“Kişi paltarı geyinib, kaska qoyuram” - 8 Martda 25 ilin neftçi xanımı ilə MÜSAHİBƏ + FOTO
Elə peşələr var ki, onların öhdəsindən yalnız kişilərin gəldiyini fikirləşirik. Amma kişi işi sayılan sahədə çalışan zərif qəhrəmanlarımız da var.
Lim10.az-ın əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günündə kişilərlə çiyin-çiyinə çalışan, neft-qaz hasilatı üzrə operator Nəzakət Cəfərova ilə söhbətləşmək üçün onun işlədiyi mədənə səfər ediblər.
O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) çalışır.
Həmsöhbətim ömrünün 25 ilini neft sahəsinə həsr edib:
“1972-ci ildə Bakıda neftçi ailəsində anadan olmuşam. Valideynlərim də neftçi olublar. Onlar evdə neftdən, quyulardan danışırdılar. Mənə də bu sahə çox maraqlı gəlirdi. Hər zaman özümə sual verirdim ki, görəsən, neft necə çıxır? Daha sonra bu sahəyə yönəldim.
Artıq 25 ildir ki, neft sənayesində çalışıram. Çətin, amma şərəfli peşəm var. Neft-qaz sənayesində işləmək ağır və çətin olsa da, mən sevərək bu peşəyə gəlmişəm, həvəslə öz işimlə məşğulam”.
Peşəsinin incəliklərindən danışan neftçi düşünür ki, bu sahənin kişisi, qadını olmur:
“Bir insan işini yaxşı bilirsə, deməli, o sahənin sənətkarıdır. Cinsindən asılı olmayaraq, kim işini bacarır və həvəslə görürsə, hər zaman uğur qazana bilər. Uzun illərdir, kişilərlə birlikdə çalışıram.
Hər səhər saat 9:00-da iş başlayır. İşimiz elədir ki, hava şəraitindən asılı olmadan quyuları yoxlayırıq. İlk olaraq, səhər fərdi mühafizə vasitəsi ilə təmin edilir və təlimatlandırılırıq. Daha sonra neft sahəsi ərazisinə çıxırıq və quyulara nəzarət edirik. Ehtiyac olduqda quyunun ətrafını təmizləyir, torpaqlayırıq və kəmərlərində nasazlıq varsa, yenisi ilə əvəz edirik.
Bizim üç sahədə 43 quyumuz var və onlara daim nəzarət edirik. Hər bir quyunun öz xüsusiyyəti olur. Biz onların verim əmsalını ölçürük. Hansı quyuda problem varsa, onun həlli üçün çalışırıq”.
N.Cəfərovadan hansı quyuları açmağın onun üçün asan olduğunu soruşuruq:
“Dayaz quyunu açmaq daha yaxşıdır. Çünki orada qaz olmur. Dərin quyularda isə qaz olur və təzyiq səbəbi ilə çətinlik yaradır. Quyuların təmir müddəti isə 20 gündən beş aya kimi olur”.
Neftçi qadının həyat yoldaşı da neft sahəsində çalışır.
Həmsöhbətim deyir ki, işlədiyi kollektiv çox mehribandır:
“Bizim işimiz məsuliyyətlidir. Komandamızla hər zaman çiyin-çiyinə çalışmışıq, bir-birimizə dəstək olmuşuq. Bəzən elə an olur ki, o işi görməyə fiziki cəhətdən gücüm çatmır. O zaman kişi neftçilər köməyə gəlirlər. Əynimizdə kişi paltarı, başımızda kaska olur”.
Neftçi işə təzə başlayan zaman başına gələn maraqlı hadisəni də bizimlə bölüşüb:
“Yeni idim. Rəhbərlik tapşırıq verdi ki, quyu neft vermir və analiz edilməlidir ki, səbəbi bilinsin, neftin verim əmsalı öyrənilsin. Mən də quyudakı boltu açdım və neftdən nümunə götürdüm, verim əmsalını ölçdüm. Daha sonra boltu yerinə bağlamağı bacarmadım. Kişi neftçidən xahiş etdim ki, mənə kömək etsin. İş yoldaşım mənə kömək edən zaman gülə-gülə: “Boltu açırsan, bağlaya bilmirsən?” - dedi. (gülür)
Neftçi qadın deyir ki, qadın zəif deyil, zərifdir:
“Cəmiyyətdə bəzən qadınları zəif məxluq kimi təqdim edirlər. Amma belə deyil. Biz qadınlar güclüyük. Azərbaycan qadınları tarix boyu mərdliyi, şücaəti ilə kişilərdən geri qalmayıblar. At çapıb, qılınc oynadıb, döyüşlərdə iştirak edib. Ailəsini, vətənini qorumaq üçün canından, qanından keçib, ölkəsinə layiqli övladlar yetişdirib.
Həyatda vaxtaşırı çətinliklərlə qarşılaşmalı oluruq. Hər şeyə səbirlə yanaşıb, mübarizə aparmaq lazımdır. Kişiyə də, qadına da Allah iki əl, iki ayaq verib. Niyə biz kimdənsə asılı olmalıyıq? Azərbaycan xanımları qürurlu və zəhmətsevərdirlər. Biz qadınlar, eyni zamanda, anayıq, övladlarımız var.
Elə mənim də iki övladım var. Bu sahədə çalışmaq istəsələr, onlara dəstək olaram. Bilirsiniz, hansı sahə olur-olsun, qadın güclüdürsə, savadlıdırsa, onun yetirdiyi övlad da güclüdür”.
Qadınlar dövlətimizin, bu günümüzün, gələcəyimizin dayağıdırlar.
Biz də Nəzakət Cəfərovanın timsalında bütün xanımları təbrik edirik. Onlar həmişə olduğu kimi, yenə də fədakar əməkləri ilə doğma vətənimizin iqtisadi qüdrətinin yüksəlməsinə böyük töhfələr verirlər.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət