“Gömrük işçiləri məhsulu birbaşa müsadirə edir” – 300 dollarlıq limit müsibəti
Əvvəllər vətəndaşlar internet üzərindən 1000 dollaradək məhsul sifariş etdiyi zaman gömrüyə rüsum ödəmirdisə, bu limit 2020-ci ildə 300 dollara endirildi.
Vətəndaşlar ay boyunca maksimum 300 dollar ( 510 manat) dəyərində məhsulu xaricdən ölkəyə gətirə bilərlər. Bu limiti keçənlər əlavə rüsum ödəmək məcburiyyətində qalırlar.
Bu isə narazılıqlara səbəb olur.
Məsələ ilə bağlı Yenisabah.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli danışıb.
O, gömrükdə limitin qoyulmasının, əlavə rüsumların alınmasının əleyhinə olduğunu bildirib:
“Dünya təcrübəsində belə şeylər ümumi idxala aid deyil. Məsələn, ölkə daxilində çay istehsal edilir. Tələbatın bir hissəsini daxili istehsal ödəyir, bir hissəsi isə xaricdən gətirilir. Bu halda hökumət bəzən görür ki, idxal malı yerli bazarda sıxışdırılır və bu zaman hökumət müəyyən kvotalar, hətta embarqo qoyur. Amma ümumi olaraq idxal məhsullarına limitin qoyulması, limiti keçdikdə əlavə rüsumun alınması praktikada çox nadir hallarda rast gəlinən məsələdir. Elə ölkələr var ki, orada hökumətin büdcə gəlirləri aşağı olur, bu zaman büdcəni doldurmaq üçün belə bir üsuldan istifadə edirlər. Azərbaycanda isə büdcəni doldurmaq üçün rüsuma ehtiyac yoxdur. Dövlət büdcəsinin çatışmayan hissəsi neft gəlirləri hesabına doldurulur”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda tətbiq edilən bu limit vətəndaşların şəxsi yüklərinin gətirməsinin qarşısını almaq üçün tətbiq olunub:
“Limiti şəxsi yüklərin gətirilməsinin qarşısını almaq üçün qoyublar. Bu isə vətəndaşın xeyrinə verilmiş qərar deyil. Vətəndaşın rifahı üçün Azərbaycan hökuməti onun özü ilə xaricdən gətirdiyi məhsullara rüsumu ümumiyyətlə, aradan qaldırmalıdır.
Əgər biz vətəndaşı düşünürüksə bunu etməliyik. Bu gün vətəndaş özü ilə xaricdən 3 məhsul gətirirsə, deyirlər ki, 4-cünü apara bilməzsiniz, olmaz. Özü də onun pulunu da vermirlər, gömrük işçiləri məhsulu birbaşa müsadirə edirlər.
Bu, Azərbaycan hökumətinin iqtisadi siyasətində mənfi tendensiyalardan biridir. Problem nə qədər tez aradan qaldırılsa, o qədər yaxşıdır. Elə adam var ki, əgər zənbilindən 3 qutu dərman çıxırsa, dərhal onun reseptini tələb edirlər, yaxud ölkəyə keçirməyə qoymurlar. İnsanlar adicə dərmanını belə xaricdən özü ilə gətirə bilmir, buna da icazə vermirlər”.
Ekspert ölkənin gömrük sistemində ciddi nöqsanların olduğunu bildirib:
“Azərbaycanın gömrük sistemində, rüsum siyasətində çox ciddi nöqsanlar var. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamasının səbəblərindən biri də məhz gömrükdəki problemlərdir. Onlar tələb kimi qarşımıza qoyurlar ki, gömrük münasibətlərini beynəlxalq standartlara uyğunlaşdırın, amma biz hələ ki, bunu bacarmırıq. Mənə bir mütəxəssis kimi aydın deyil ki, bu yolda Azərbaycan hökumətinin qarşısını kəsən nədir, niyə bunu etmirlər. Fakt olaraq, biz həm vətəndaşların cibinə giririk, həm də mötəbər beynəlxalq iqtisadi təşkilatdan kənarda qalırıq.
Onlayn sifarişlər zamanı qoyulan 300 dollarlıq limitin aradan qaldırılmasının tərəfdarıyam. O limiti qoymaqla Azərbaycan hökuməti daxili bazarda inhisarçılara xidmət göstərir. Vətəndaşı məcbur edirlər, xaricdən 500 dollarlıq mal gətirir, sonra oturub hesablayır ki, həmin məhsulu gözləmədən Azərbaycandakı butiklərdən alsam, eyni qiymətə başa gələcək və ikinci dəfə onlayn sifariş vermir. Bu inhisarçılara dəstəkdir”.
Əsmətxanım Rzazadə