Azərbaycanda ət bahalaşdı - Qiymətlərin tənzimlənməsi üçün nə etmək lazımdır? - AÇIQLAMA
“Azərbaycanda ətin qiymətinin artmasının bir neçə səbəbi var. Əsas səbəblərdən biri ölkə daxilində ət istehsalının azalmasıdır”.
Bunu TNS-ə Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
Onun sözlərinə görə, 2015-ci ildən etibarən Azərbaycanda heyvandarlıqla məşğul olan fermerlərin çoxunun torpaq sahələri əllərindən çıxıb: “Ölkəmizdə pambıq strateji sənaye sahəsi elan olunduqdan sonra bəzi fermerlər başqa sahələrə yatırım etmək üçün heyvanlarının sayını azaltdılar. Digər səbəblərdən biri də ölkəmizdə müxtəlif ərzaq məhsullarının bahalaşması ilə bağlıdır”.
Birlik rəhbəri deyib ki, bazarda əmtəə nomenklaturasının bahalaşması ümumi olaraq, qiymət artımına şərait yaradır. Bu baxımdan ümumi inflyasiya fonunda Azərbaycanda ətin bahalaşması təbiidir.
“İstehsalın azalmasının başqa səbəbi də yemin bahalaşmasıdır. İki ildir ki, yonca sahələrində həşaratlar birinci biçini məhv edir. Birinci biçin daha çox məhsuldar olduğu üçün bu fakt yem bazasına mənfi təsir edir. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin 54 rayonda olan idarələri əslində bu problemlərlə məşğul olmalı, bahalaşmanın səbəblərini tapmalı, buna qarşı mübarizə aparmalıdır", - deyə ekspert əlavə edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov TNS-in mövzu ilə bağlı sorğusuna cavabında deyib ki, bu məsələ nazirliyin səlahiyyətinə daxil deyil: “Bu sualları, İqtisadiyyat Nazirliyinə, Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinə də ünvanlaya bilərsiniz. Hesab edirəm ki, bazardakı tələb-təklif, möhtəkirlik və digər yüzlərlə səbəb göstərmək mümkündür. Bununla bağlı yalnız mütəxəssislər konkret fikir bildirə bilər".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son hesabatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. Ötən il kiloqramı 11-13 manata təklif olunan mal ətinin qiyməti bu il 14-16 manat olub.
Bünyamin Bünyadzadə