Akif Qurbanova cinayət işi açıldı - YENİLƏNİB

“Toplum TV”nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb.

Lim10.az xəbər verir ki, bu barədə vəkil Şəhla Hümbətova bildirib.

Vəkilin sözlərinə görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

O, 48 saat ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacaq.

22:35

“Toplum” TV-nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Lim10.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir.

“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”, - deyə məlumatda bildirilib.