Pomidor niyə günü-gündən bahalaşır? - SƏBƏBİ BƏLLİ OLDU


“Öz məhsullarımızın xaricdən gətirilənlərlə eyni qiymətdə, yaxud ondan da baha olmasının bir sıra səbəbləri var. Yəni, bu bir səbəbdən asılı məsələ deyil. Birinci səbəb əlverişsiz hava şəraitidir. Xaricdən Azərbaycana pomidor gətirilmir. Yerli pomidor da açıq sahədə əkildiyinə görə yağışlar dönəmində tarlalardan onu yığmaq mümkün olmur. Bu səbəbdən pomidor qıtlaşır. Qıtlaşma səbəbindən də bahalaşma baş verir. Müşahidə etsəniz bazardakı pomidorların yağışdan sonra çıxan olduğunu görərsiniz. Bunların bəziləri əyri, deformasiyaya uğramış və rəngləri xoşagəlməzdir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

 

Onun sözlərinə görə, digər səbəb isə Azərbaycanda ümumiyyətlə pomidor istehsalçıları təmərküzləşir: “Yəni, pomidor istehsal edən fermerlər böyük fermerlərə çevrilərək bir-biri ilə bərabər hərəkət edirlər. Pomidorun həm istehsalında, həm də satışında inhisarçılıq var. Bilirik ki, bir neçə il bundan öncə xeyli istixanalar aradan qaldırıldı. Bu istixanaların sahibləri ya onları kimlərəsə satdı, ya da söküb yerinə bağ hazırladılar”.
Akif Nəsirli sözlərinə belə davam edib: “Digər bütün meyvə-tərəvəzlər kimi pomidor da birbaşa Meyvəli bazarına gəlir. Meyvəlidən isə Bakıdakı bazarlara paylanılır. Bu da istənilən qiyməti diqtə etməyə imkan verir. Məsələn, meyvəlidə 2 manat olan pomidor, digər bazarlarda 3.50, yaxud 4 manat olacaq. Çünki rayonda özü pomidor əkən adi fermer öz pomidorunu 8-ci kilometr bazarında birbaşa sata bilmir. O, mütləq pomidoru gətirib Meyvəliyə verməlidir. Yəni, mənbə birdir.
Digər tərəfdən pomidor toxumlarını seleksiya nəticəsində elə formaya salıblar ki, onu adi aqrotexniki qaydalarla becərib yüksək məhsul götürmək mümkün deyil. Yəni, ölkəyə xüsusi pomidor toxumları gətirilir ki, onlardan əmələ gələn pomidorlar xüsusi aqrotexniki qaydalarla yetişməlidir. Bunu da bir qrup fermerlər bilib istifadə edir. Öz təşəbbüsü ilə pomidor əkən fermerləri müxtəlif vasitələrlə sıradan çıxarırlar. Artıq kəndlilər özləri yemək üçün belə pomidoru nadir hallarda əkir. Çünki adi aqrotexniki qulluqla həmin pomidorlar normal məhsul vermir. Onlara xüsusi dərmanlar və yemləmə verilməlidir. Ona görə də kənd təsərrüfatının bu sektorunda çox sürətlə inhisarlaşma gedir. Qiymətin qaldırılıb-endirilməsi də bununla bağlıdır. Yəni, inhisarçı bazara istədiyi qiyməti diqtə edə bilir”.

Ayşən Vəli