə əhaliyə daş duzu adı altında mənşəyi məlum olmayan, təmizlənməmiş duz satılır. Bu, qətiyyən yolverilməzdir. Bununla yanaşı, hazırda İran, Belarus və digər ölkələrdən də ölkəmizə külli miqdarda duz gətirilir. Prinsipcə, açıq bazar iqtisadiyyatı şəraitində buna heç bir məhdudiyyət yoxdur. Hərçənd yerli duz istehsalı zavodu ölkəni duzla tam təmin edə bilər. Bununla belə, azad, sərbəst ticarətin mövcud olduğu ölkəmizdə biznes qurumları üçün bərabər şərait yaradılıb. Onlar da bundan yararlanaraq ölkəyə kənardan duz gətirib daxili bazarda satırlar.
Azad İstehlakçılar Birliyini narahat edən məsələ isə əmtəə bazarında yodsuz duzların mövcudluğudur. Yəni qanuna zidd olduğu halda, ölkədə müxtəlif əmtəə nişanları altında duzlar satılır. Ən təəccüblüsü odur ki, son illər istehlakçılar tərəfindən bizə çoxsaylı zənglər edilir. Soruşurlar ki, əgər bu natrium xlordusa, nə üçün onun 1 kiloqramı 40 qəpiyə də satılır, 15-20 manata da. Əslində, onların dediklərində həqiqət var. Düşünürəm ki, yüksək qiymətə satılan duzlar əhalinin aldadılmasından başqa bir şey deyil. Səbəbini soruşduqda isə iddia edirlər ki, baha qiymətə satdıqları duzlar guya tərkibi zənginləşdirilmiş məhsuldur, Altay duzudur və s.
Həmin duzlar yodlaşdırılmadığı üçün qanun, birmənalı olaraq, onların satışını qadağan edir. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Qida Təhlükəsizliyi Agentliyi nəyə görə bu cür duzların Azərbaycana idxalına icazə verir. Bu, bizi çox düşündürür. Fürsətdən istifadə edərək sizin qəzet vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edirəm ki, bu cür halların qarşısını almaq üçün təsirli tədbirlər görsün.
Mirbağır YAQUBZADƏ,
Vaqif BAYRAMOV
Xalı Qəzeti