Taxıldan başqa daha nələrin ehtiyat fondu yaradılacaq?..
Akif Nəsirli: "Kartof, soğan, şəkər tozu, bitki yağları və sair məhsulların ehtiyatları yaradıla bilər ki..."
"Azərbaycanda “Dövlət ehtiyatları haqqında” yeni qanun qəbul edildikdən sonra istehlak bazarında strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı alınacaq". Bunu yerli mətbuata açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramovun sözlərinə görə, qanun layihəsinə əsasən, vətəndaşlarımızın daha çox istifadə etdiyi məhsullar üzrə strateji ehtiyatların yaradılması nəzərdə tutulur:“Yalnız taxıl deyil, eyni zamanda əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrə strateji ehtiyatlar yaradılacaq. Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur.
Eyni zamanda, qanun layihəsinə əsasən, istehlak bazarında qiymətlərin monitorinqi aparılacaq. Əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir.
Ona görə də qanunun qəbul olunmasından sonra yeni strateji ehtiyatların yaradılması hesabına istehlak bazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınması mümkün olacaq”
Millət vəkilinin bildirdiyinə görə, bu qanun qəbul edildikdən sonra gözlənilir ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı məhz həmin ehtiyatlardan istifadə etməklə alınacaq və bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə imkan verəcək.
Məlumat üçün bildirək ki, “Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi oktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Taxıldan başqa bir neçə digər strateji məhsulun da ehtiyat fondu yaradılacaq. Bu çox maraqlı və vacib məsələdir.
Məsələn, hansı məhsulların ehtiyat fondu yaradıla bilər, yaxud yaradılacaq?
- "... Kənd təsərrüfatı və qida məhsullarının ehtiyatları fondunun yaradılması mümkündür"
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində "Birincisi, Dövlət Ehtiyatları haqqında qanunun qəbul edilməsi hələ o demək deyil ki, dövlət ehtiyatları fondu yaradılıb. Yəni bu, dövlət ehtiyatlarının yaradılması üçün hüquqi bazadır, ilkin addımdır. Dövlət ehtiyatlarının yaradılması o anlama gəlmir ki, bundan sonra Azərbaycanda ərzaq məhsullarının qiyməti daha bahalaşmayacaq. Bu mümkün olan şey deyil. Amma məsələ burasındadır ki, dövlət ehtiyatlarından hökumət tərəfindən ölkədə qiymətlərin sabitləşdirilməsi, istehlak bazarında qiymətlərin müəyyən korrektə edilməsi üçün bir vasitə kimi istifadə edilir. Tutalım, kənd təsərrüfatı və qida məhsullarının ehtiyatları fondunun yaradılması mümkündür. Kartof, soğan, şəkər tozu, bitki yağları və sair məhsulların ehtiyatları yaradıla bilər ki, qısa zaman kəsiyində bu məhsulların müəyyən təsirlər nəticəsində bahalaşmasının qarşısını almaq üçün hökumətin ehtiyat fondundundakı məhsulları bazara çıxarıb qiymətləri sabitləşdirməsi mümkün olar"-deyə qeyd etdi.
A.Nəsirlinin sözlərinə görə, amma bu qiymətləri sabitləşdirməkdən ötrü qiymətlər də eyni bazardan, yəni ölkənin həm idxalından, həm də daxili istehsalından formalaşmalıdır. Onun fikrincə, əgər biz əvvəl diqqəti ehtiyatlara yönəltsək, onda bazarda qıtlıq yaranacaq və bu qıtlıq özü bahalaşmaya gətirib çıxaracaq: "Ona görə də, birinci növbədə ölkədə ərzaq bolluğunun yaranması təmin olunmalıdır. İkincisi, inhisarçılıq aradan qaldırılmalıdır və rəqabət mühiti yaradılmalıdır. Bu şəraitdə bəli, dövlətin yaratdığı ehtiyatlardan istifadə edib bazarda tənzimləmə işləri aparmaq olar və qiymətlərin görünməz əl vasitəsilə korrektə edilməsi mümkündür. Məsələn, bu üsuldan Amerikada hələ ötən ilin 80-ci illərində istifadə edilib. Bu gün də istifadə edilir. Bu necə baş verir? Götürək elə kartof məhsulunu, hökumət əvvəlcədən araşdırmalar aparıb müəyyənləşdirir ki, ölkədə kartof məhsulu nə qədər məhsuldardır, ona tələbat nə qədərdir və sair. Müəyyən edir ki, bu il kartof boldur. Yeni kartof məhsulu bazara çıxmamış həmin artıq kartofu hökumət dövlət büdcəsi hesabına fermerlərdən satın alır. Beləliklə, artıq kartofu bazardan çıxarmaqla qiymətləri sabitləşdirir. Digər ildə isə ola bilər ki, kartofçuluqda məhsuldarlıq aşağıdır, bazarın tələbatı tutaq ki, yüz min tondur, ölkədə istehsal olunacaq kartofun həcmi isə 80 min tondur. Demək, 20 min tonu hökumət öz ehtiyatlarından bazara çıxararaq bazarın tələbatının çatışmayan hissəsini ödəyir ki, qiymət sabit qalsın. Yəni dövlət ehtiyatlarından istifadə etməklə qiymətlərin sabitləşdirilməsi nəzəri baxımdan bu cür həyata keçirilir. Dünyanın inkişaf etmiş aparıcı dövlətlərində dövlət ehtiyatlarından bu cür istifadə olunur. Azərbaycanda isə qiymətlər heç vaxt ucuzlaşmır, bir qayda olaraq yalnız bahalaşır. Bunun qarşısını almaq üçün dövlət ehtiyatlarının yaradılması o qədər də səmərəli məsələ deyil"-deyə bildirən A.Nəsirli vurğuladı ki, mövcud problemləri aradan qaldırmaq və məhsul bolluğu yaratmaq, ölkə daxilində məhsul istehsalını genişləndirmək, stimullaşdırmaq lazımdır. Onun sözlərinə görə, bunlarla yanaşı ölkənin həm istehsal, həm də satış, ticarət sferasında inhisarçılıq aradan qaldırılmalıdır, rəqabət mühiti yaradılmalıdır. "Bundan sonra bəli, dövlət ehtiyatlarının bir vasitə kimi istifadə olunması məqbuldur" - deyə A.Nəsirli bildirdi.
İradə SARIYEVA