Bakcell-in fırıldaqları haçan bitəcək?
Azərbaycanın ən cibgir mobil operatoru adını çıxarmış “Bakcell” şirkətindən kütləvi şəkildə narazılıqlar var.
Şirkətin minlərlə abunəçinin konturunu oğurlaması, müxtəlif reklam kampaniyaları hesabına balansını silməsi abunəçilərin bu mobil operatordan imtina etməsinə səbəb olmaqdadır.
“Bakcell” artıq ölkənin ən soyğunçu, fırıldaqçı, milyonların cibinə girən şirkət kimi nüfuzu yerlərdə sürünür. Digər mobil operatorlardan bu qədər kütləvi şikayətlər yoxdur.
Hər gün vətəndaşların balansından müxtəlif yollarla azı 10 qəpik mənimsənilir. Şirkətə şikayət edəndə isə bunu texniki problemlə əlaqələndirirlər.
Amma nə hikmətdirsə, “Bakcell”də texniki nasazlıqlar tükənmir və hər dəfə abunəçinin ziyana düşməsi ilə nəticələnir. Elə bir nümunə olmayıb ki, texniki yanlışlıqdan hansısa müştərinin balansına əlavə kontur yüklənsin, lakin silinmə halları total xarakter alıb.
Bunu “Bakcell”in sosial şəbəkə hesabındakı şikayətlərdən tutmuş yutub-da yayılmış audio müraciətlərə qədər görmək mümkündür.
Məsələn, abunəçilərdən biri operatorla əlaqə saxlayır və məlum olur ki, “Bakcell” onun ay ərzində iki dəfə 10 qəpiyini mənimsəyib.
Şirkətin əməkdaşı bunu texniki nasazılıqla izah etməyə çalışıb. Ancaq belə aydın olur ki, 4 milyon abunəçisi olan “Bakcell”in hər müştərinin cibindən ayda azı 10 qəpik oğurlaması şirkətə milyonlar qazandırır.
Müştəri isə haqlı olaraq sual edir ki, o, zəng etməyənə qədər oğurlanan vəsait balansına qaytarılmayacaqdı. Sitat: “Hamı zəng etməlidir ki, silinən vəsait qaytarılsın?
Üç gündür dillənmirəm ki, qaytaracaqasınız, ya yox. Əgər müştəri şikayət etmirsə, qaytarmırsınız, deməli, 4 milyon abunəçinin pulu cibinizə gedir”.
Digər fırıldaq “7 qəpik” kampaniyası ilə bağlıdır. Müştərilərin hesabından xəbəri olmadan danışmadığı halda kontur silinir.
Ümumiyyətlə, son illərdə vətəndaşların əksəriyyəti “Bakcell”in xidmətlərindən imtina edərək digər xidmətlərə üstünlük verməyə başlayıblar. Bu da məhz açıq şəkildə oğurluq hallarının olması və şikayətlərə baxmayaraq, son qoyulmaması ilə bağlıdır.
Şirkətin “facebook” səhifəsində yazılan minlərlə şərhlərə gözucu nəzər yetirmək də kifayət edir ki, müştəri şikayətlərinin sayı-hesabı yoxdur.
Məsələn, Fariz Babayev adlı istifadəçi yazır: “Ay Bakcell, gündən- günə niyə internet paketlərinin qiymətini qaldırıb özünüzü gözdən salırsınız?”
Şikayətlərdən biri də internet paketlərin tez bitməsi, şəbəkənin yaxşı tutmaması, zəif olması ilə əlaqədardır. Yəni, “Bakcell”dən narazılar razıları üstələyib.
Mobil operatorun aldatma üsullarından biri də reklam şirkətlərinin manipulyasiyası hesabına reallaşır. Guya abunəçi bilmədən hansısa reklama qoşulub və bu səbəbdən hər dəfə balansından kontur silinir.
Lakin müştərinin xəbəri belə olmur ki, onu kim, necə kampaniyaya qoşub. Sadəcə, şirkətin öz fırıldaq variantlarından biridir. Bu yolla böyük pullar mənimsənilib.
Məsələn, problemlərdən biri – “5585” fırıldağıdır. “055 … .. ..” 3000 MANAT qazanmaq imkanına sadəcə bir HƏFTƏ qaldı! Vaxt itirmə 5585-ə boş mesaj göndər.
PULSUZ qoşul PUL UDUŞU şansını əldən vermə! Sadəcə 5585-ə boş mesaj göndər”. Yaxud “055 … .. ..” abunəçi siz günün ən şanlısı seçildiniz, 30 000 pul uduşu şansını qaçırmayın”…
Bu kimi mesajlar telefonuza gəlirsə, təəccüblənməyin, yalnız ehtiyatlı olun və bu tip mesajlara aldanmayın. Bu “Bakcell”in fırıldaqlarından biridir.
Sizə göndərilən mesajın mətnindən də göründüyü kimi, həmin mesaj hər şeydən öncə abunəçini şirnikləndirmək üçün hazırlanır.
Həmin boş mesaj vasitəsilə kim istəməz ki, telefonun düyməsini basaraq 3 min və ya 30 min manat pul qazansın?! Əlbəttə ki, hər birimiz istəyərik ki, əziyyət çəkmədən rahat şəkildə o qədər pula sahib olaq. Amma… Amması da budur ki….
Əksəriyyətimiz həmin mesajı alan kimi heç saniyə keçmədən tora düşərək “5585”- ə boş mesaj göndəririk.
Qoşulduğumuz “5585” kampaniyasında “interaktiv oyunlar” qoşulur və hər dəqiqə hesabımızdan 1 qəpik pul tutulur. Demək, bu tutulma elə incə aparılır ki, abunəçilər də bunu hiss etmir.
“Bakcell”in 555- müştəri xidməti… Demək, mobil operatorla bağlı hər hansı bir problem yaranarsa müştəri xidmətinə zəng etməyə məcbursan.
Zəng etdikdə isə gərək, bir müddət gözləyib xəttə qoşulan mənasız musiqini və yaxud da istəsəndən- istəməsəndə avtomatik cavab verən xanımın lazımsız danışığını dinləyirsən.
Avtomatik danışan xanım isə müştərinin hesabından əlavə pulun tutulmasına şərait yaradaraq danışıq vaxtını uzadır.
Nəhayət, sənə cavab verən operatora məsələnin nə yerdə olduğunu danışırsan və fırıldaq mesajlardan canını qurtarmaq üçün əlac yolu axtardığını bildirirsən.
Operator isə öz növbəsində abunəçini “borclu” çıxararaq heç bir köməklik göstərmədən, abunəçidən “əlavə sualınız varmı?”,- deyə soruşur.
Abunəçi isə məsələnin həlli yolunun tapılmadığı üçün kor- peşman “yoxdur”,- deyib dəstəyi asır. Və beləcə bu dəfə də abunəçinin hesabından ən azı 20-25 qəpik pul tutulur.
“Bu da 555-in danışıq “haqqı”dır- adını qoyub, “Bakcell” bir SMS-in fırıldağı ilə beləcə iki dəfə rahat qazanc əldə edir.
Yəqin ki, hər “Bakcell” abunəçisi bu kampaniyadan da məlumatlıdır və bəlkə də istifadə də edirlər. Demək, 7 qəpik pul xərcləməklə şəbəkədaxili istədiyiniz şəxslə bir saat danışa bilərsiniz. Buna baxmayaraq mobil operator bu fırıldağı ilə də müştərilərin cibinə oğurluq girərək, milyonlarla qazanc əldə edir.
Deməli, tarifdə göstərildiyi kimi abunəçimiz heç də 7 qəpiyə bir saat danışa bilmir. Təbii ki, mobil operator bunu açıq şəkildə etmir.
Telefonla danışan tərəflərin danışdıqları zaman hər 5-10 və ya 15 dəqiqədən bir əlaqə kəsilir. Amma hər dəfəsində də abunəçənin hesabından 7 qəpik silinir.
Yenə abunəçi hər cəhd etdikdə əlavə olaraq 7 qəpiklər hesabdan silinməyə davam edir. “Bakcell”in digər fırıldaqların biri isə kreditlə bağlıdır.
Abunəçiyə 1 manat verir, ancaq hesabda 98 qəpik pul olur. Maraqlıdır, bəs, mesajda 1 manat kredit verən “Bakcell”, 2 qəpiyi hara yoxa çıxarır?!
Hələ bu sualın cavabını şirkət və şirkətin əməkdaşlarından başqa heç bir abunəçi bilmir. Çünki onların fırıldağı tək bu deyil ki, izinə düşüb araşdırasan…