Azərbaycanda iqtisadi artım zəif inkişaf edir - BVF proqnozlarını niyə azaltdı?


“Beynəlxalq Valyuta Fondunun proqnozları standart göstərici deyil. Onlar real, yəni indiki vəziyyətə uyğun proqnozlarını dəqiqləşdirir və elan edir”.
Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı iqtisadi artımla bağlı açıqladığı proqnozu şərh edərkən deyib.
Akif Nəsirli bildirib ki, Beynəlxalq Valyuta Fondu bu ilin əvvəlindən ən azı iki dəfə Azərbaycan haqqında proqnozları müxtəlif istiqamətlərdə dəyişib:
"Bu real vəziyyətdən çıxış edilərək hesablanan təxminlərdir. Reallığı əks etdirir. Məsələn, ola bilsin ki, bu proqnoz gələn ilin yanvar ayında müsbətə doğru meyillənsin".
Ekspert hesab edir ki, Azərbaycanda Beynəlxalq Valyuta Fondunun dəyərləndirmələri real vəziyyəti əks etdirməyə çalışsa da, mücərrəddir. Bunun da bir çox səbbələri var:
"Hazırda Azərbaycanda iqtisadi artım zəif templə irəliləyir. Biz özümüz də bəzi makroiqtisadi göstəricilərdən görə bilərik ki, iqtisadi artım ilbəil azalmaqda davam edir. Məsələn, biz hər il ölkəyə idxal məhsullarının artmasını müşahidə edirik. Neft ixracatındakı idxal-ixrac əməliyyatlarından çıxsaq, görərik ki, Azərbaycan idxal-ixrac əməliyyatlarında mənfi saldoya malik ölkə kimi tanınacaq. Bu tendensiya da getdikcə davam edir.
İdxal-ixrac əməliyyatlarından çıxış edəndə səbəblər də təxminən görünür. Ölkəyə bütün kənd təsərrüfatı məhsullarının, yəni ətin, buğdanın, südün, yağın idxalı artırsa, bunlara müvafiq ölkə daxilində istehsal azalır. İstehsal azalmasa idxal artmaz, bunlar bir-birinə bağlıdır. Burdan da görünür ki, ölkə daxilində istehsal zəifləyir. İstehsalın zəifləməsi də iqtisadi azalmanın bir elementidir. Qaz hasilatı artsa da, ildən ilə neft hasilatı azalır. Neft hasilatının azaldığı hissəni isə qaz hasilatı örtə bilmir. Bu da ölkədə iqtisadi azalmaya şərait yaradan səbəblərdən biridir”.
Akif Nəsirli əlavə edib ki, ölkə daxilində istehsala, biznes mühitinin inkişafına əngəl olan bütün səbəblər iqtisadi artımın azalmasının səbəbləridir:
"Məsələn, inhisarçılıq, rəqabət mühitinin olmaması, sahibkarlığın inkişafı üçün ciddi əngəllərin olması, mülkiyyətə zəmanətin olmaması, ölkə daxilində müstəqil məhkəmələrin olmaması, dövlətin bazarda inhisarçı kimi iştirak etməs və s. İnhisarçılığın hökm sürdüyü iqtisadiyyatda inkişafdan söhbət gedə bilməz, inkişaf yoxdursa, artım da yoxdur deməkdir”.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda iqtisadi artımı ilə bağlı proqnozunu pisləşdirib. Azərbaycanda iqtisadi artımı proqnozları 0,5 və 0,1 faiz bəndləri azaldılıb. BVF Azərbaycanda iqtisadi artım üzrə 2023-cü il proqnozunu 3%-dən, 2,5%-ə, 2024-cü il üzrə isə 2,6%-dən 2,5%-ə endirib.

Davud