Hicran Nəsirova: “Allaha yalvardım ki, Əmircanda işıq sönsün, məni efirdə görməsinlər” - MÜSAHİBƏ + FOTO/VİDEO
“Sağlığımı sənətə qurban verdim. Yəni mən o “tunel”i də keçmişəm, o son qapıya qədər də getmişəm. Amma qapı açılmadı... Mən qayıtdım... Təsəvvür edin ki, 2000-ci ildə çox ağır yatdım, ölümlə üz-üzə gəldim. Onda da özümə gələndə gözlərimi yumub bütün rollarımı bir də keçirirdim beynimdən ki, mən qayıdacağam səhnəyə, heç nə yadımdan çıxmasın”.
Bu sözləri Lim10.az-a müsahibəsində Əməkdar artist, iki dəfə klinik ölüm keçirən və uzun illərdir süd vəzisi xərçəngi ilə mübarizə aparan Hicran Nəsirova deyib. Aktrisa ilə müsahibəni təqdim edirik:
- Hicran xanım, bu gün Milli Teatr Günüdür. Sizin üçün teatr nədir?
- Həyat, məktəb - hər şey. Hələ məktəbdə oxuyanda, 1970-ci illərdə, sinif rəhbərimiz rəhmətlik Adilə xanım bizi şəhərə gəzməyə çıxarmışdı. “Azdrama”nın yanından keçəndə o qədər həsrətlə baxmışdım ki. O vaxt məktəbdə biletlər paylanırdı deyə tamaşalara tez-tez gəlib baxırdıq. Mənim ən böyük, ən əlçatmaz arzum idi ki, aktrisa olum, teatrda işləyim, filmlərə çəkilim.
- Əmircan kəndində doğulmusunuz. Bildiyim qədər, ananız aktrisa olmağınıza qəti razı deyilmiş. Kənd mühitində aktrisa olmaq qərarı vermək, yəqin ki, asan olmayıb. Ən çox dəstək verəniniz kim olub?
- Heç kim... Üç il zülm çəkdim. Ağlaya-ağlaya instituta getdim, qorxa-qorxa evə gəldim. Artıq ikinci kursdan məni dəvət edirdilər televiziyaya, böyük tədbirlərə, dövlət tədbirlərinə, bayramlara. O vaxt verilişlər çox idi: “Kitablar aləmi”, “Komediyalar aləminə səyahət”. “Nəğməli sətirlər”də daim şeir demişəm. Demək, təsəvvür edin, birinci dəfə efirdən çıxmışam, evə gedirəm və yolda Allaha yalvarıram ki, Əmircanda işıq sönsün, heç kim efirdə görməsin məni, evdəkilərin qulaqlarına çatmasın.
- Demək ki, sonra barışdılar aktrisa olmağınızla...
- Yavaş-yavaş. Sonralar hətta fəxr etdilər.
- 1986-cı ildən Akademik Milli Dram Teatrının aktrisasısınız. Ən yaddaqalan tərəf-müqabilləriniz kim olub?
- Elə hamısı. Çox gözəl tərəf-müqabillərim olub. Mən onları necə ayırım? Buraya hətta xarici rejissorlar da gələndə deyirlər ki, sizin möhtəşəm aktyorlarınız çoxdur. Sadəcə, qədrimizi bilən yoxdur. (gülür)
- Hesab edin, belə bir şansınız var ki, onlardan birini çağıra bilərsiniz. Kimi çağırardınız?
- Yox, elə ayırd etmək olar? Yaşar Nuri, Siyavuş Aslan, Sadıq Saleh, Zərnigar xanım... Mən hansını ayırım? Sofa Bəsirzadə - necə ayırım?
- Bəs ən doğma rolunuz?
- Çox olub. Hamısı da bir-birindən maraqlı. İllər ötəndən sonra hamısı daha əzizdir. Necə deyə bilərsən ki, filan övladımı o birindən çox istəyirəm, ya nəvələrimdən bunu istəyirəm, onu istəmirəm... Elə olmur. Hamısı əzizdir, hamısı xoş xatirədir.
- Bəs Hicran xanımı tanıdan obrazı hansı olub?
- Sizcə?
- Məncə, “Evləri köndələn yar” tamaşasında Telman Adıgözəlovla oynadığınız...
- “Reyhan” obrazı. 1982-ci il.
- Hicran xanım, aktrisanın istedadı və rejissorun onu görüb-görməməsi...
- Ağrılı sualdır. (gülür)
- Yəni uğura gedən yolda, sadəcə, istedad nəyisə ortaya qoya bilir, əgər rejissor onu görmürsə? Ya da belə deyim - aktyor, aktrisa istedadını necə sübut etməlidir?
- Ancaq işi ilə. Başqa necə sübut edə bilər? Bəzi aktyorlar tələb edirlər ki, filan rolu ver, o da oynasın, mən də oynayım, görək kimdə daha yaxşı alınır? Mən də qabaqlar elə deyirdim. Deyirdim, bu meydan, bu şeytan. Olmasın iki dublyor, olsun beş dublyor. Hansımızda yaxşı alınsa, o da oynasın.
- Sizcə, bütün rejissorlar aktyorların istedadını görürlər, yoxsa aktyor özü sübut etməlidir ki, məni görün?
- Bu neçə ildə nə qədər rol almışamsa, heç vaxt rejissorlara yaxınlaşmamışam. Özləri görüblər və rol təklif ediblər. Hətta bir dəfə Bəhram Osmanov “Ağqoyunlular, Qaraqoyunlular” əsərində mənə “Zərlinskaya” obrazını vermişdi. Mən özüm qayıtdım ki, Bəhram, bu rol mənlik deyil. Filan aktrisa məndən yaxşı oynayar onu. Qayıtdı ki, elə sən oynayacaqsan. Oynadım da. Yaxşı da keçdi, alqışlandım.
Bilirsiniz, aktyor gərək həm savadlı olsun, həm ürəyi olsun, həm beyni işləsin. Aktyorun bütün bədəni, bütün hissləri işləməlidir və bütünlükdə yaradacağı obraza yönəlməlidir. Məsələn, gəncliyimdə mənə ən çətin başa gələn rol olmuşdu, A.Ekzüperinin “Balaca şahzadə” əsərindəki “Balaca şahzadə”. O rola çox çətinliklə daxil olmuşdum. Həmin vaxt o tamaşa əməlli səs salmışdı. Məhz o rolla mən Vaqif İbrahimoğlunun yanında təzədən ikinci bir məktəb keçdim, universitet qurtardım...
O vaxt sual vermişdilər ki, sən necə nail oldun bu obrazı yaratmağa? Dedim ki, yuxuda gördüm. Rolun üstündə o qədər düşünmüşdüm ki, o obrazı bir ruh kimi gördüm və o ruh sardı məni. Səhər gəldim, tam başqa cür məşq elədim. Vaqif dedi, mən elə bunu istəyirdim.
- Hansı janr daha çox ruhunuza yaxındır - komediya, dram, faciə?
- Hamısı. Olub ki, komediya da oynamışam. Həmişə ciddi görürlər deyə elə bilirlər ki, elə bu ancaq ciddi aktrisadır, dram aktrisasıdır, faciə aktrisasıdır. Əsas, bilirsiniz, nədir? Əsas odur ki, hansı janr olur-olsun, o obrazı başa düşüm, özümdən keçirim, özümünkü edim. Özümünkü olmasa, onu oynaya bilmərəm.
- Sənət fədakarlıq tələb edir fikri ilə razısınız?
- Hə. Mən sizə bir söz deyim? Bunu heç kəs bilmir. 1981-ci il idi, səhv etmirəmsə. “Dədə Qorqud” tamaşasını oynayanda axırıncı baxış günü bizə paltarları gətirdilər. Mən də bu tamaşanı həmişə idman geyimində məşq etmişəm. Artıq “balaxon” (gen-bol - red.) paltarlar gəldi. Tamaşada belə bir hissə vardı ki, mən atılıb çevrilməli idim, Fəxrəddin Manafov da məni tutmalı idi. Fəxrəddin geyinirdi, Vaqif rəhmətlik də durmuşdu zalda. Mən gəldim, qayıtdım ki, bəlkə, bir dəfə paltarla məşq edim? Birdən paltar başıma keçər-edər, bir yoxlayaq. Bizdə orada rəssam vardı, qayıtdı ki, bəs mən tutaram səni, sən atıl. Razılaşdım. Atıldım və bu məni tutmadı. Daha doğrusu, gecikdi və mən başı üstə dəydim yerə. Beynim silkələndi. Özümü bilmirdim...
Təsəvvür edin, tamaşaya da ovaxtkı Mərkəzi Komitədən gələcəklər baxmağa. Elə yıxıldığım yerdə uzanıb qalmışam. Sonra rejissor Elmira Məlikova demişdi ki, sənin gözlərin getmişdi. Heç xəbərin olmadı, qaytarmışdın.
Beynim tərpənib də. Bircə o yadıma gəlir ki, Vaqif İbrahimoğlu əlini üzümə vururdu ki, Hicran, oynaya biləcəksən?
İndi təsəvvür edin - o qədər məşq eləmişik, tamaşa hazırlanıb, Mərkəzi Komitədən dəvət olunublar ki, gəlsinlər, baxsınlar, “YUĞ”un məsələsi həll olunsun, mən də o günə düşdüm. Amma o halda belə, tamaşanı oynadım. Bu, fədakarlıqdır. (gülür)
- Eyni fədakarlığı “Qaçaq Nəbi” filmi çəkiləndə də göstərmisiniz, səhv etmirəmsə. “Həcər” roluna təsdiqləndiyiniz halda sınaq çəkilişində atdan yıxılaraq belinizi zədələmisiniz...
- Bəli. Onurğam sınıb. İndiyə kimi onun əziyyətini çəkirəm. Axırda çəkilmədim heç. Təsəvvür edin, məni təsdiqlədilər, gəlib təbrik etdilər, ölçülərimi götürdülər, parçaya qədər seçdilər. Dedilər ki, bəs at çapmaq lazımdır. Dedim ki, çapa bilmirəm. Danışdıq, getdim at çapılan yerə. Orada da İslam müəllim vardı, məşqçi. Məni həmişə tərifləyirmiş ki, Hicran yaxşı çapır atı. Tez öyrəndim. Qəşəng də çapırdım.
Günlərin bir günü Fəxrəddin Manafov idi, mən idim, bir də İslam müəllim - söhbət edirdik, mən də atın üstündə. Ayağımı üzəngidən çıxartdım, rahat bunlarla söhbət edirəm. O arada bilmirəm, atı milçək dişlədi, ya nə oldusa, at əvvəl şahə qalxdı, sonra başını verdi aşağı, arxa ayaqlarını qaldırdı və mən üstündən yıxıldım. Orada da yerdə samanla qum olmalıdır axı. Sən demə, ərazi yaxşı təmizlənməyib və yerdə iri bir daş var imiş. At məni yerə çırpanda belim düşdü düz o daşın üstünə. Sümüyümün səsini qulağımla eşitdim. Yerdə qaldım... Çox əziyyət çəkdim, çox... (dərindən nəfəs alır)
- Bəlkə, buna görə çəkmədilər sizi “Qaçaq Nəbi”yə?
- Yox. Bəlkə, onlar heç bilmədilər də... Bel ağrısı məni öldürürdü. Rentgen göstərdi ki, fəqərəm sınıb. Tamam ovulmuşdu. İndiyə kimi də o fəqərənin qıraqları yoxdur. Yaşlandıqca lap çoxalır ağrısı...
Hə, nə isə, bir də eşitdim ki, “Həcər”i başqa aktrisa oynadı, Allah ona rəhmət eləsin - Mömünat Qurbanova. Amma o da, deyəsən, filmdə at çapmamışdı...
- Bəs soruşmadınız, niyə mən yox?
- Yox. Heç vaxt soruşmaram. Amma Əbdül Mahmudov, yəni Şeyx Əbdül - həmin filmin rejissorlarından biri idi - mənə dedi ki, fikir çəkmə, sən uduzmadın, biz uduzduq. Dördüncü kursda oxuyurdum həmin vaxt.
- Şəfiqə Məmmədova ilə aranız necədir?
- Yaxşı. Xətrimi çox istəyir.
- Bildiyim qədəri ilə imtahanların birində Şəfiqə xanım sizin üçün deyib ki, bu qızdan aktrisa olmayacaq, amma Adil İsgəndərov deyib ki, yox, elə bundan aktrisa olacaq. Nə vaxt qəbul elədi Şəfiqə xanım sizi aktrisa kimi?
- Şəfiqə xanım dəfələrlə “Azdrama”da tamaşalarıma baxıb. Hətta bir dəfə üzümə dedi ki, sən mənim kimi aktrisasan. Romantik aktrisa.
- İnciməmişdiniz ki Şəfiqə xanım elə deyəndə?
- Yox. Heç, bəlkə, o söz çoxdan Şəfiqə xanımın yadından çıxıb. Söz var, deyirlər, “zərbə alanın yadında yaxşı qalır da...” (gülür) Onu da mənə kafedradan demişdilər ki, bəs içəridə belə bir söhbət olub. Şəfiqə xanım xətrimi istəyir, aktrisa kimi də bəyənir məni.
- Hicran xanım, alman rejissorunun “Absurdistan” filmində bərbərin arvadı rolunda çəkilmisiniz. Belə dəvətlər çox olub?
- Çəkilmişəm, bəli. Təkliflərlə bağlı belə olub ki, birinci dəfə teatrdan çıxırdım - yəni dördüncü mərtəbədən pilləkənlə düşürdüm, türkiyəli rejissorlar gəlmişdilər teatra, məni pilləkəndə saxladılar, çəkdilər və sonra xəbər gəldi ki, onlar Özbəkistanda film çəkirlər və məni bəyəniblər. Özü də serial idi. Dedilər ki, bir ay ərzində ancaq sənin səhnələrini çəkib səni yola salacağıq ki, vaxtın çox getməsin. Həm də yanaşı ikinci bir film də çəkilir, onlar da səni çəkəcəklər.
Həmin vaxt “Azdrama”nın direktoru Həsənağa Turabov idi. Bizdə də “Kral Lir”in son məşqləri gedirdi, artıq təhvil verməliydik. Yaxınlaşdım Turabova ki, bəs məni Özbəkistana dəvət ediblər. Qayıtdı ki, hara, indi necə gedə bilərsən? Əlində tamaşa təhvil verirsən. Onda da dublyor yox idi. Ona görə də o filmlər qaldı, gedə bilmədim.
Bir dəfə də Türkiyədən mənə dəvət gəldi - evə zəng vurmuşdular. Onda da elə bir gündə zəng vuruldu ki, həmin gün atamı dəfn eləmişdim. O qədər qışqırıb ağlamışdım ki, telefonda səsim kişi səsi kimi çıxırdı. Bildirdilər ki, bəs sizi dəvət edirik filmdə çəkilməyə. Dedim, mən qırx gün Bakıdan çıxmayacağam... Onlar da qırx gün gözləyə bilmirdilər. Bu da belə oldu, qaldı, gedə bilmədim.
Sonra, 2008-ci ildə, almaniyalı rejissor Veit Helmerin “Absurdistan” filminə dəvət gəldi. Gəldilər buraya, bəyəndilər, rejissor bizimlə söhbət etdi. Filmə, demək olar, bütün dünyadan aktyorlar dəvət etmişdilər, bizdən də altı nəfər. Çox yaxşı və çətin günlər idi. Sanki poliqonda əsgərlik keçdim o filmə çəkiləndə, amma xoş xatirələrlə yadda qaldı.
- Serial, kino və tamaşa. Bir aktrisa kimi hansı daha yaxındır sizə?
- Serialda çox çəkilmişəm. Təsəvvür edin ki, respublikada ilk serial olan “İtkin gəlin”də “Dünya”nı oynamışam. Düzdür, ona qədər televiziya tamaşalarında çəkilmişdim, amma “İtkin gəlin” bizdə ilk serial idi. Hətta “Dünya” obrazını mənə təklif edəndə özüm də inanmırdım ki, oynaya bilərəm. Çünki orada özümü Əfsanə kimi görürdüm. Oynadım. Hətta əsərin müəllifi Əlibala Hacızadə alnımdan öpdü və dedi ki, qızım, “Dünya”nı mən yazdım, amma “Dünya”nı sən “Dünya” elədin.
- Hicran xanım, mart ayının 10-u Milli Teatr Günümüz, martın 11-i isə sizin doğum gününüzdür. Özünüzü ömrün hansı fəslində hiss edirsiniz?
- Mən elə baharı sevirəm. Anam bir gün gecikib... (gülür) Yəqin, bilirmiş ki, aktrisa olacağam. Bilirsiniz, əslində, mən uşaqlıda daha çox müğənni olmaq istəmişəm. Özümü opera müğənnisi kimi görürdüm. Düzdür, yenə teatrda görürdüm, amma operada.
- Kimdənsə ilhamlanmışdınız, yoxsa içdən gələn bir istək idi?
- İçdən gəlirdi. Zeynəb xanımın bütün mahnılarını bilirdim, oxuyurdum. Sonra Flora xanımın, Elmira Rəhimovanın mahnılarının hamısını əzbər bilirdim. Evdə iş görə-görə səsimi atırdım başıma. (gülür)
- 40 il əvvələ qayıtsaydınız, yolunuz yenidən səhnədən keçərdi, yoxsa yolu dəyişərdiniz?
- Yolumu... (düşünür) Yəqin ki, yenə elə bu yolla gedərdim. Yox, dəyişməzdim. Bu mənim alın yazımdır, bu mənim taleyimdir.
- Səhnə insana daha çox qazandırır...
- Xeyr, alır...
- Nəyi aldı sizdən?
- Cansağlığımı. Sağlığımı sənətə qurban verdim.
- Peşman oldunuzmu buna görə?
- ... (dalır) Çətindir demək. Səhnəsiz də yaşamaq olmur. Amma bəzən elə hallarım olub ki - sarsıntılar keçirəndə, haqsızlıqlar görəndə bir anlıq olub elə hisslərim. Sonra ötüb keçib. Təsəvvür edin ki, 2000-ci ildə mən çox ağır yatdım, ölümlə üz-üzə gəldim. Onda da özümə gələndə gözlərimi yumub bütün rollarımı bir də keçirirdim beynimdən ki, mən qayıdacağam səhnəyə, heç nə yadımdan çıxmasın - mizanlar yadımdan çıxmasın, sözlər yadımdan çıxmasın...
- Klinik ölüm keçirmisiniz. İkinci dəfə doğulmuş hesab olunursunuz. İkinci həyatınız birincidən çox fərqlidir?
- Heç nə dəyişmədi. (gülümsəyir) Bir az ilk başda fərqli hiss edirsən. Fikirləşirsən ki, artıq belə olmayacağam. Başqa cür yaşayacağam, həyatımı belə quracağam... Mümkün deyil. Amma bir şeyi deyim sizə ki, məsələn, bax, bu şəhəri gəzirsən. Adi vaxt düz gedirsən, ətrafa o qədər də fikir vermirsən. Artıq diaqnoz qoyulanda və biləndə ki, sənin vaxtın az qalıb, inanırsınız, şəhərin gözəlliyinə başqa cür baxmağa başladım. Çalışırdım, hər şeyi nöqtəsinə qədər yadımda saxlayım. Deyirdim, ay Allah, bu yolları mən bu qədər keçmişəm, niyə filan şeyə fikir verməmişəm? Niyə filan şeyi görməmişəm? Hər şeyi foto kimi həkk edirdim beynimdə. Elə bil, özümlə o dünyaya aparacaqdım...
- Deyirlər, klinik ölümdən qayıdan insanları həyata bağlayan güclü bir bağ olur. Sizi həyata bağlayan nə oldu?
- Həyatda hər şeyə görə Allahıma minnətdaram. (doluxsunur) Yəqin, hələ ömür qurtarmamışdı. Yəni mən o “tunel”i də keçmişəm, o son qapıya qədər də getmişəm. Amma qapı açılmadı... Mən qayıtdım... (doluxsunur)
- Neçə yaşında idiniz onda?
- Bir dəfə elə hal olub məndə 25 yaşımda, bir dəfə də 40 yaşımda. İlk dəfə elə bildim ki, ruhum bədənimdən çıxıb. Yuxarıdan baxıb, həkimləri və özümü gördüm. 40 yaşında isə çox böyük bir sürətlə dar və uzun bir dəhlizdə uçmuşam... Dediyim kimi, o qapıya çatana qədər...
- Müsahibələrinizin birində belə bir ifadə işlətmisiniz: “Əgər bu sənətdə olmasaydım, bəlkə də, artıq dünyada olmazdım”. Bu fikrin pərdəarxasında nə var?
- Hə, olmazdım... Səhnə stimul verir, güc verir adama. Deyirlər, sevgi yaşadır. Sevgi də cürbəcür olur - insana qarşı, övlada qarşı... Məndə də səhnəyə qarşı idi. Bunu bir dəfə də demişəm, yenə də deyim - mənim oksigenim çatmayanda mən o oksigeni səhnədən alırdım. Gəlirdim, işləyirdim. O proses işdir, yorğunluqdur. Evə gedəndə isə artıq uçurdum - tamaşanı oynadım, alqışlandım... Yəni o enerjini, o nəfəsi mən buradan (səhnəni nəzərdə tutur - red.) alırdım... Amma burada haqsızlıqlar olanda, sənə qiymət verilməyəndə, yəni bəzən balans pozulur. Onda bir dəfə də dedim ki, mənim buradan da oksigenimi bağladılar. Boğuluram...
- Bəs niyə düşünürsünüz ki, səhnə olmasaydı, həyatda olmazdınız?
- ... (dalır və doluxsunur) Yəqin ki, gəlib enerjimi buradan alırdım. İnsan enerji almalıdır. Başa düşürsünüz, insan enerji almalıdır. Əgər enerji almasan, elə ancaq ver, ver, ver... Bir gün bu tükənir. Yəqin ki, burada işimdən, tərəf-müqabillərimdən, zaldakı tamaşaçılardan mən o enerjini alırdım ki, elə düşünürdüm...
- Deyirlər, teatr qarderobdan başlayır. Maraqlıdır, bəs harada bitir?
- Tamaşaçı üçün yəqin ki, zaldan çıxanda. (gülümsəyir) Amma hər tamaşadan sonra tamaşaçı yüklənib getməlidir və hər bir aktyor öz rolunu yükləməyi bacarmalıdır. Hər bir obrazın dərinliyinə getmək lazımdır - kimdir, nəçidir, niyə oldu? O yükü aktyor, aktrisa daşımalıdır. Daşıdısa, o tamaşa udur və tamaşaçı gedəndə yük aparır, yəni nəyisə öyrənir. Bax, bu olmalıdır hər tamaşadan sonra.
Qaldı o qarderobdan başlamaq məsələsinə, bu bir mədəniyyət idi. Adil İsgəndərov deyirdi ki, o vaxt insanlar teatra gələndə yol-iz palçıq olurdu deyə, hamısı qaloşla gələrdilər. Teatra çatanda qaloşu çıxarıb qarderoba təhvil verirdilər, təmiz ayaqqabıları ilə daxil olurdular zala. Bu, artıq mədəniyyət idi. Yəni teatra, bu möhtəşəm binaya, bu zala, bu insanlara böyük hörmət demək idi, möhtəşəmlik idi. Özləri də bəzənib-düzənirdilər - teatra gəliblər axı. (gülümsəyir) Yoxsa indiki kimi, küçəndən keçəndə deyirlər, gəl bir dənə bilet alaq, oturaq, sonra da zalda telefonla oynayırlar. Yox. Bu düzgün deyil. Belə olmamalıdır.
- Səhnədə sizi bir aktrisa kimi tamaşaçı alqışı xoşbəxt edirdi...
- Əlbəttə, bütün aktyorları.
- Bəs bu gün sizi nə xoşbəxt edə bilər?
- Bu gün canım sağlam olsun, övladlarım sağlam olsun, yarıyanlardan olsunlar, xoşbəxt olsunlar - bunlar, əlbəttə, xoşbəxt edir. Yəni bununla yaşayıram, özümə təskinlik tapıram. Aktrisa kimi isə gözəl bir rol ki, sözümü deyim. Cavanlıqdan bu yana həmişə o sözü deyirəm ki, aktyorların çoxunun yaradıcılığında bir obraz olur ki, o qalır. Hamı onu o obrazla tanıyır. Düzdür, çox obrazlarım olub ki, yadda qalıb, hamı məni o obrazların adları ilə çağırır, çox vaxt heç öz adımı bilmirlər. Deməli, nə isə etmişəm... Amma indinin özündə də istəyərəm nə isə olsun. Elə bir şey ki, mən sözümü deyim, mən oynayım.
- Biz sizə təşəkkür edirik, var olduğunuz üçün.
- Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Çünki nə qədər zəng vururdular, müsahibə üçün, serial üçün. Nəsə çəkilmişdim qırağa... Çox sağ olun ki, məni evdən çıxartdınız.
- Siz sağ olun ki, bizə görə dincliyinizi pozdunuz.
- Xoş oldu. Çox xoş bir gün keçirtdim... Sizə uğurlar!
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova