Ombudsman həbsxanalarda sıxlığı məruzə elədi

İstintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi"ndə qeyd edilib.

Vurğulanıb, 2 min 500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub.

Bu gün, martın 5-də ombudsman Səbinə Əliyeva sənədi Milli Məclisdə təqdim edib. Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.

Amma hər il ombudsmanın hazırladığı məruzəni ölkənin bəzi hüquq müdafiəçiləri sərt tənqid edirlər. Bu tənqidlərdə əsas arqument isə ondan ibarətdir ki, ombudsmanlar fəaliyyətləri ərzində bir dəfə də həbsxana və təcridxanalarda işgəncə faktını üzə çıxara bilməyiblər. Onların fikrincə, əksinə, bu məsələdə Ombudsman Aparatının mövqeyi hüquq-mühafizə orqanlarının mövqeyindən kəskin şəkildə fərqlənmir. Builki məruzədə də işgəncə məsələlərindən gərəkli formada bəhs olunmadığı bildirilir.

Xatırlatma

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən fəaliyyət göstərir. Bu quruma 17 il Elmira Süleymanova rəhbərlik edib. 2019-cu ildən onu Səbinə Əliyeva əvəz edir. O, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçilərindən Siyavuş Novruzovun həyat yoldaşıdır.