Bakıda arvadına və qızına şiddət göstərən ata HƏBS OLUNDU - YENİLƏNİB + VİDEO

Qızlarına şiddət göstərən Elnur Məmmədov barəsində məhkəmənin qərarı ilə üç ay müddətə həbs qətimkan tədbiri seçilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

11:33

Daxili İşlər Nazirliyi (DİN) kişinin arvadına və qızlarına şiddət göstərməsi barədə daha bir açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lim10.az-ın  sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər araşdırılıb:

“Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

11:18

“Kişi arvadına və qızlarına şiddət göstərir”.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüntülər bir müddət əvvəl çəkilib:

“Şiddət görən ana digər övladlarını qorumaq üçün bu görüntüləri çəkib. Qadın və üç qızı atasının evinə getsələr də, onların həyatları təhlükə altındadır. Qadının bir istəyi var ki, boşansın və qanun çərçivəsində aliment təyin edilsin”.

K.Ağazadə əlavə edib ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürməlidirlər:

“Qadınların, uşaqların müdafiəsində koordinasiya olmasa, daha ağır hadisələrlə qarşılaşacağıq. Artıq Daxili İşlər Nazirliyi təhqiqata başlayıb. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti qadına mühafizə orderinin verilməsində dəstək olmalıdır. Vəkillər Kollegiyasından xahiş edirəm ki, ödənişsiz vəkillə təmin edilməsində kömək olsunlar.

Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailəni nəzarətə götürməlidir. Əmək və Əhalinin Sosial Nazirliyinin Sosial Xidmətlər Agentliyi xidmət paketlərini ailəyə təqdim etməlidir. Bu ailədə 15 yaşında qız var. Bu il 9-cu sinfi bitirəcək. Təhsilini davam etdirmək istəsə də, atası ərə vermək niyyətindədir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lim10.az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərdən məlumatlıdırlar:

“Məsələ nəzarətə götürülüb. Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq zəruri olan tədbirlərin görülməsi təmin olunacaq. Əlavə məlumat veriləcək”.

Lim10.az-ın əldə etdiyi məlumata görə, ailəsinə şiddət göstərən kişi saxlanılıb və ona qarşı cinayət işi açılıb.

İlhamə Əbülfət