AZAL-ın qiymətləri qardaş ölkə ilə gediş-gəlişi xeyli soyudacaq...
Akif Nəsirli: “AZAL-ın bu sektorda inhisarçılığı...”
AZAL-ın bilet qiymətlərini "ceyran belinə" qaldırması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusən də, qardaş Türkiyəyə uçan təyyarələrin biletlərinin bir neçə qat bahalaşması ciddi narazılıqlara səbəb olur.
Nəzərə alsaq ki, qardaş ölkədə çoxlu azərbaycanlı tələbə təhsil alır, üstəlik, müxtəlif məqsədlərlə ora gedib-gələnlər kifayət qədərdir, bu halda qiymətlərin bahalaşması müxtəlif suallar doğurur.
Mətbuatın araşdırmasına görə, AZAL-ın bilet qiymətləri o qədər bahalaşıb ki, İstanbula gediş-qayıdış 2000 min manata yaxınlaşıb.
Məlumdur ki, 8-12 noyabr 2023-cü il tarixləri Azərbaycanda qeyri-iş günləridir. Araşdırmalara görə, həmin gün işləməyəcək bir çox Azərbaycan vətəndaşı xaricdə, əsasən də Türkiyədə istirahət etməyi düşünür. Koronavirus pandemiyasına görə quru yollar bağlı olduğundan ölkə xaricinə səfər etməyin yeganə yolu hava yoludur.
Mətbuatın məlumatına görə, quru yollar vətəndaşların çıxışına bağlı olduğundan və Bakıdan Türkiyəyə cəmi 3 aviaşirkət uçuşlar həyata keçirdiyindən alternativlər azdır. Belə bir vəziyyət AZAL-ın qiymətlərinin 3 dəfə artmasına səbəb olub.
8 noyabr 2023-cü il tarixi üçün AZAL-da Bakı-İstanbul reysinə Ekonom sinif biletin qiyməti baqajsız 854 manatadək, baqaj ilə 954 manatadək yüksəlib və hər gün yüksəlməkdə davam edir. Halbuki, qeyri-iş günləri AZAL-dan Bakı-İstanbul reysi üzrə bir istiqamətə 253 və ya 314 manata bilet almaq mümkündür. Bir çox vətəndaş vaxt itirmədən 8 noyabrda səfərə çıxmaq istədiyindən həmin gün üzrə bilet qiymətləri "uçur".
Türkiyəyə getmək, sonra da qayıtmaq var. Əgər siz tətilin son günü olan 12 noyabrda AZAL ilə qayıtmağa qərar versəniz, İstanbul-Bakı biletinə baqajsız 857 manatadək, baqaj ilə 961 manatdək ödəməlisiniz.
Qısası, 1 nəfər 8 noyabrda İstanbula gedib, 12 noyabrda Bakıya qayıtmağı planlaşdırsa - baqajsız yer üçün 1711 manat, baqajlı yer üçün 1915 manat ödəməlidir. Gediş və qayıdış biletini eyni anda alsanız qiymətlərə cüzi endirim olur.
4 nəfərlik bir ailə təsəvvür edək - bu ailənin 8-12 noyabrda İstanbula gedib-qayıtmasının bilet pulu 7660 manatadək çatır.
Qeyd edilir ki, Bakı-İstanbul marşrutu üzrə Pegasus, Türk Hava Yolları və onun törəmə şirkəti Anadolu Jet də uçuşlar həyata keçirir. Bu aviaşirkətlərdə də qeyd olunan tarixlər üzrə bilet qiymətləri yüksəlib, lakin AZAL-ın qiymətlərindən bir az aşağıdır.
Sözsüz, qiymətlərin bu şəkildə baha olması cəmiyyətdə narahatlıq doğurur ki, kimlərsə, hansı qüvvələrsə iki qardaş ölkə arasında əlaqələrin kəsilməsində maraqlıdır, belə olmasaydı bilet qiymətləri 2 min manata qaldırılmazdı. İlin-günün bu vaxtında kim 2 min manat verib bilet alıb qardaş ölkəyə gedə bilər? Demək olar ki, çox adam gedə bilməz. Bu fakt onu göstərir ki, tətil günlərində qardaş ölkəyə gedənlərin sayı elə də çox olmayacaq.
AZAL- ın monoplliyasına son qoyulsa problem həll olunarmı? İki qardaş ölkə arasında gedi-gəlişin bu qədər çətinləşdirilməsi kimin işinə yarayır?
- “Bu qurum tətil günlərində bilet qiymətlərini təxminən 3 dəfə bahalaşdırıb, bu da ciddi narahatlığa səbəb olub”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində “Biletlərin qiymətlərini AZAL tətil günlərində qaldırıb. 8-12 noyabr aralığında İstanbula uçuşların gediş-gəliş qiyməti bahalaşıb. Bir nəfərin baqajsız biletini qiyməti ikitərəfli 1800 manatdan bir qədər çox, baqajlı qiyməti isə 1900 manatdan yüksəkdir. Yəni bu qurum tətil günlərində bilet qiymətlərini təxminən 3 dəfə bahalaşdırıb, bu da ciddi narahatlığa səbəb olub. İstanbula gedib-gəlmək 2000 manata başa gəlir. Amma adi günlərdə baqajsız 250, baqajlı isə 300-314 manatdır. İstanbula baqajlı gedib qayıtmaq 510, baqajlı isə 630 manata başa gəlir. Yəni qiymətlər bu aralıqdadır. Bilet qiymətlərinin yüksək olmasının əsas səbəbi AZAL-ın aviadaşımalar sahəsində monopoliyası ilə bağlıdır. AZAL-ın yaratdığı monopoliya da bu sahədə ciddi problemlər yaradır. Harada, hansı bazarda monopoliya varsa, inhisarçı sahibkar yalnız dövriyyəyə nəzarət edir. Satış dövriyyəsi düşəndə qiymətləri sabitləşdirir, nə vaxt ki, satış dövriyyəsi yüksəlir dərhal qiymətləri qaldırır ki, daha çox mənfəət götürsün. Çünki onun bazarda heç bir rəqibi yoxdur. Əgər rəqibi olsaydı, düşünərdi ki, qiyməti qaldıranda rəqibə uduza bilər. Inhisarçı bazardan fərqli olaraq rəqabətli bazarda sahibkar həmişə qiymətləri artırmadan keyfiyyəti yüksəltmək, qiymətləri aşağı salmaq barədə düşünür ki, öz rəqibi qarşısında hər hansı üstünlüyə malik olsun, üstünlük sayəsində özünə daha çox müştəri cəlb etsin”-deyə bildirdi.
O qeyd etdi ki, rəqabətli bazarda sahibkar qiyməti aşağı salır ki, müştərilər ona daha çox müraciət etsinlər. A.Nəsirli vurğuladı ki, dövriyyə artanda gəlir də artır. Rəqabətli bazarda kəskin endirimlər edildiyini deyən A.Nəsirli deyir ki, müştərilər də bundan yararlanır. “Amma rəqabətsiz bazarda dövriyyə yüksələndə də qiyməti qaldırırlar ki, daha çox gəlir əldə etsinlər”- deyən A.Nəsirli bildirir ki, bu səbəbdən də bayram günlərində qiymətləri qaldırırlar, məqsəd də gəlirlərinin birə-beş armasıdır. “Onların qarşısında rəqib yoxdur. AZAL-la da məsələ nəzəri baxımdan bu cürdür. Müşahidə etsəniz görərsiz ki, Gürcüstandan Avropa ölkələrinə 70-80 avroya reyslər təşkil olunur. Türkiyəyə 50-60 avroya reyslər var. Təsəvvür edin 50. 60, 70 avro hara, 350 manat hara? Biz 100 manata Tiflisdən və Gürcüstanın digər şəhərindən İstanbula uçuş edirik, amma Azərbaycandan bu uçuşu ən yaxşı halda 250 manata edirik. Adi günlərdə bizdə İstanbula biletlər iki dəfə yarım Gürcüstandakı qiymətlərdən bahadır. Bu da onunla əlaqədardır ki, AZAL bu sektorda inhisarçıdır. AZAL-ın bu sektorda inhisarçılığı təkcə daxili bazara yönəlik deyil, AZAL xarici bazara yönəlik də eyni siyasəti işlədir. Cənubi Qafqazda xarici təyyarələrə xidmət və təyyarələrə yanacaq doldurulması Azərbaycanda həm Gürcüstandandan, həm də Ermənistandan bahadır. Baxmayaraq ki, Azərbaycan neft ölkəsidir, nefti xaricdən almır. Ona görə də AZAL-ın bu xidmətindən çox nadir hallarda beynəlxalq aviaşirkətlər istifadə edir”-deyə A.Nəsirli əlavə etdi.