Keçmiş ittifaqın zeytun yağının 80 faizini ödəyən Abşeronda

Zeytun sənaye əhəmiyyətli spesifik bir sahə olaraq dünyanın bəzi ölkələrində mühüm gəlir mənbəyidir. Hətta həmin ölkələr zeytun meyvəsindən və onun emalından yüz milyonlarla gəlir əldə edirlər.

Vaxtilə Azərbaycan da keçmiş sovetlər ittifaqı miqyasında bu qəbil respublikalardan sayılırdı.

“Zeytun bağları o dövrdə Azərbaycanda gedən siyasi, ictimai proseslərin qurbanı oldu. Müharibə, iqtisadi tənəzzül əhalinin regionlardan paytaxta axınını sürətləndirdi. Bakıya köç kütləvi xarakter aldı”. Bu sözləri müxbirimizə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli dedi. O bildirdi ki, respublikamızda zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılmışdı. 80-ci illərdə zeytun bağlarının ərazisi 3 min hektara çatdırıldı. Bu bağlardan ildə təxminən 2000 tona yaxın məhsul yığılırdı. Lakin ötən əsrin sonlarına doğru digər istehsal sahələri kimi, zeytunçuluq da tənəzzülə uğradı. Belə ki, torpaqlar özəlləşdirildikdən sonra zeytun ağaclarının xeyli hissəsi sıradan çıxarıldı. Qalan ağacların da məhsuldarlığı qayğısızlıq ucbatından aşağı düşdü. Abşeronda 1500 hektar zeytun bağı qaldı.

Sakinlərin artması yeni tikililər tələb edirdi. Bilirsiniz ki, Bakı ətrafında çox sayda sovxoz var idi. Sovxozlar təkcə zeytunçuluq deyil, həm də üzümçülüklə məşğul olardı. Sovxozlar ləğv edildikdən sonra bağ sahələrində tikililər salındı. Keçmiş ittifaqın zeytun yağının 80 faizini ödəyən Abşeronda indi cəmi istehsalımız tələbatımızı ödəmir. Marketlərdə gördüyünüz yağlar isə xüsusi çənlərlə yarımfabrikat şəklində xaricdən gətirilir. Yəni xaricdə emal edilir, burda, sadəcə olaraq, qablaşdırılır. Onu da deyim ki, Azərbaycan istehsalı adı altında təklif olunan bütün bitki yağlarının (duru yağlar) hamısının tərkibində palma yağları var.

Akif müəllim yeri gəlmişkən məsləhət verdi ki, soyuq sıxma üsulu ilə alınan zeytun yağlarından istifadə edilsin. Düzdür, belə halda zeytun yağı bir qədər bulanıq olur. Amma tərkibi tam təbiidir.

Hazırda marketlərdə zeytun yağının qiymətinin qalxmasına da münasibət bildirən müsahibim dedi ki, Zeytun yağlarına olan tələbatımızı idxal hesabına ödəyirik deyə, təbii ki, onların qiymətləri bir qədər baha başa gəlir. Hazırda zeytun mövsümü deyil. Mövsüm olmadığına görə də keçən il depolanan zeytunlar da artıq azalır, yəni belə desək, qıtlaşır. Ona görə də bu gün qiymətlər də nisbətən yüksəkdir. Əhali arasında da təbii olaraq narazılıq yaranır. Ancaq narahatlığa ehtiyac yoxdur. Bu, müvəqqəti bir haldır. Təxminən bir-iki həftə sonra yenidən bollaşma başlayacaq və qiymətlər də enəcək.

O ki qaldı hardan idxal etməyimizə, bu gün dünyada ən çox zeytun istehsal edən ölkələr sırasında ilk üçlükdə İspaniya, İtaliya və Tunisdir. Ancaq biz əsasən Türkiyədən idxal edirik. Onu da deyim ki, əslində zeytun emalı o qədər çətin bir proses deyil. Xırda bir sexdə belə zeytun emal etmək, ondan yağ və digər məhsullar əldə etmək olar. Sadəcə olaraq, bunun üçün potensial olmalıdır. Ümumiyyətlə, zeytun çox gəlir gətirən bir sahədir. Biz bu potensialı genişləndirib hətta ixrac edə bilərik. Çünki dünyada zeytun hər yerdə bitmir və dünya bazarında da normal qaydada yetişdirilmiş zeytuna tələbat böyükdür. Onu da qeyd edim ki, hazırda bu istiqamətdə işlər gedir. Abşeronda xeyli ərazidə bağlar salınıb. Amma hələ onların əksəriyyəti barvermə mərhələsində deyil. Ümid edirəm ki, bundan sonra yerli istehsalımız artacaq. Ölkənin daxili tələbatını ödəmək üçün 2-3 min hektar zeytun bağı bəs edər. İxraca qoşulmağımız üçün isə, heç olmasa, 4-5 min hektar zeytun bağları salmalıyıq.

 

Aliyə SƏMƏDOVA