Avropa Parlamentində ‘Azərbaycandakı erməni əsirlər’ adlı konfrans hazırlanır


Martın 19-da Avropa Parlamentində “Azərbaycandakı erməni əsirlər” adlı konfransın keçirilməsi planlaşdırılır.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bunu Ermənistandakı Belçika səfirliyinə istinadla yazıb.
Xəbər verilir ki, konfransı Avropa Parlamentində Avropa Xalq Partiyası (EPP) fraksiyasının üzvü, bolqarıstanlı Andrey Kovaçov təşkil edir.
Azatutyun xatırladır ki, 2023-cü ilin 7 dekabrında Ermənistan baş nazirinin ofisi və Azərbaycan prezidentinin administrasiyası arasında danışıqların nəticəsi olaraq iki ölkə arasında etimad yaradılması istiqamətində əməli addımların atılmasına dair razılaşma əldə olunmuşdu.
Bu razılaşmadan 6 gün sonra Azərbaycan 32 əsiri Ermənistana qaytarıb. Bunun əvəzində Yerevan Ermənistanda qətl ittihamı ilə ömürlük həbs cəzası çəkən Azərbaycan hərbçisi Hüseyn Axundovu və 11 illik həbs cəzası çəkən başqa bir hərbçi – Aqşin Bəbirovu Azərbaycana verib.

Azərbaycanın mövqeyi

Azərbaycan tərəfi erməni hərbçilərin əksəriyyətinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatından sonra əsir alındığını və onların Azərbaycan ərazisində terror törətməklə məşğul olduqlarını bildirirdi.
Qarabağın keçmiş separatçı liderlərinə gəlincə isə, Azərbaycan Qarabağ üzərində nəzarəti tam bərpa etdikdən sonra Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və David İşxanyan, habelə David Babayan, Levon Mnatsakanyan və Davit Manukyanı saxlayaraq Bakıya gətirib.
Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad edilməsi üçün beynəlxalq icmaya müraciət edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanın bəyanatını rədd edib və bildirib ki, sözü gedən şəxslər separatçılıq, “terror aktları” və “Azərbaycana qarşı təcavüz” ittihamları ilə mühakimə olunacaqlar.


Xatırlatma


1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.