Dövlət büdcəsində kənd təsərrüfatı xərcləri niyə azaldıldı...

Akif Nəsirli: “Hökumət kənd təsərrüfatı sektorunu strateji sahə elan etməli idi”

 

2024-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı xərclərinin 7.7 faiz azaldılması nəzərdə tutulur. 2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 109,9 milyon manat olması nəzərdə tutulur. Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,7 faiz azdır.

Qeyd edək ki, ötən il kənd təsərrüfatına 1 milyard 202 milyon 142 min 802 manat pul ayrılıb.

Ölkədə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərildiyi şəraitdə bu sahəyə büdcə ayırmalarının azaldılmasının səbəbi nədir? Bəzi ekspertlər Azərbaycanda kənd təsərrüfatı xərclərinin azaldılmasını gələn il dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə qarşılıqsız verilən maliyyə vəsaitinin aşağı olacağı ilə əlaqələndirirlər.

  • “Kənd təsərrüfatı üçün nəzərdə tutulan xərclərin azalması hökumətin digər istiqamətlərdə xərcləri artırması ilə bağlıdır”

Aqrar sahə üzrə ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün hökumət kənd təsərrüfatı sektorunu strateji sahə elan etməli idi. Çünki bizim aqrar sektor kənd təsərrüfatı məhsullarına olan yerli tələbatın yalnız  50 faizi təmin edir: “Belə bir şəraitdə büdcədən ayrılan vəsaitin artırılması hesabına həm də aqrar sektorla məşğul olan fermerləri istehsala stimullaşdırmaq olardı. Məlumdur ki, aqrar sahənin inkişafı istiqamətində müəyyən işlər görülür. Ancaq bəzi sahələrdə hələ də problemlər var. Onu da deyim ki, 2022-ci ildə kənd təsərrüfatına dövlət büdcəsindən ayrılan vəsait artırılmışdı. Indisə hökumət aqrar sektora ayrılan vəsaiti 93 milyon manat azaldıb. Hesab edirəm ki, bu azalma düzgün deyil. İldən-ilə kənd təsərrüfatına göstərilən dəstək artmalıdır, həm də səmərəlilik səviyyəsi yüksəlməlidir”.

A.Nəsirli hesab edir ki, subsidiyaların verilmə qaydası dəyişilməlidir. Subsidiyalar real xərclərə uyğunlaşdırılmalıdır: “Subsidiyanın fermer tərəfindən nağdlaşdırılması tam şəkildə təmin olunmalıdır. Məlumdur ki, fermer indi subsidiyanın 25 faizini nağdlaşdırır, 75 faizini isə yox. Kəndliyə çatacaq subsidiya onun özünə tam şəkildə çatmalıdır ki, o bazardan istədiyi keyfiyyətli məhsul və ya lazım olan vasitələri ala bilsin”.

Həmsöhbətimizin sözlərinə görə, kənd təsərrüfatı üçün nəzərdə tutulan xərclərin azalması hökumətin digər istiqamətlərdə xərcləri artırması ilə bağlıdır. Proqnozlara görə,  2024-cü ildə neftin qiyməti aşağı düşə bilər. Bu səbəbdən də   büdcə artımına ehtiyatla yanaşılır.

Günel CƏLİLOVA