"Wolt"un, yoxsa vətəndaşın dövləti?
Artıq iki gündür ki, əməkçi hüquqlarının pozulması səbəbindən, istismar edilərək, qul kimi işlədilib, az maaş alan "Wolt" şirkətinin kuryerləri şirkətə etiraz əlaməti olaraq tətil edirlər.
Bu gün şirkət şikayətçi olan və tətilə qoşulan kuryerlərin bir neçəsini işdən çıxarıb. Etirazçıların bir neçəsi isə polis idarələrinə çağırılıb. Düzdür, polisə çağrılan etirazçılar praflaktik söhbətdən sonra sərbəst buraxılıblar. Amma bu da əmək hüququ pozulmuş vətəndaşlara dövlət qurumlarının bir təzyiq vasitəsidir.
Dövlət qurumları vətəndaşların qanuni haqlarını müdafiə etmək, vətəndaşın yanında olmaq əvəzinə, milli də yox, transmilli şirkətin maraqlarını qoruyur, onun tərəfindən çıxış edir.
"Wolt" Azərbaycan şirkəti deyil, lap elə milli şirkət olsa da belə, normal ölkələrdə hökumət həmişə şirkətlər qarşısında vətəndaşların maraqlarını qoruyur.
Bəs Azərbaycanda nə üçün biz bunun şahidi ola bilmirik?
Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, bu normal ölkələrdə müşahidə edilə bilir, Azərbaycan isə bir ölkə olaraq bu kateqoriyaya aid deyil.
İkincisi, Azərbaycanda fəaliyyət göstərən bütün iri və böyük şirkətlər ya hansısa oliqarxın (məmur-biznesmen) inhisarı altındadır, ya birbaşa hökumətin himayədarlığı ilə ölkəyə gəlmiş transmilli şirkətin törəməsidir ("Wolt" kimi), ya da birbaşa hökumətin öz şirkətidir.
Başqa sözlə desək, Azərbaycanda iqtisadi fəaliyyətlə - bizneslə birbaşa və dolayısı yolla hökumət özü məşğul olur. Azərbaycanda ən böyük sahibkar Azərbaycan hökumətinin özüdür. Ona görə də ölkədə vətəndaş-dövlət münasibətləri sahibkar-işçi münasibətlərinə çevrilir. Yəni hökumət Azərbaycan vətəndaşına vətəndaş kimi deyil, ucuz işçi qüvvəsi kimi baxır və o bundan çox məmnundur. Ona görə də vətəndaş əmək hüquqlarını qorumaq istəyəndə dövləti arxasında deyil, qarşısında görür.
"Wolt" kuryerləri ilə bağlı məsələdə də biz eyni mənzərənin şahidi oluruq. Hökumət şirkət qarşısında vətəndaşların əmək hüquqlarını müdafiə etmək əvəzinə, öz vətəndaşina müxtəlif strukturları ilə təzyiq göstərir ki, vətəndaş şirkətin ağır və qeyri-qanuni əmək şərtləri ilə razılaşın.
Nə qədər ki, Azərbaycanda oliqarxiya mövcuddur və dövlət iqtisadi fəaliyyətlə məşğul olacaq, o vaxta qədər Azərbaycan vətəndaşlarının əmək hüquqları dövlət tərəfindən qorunmayacaq.
Akif Nəsirli