Sayğac problemi "kimə işləyir"?

Azər Məmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri vəzifəsinə təyin olunub. Kimdir, “Azəriqaz”ın yeni sədri? Məlumatda qeyd olunur ki, Azər Məmmədov “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013), “SOCAR Georgia Gas”şirkətinin direktoru (2014-2023) vəzifələrində çalışıb. O, 2023-cü ildən “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədr müavini vəzifəsini icra edirdi.
“Azəriqaz” “başıbəlalı”dır. Əhalinin narazı qaldığı, şikayətçi olduğu qurumdur. Qaz kəsilir, “Azəriqaz” günahkardır, qazın təzyiqi azdır, limit tətbir edilir, sayğac pis işləyir… yenə “Azəriqaz” günahkardır. Bəli, bütün bu kommunal, məişət problemlərini “Azəriqaz” həll etməlidir. Yəni qurumun strukturları, şöbələri, idarələri. İdarəetmədə problem varsa və abonentlərin probemləri həllini tapmırsa, deməli, rəhbər günahkardır. Bu, idarəetmənin dəyişilməz şərtidir. “Azəriqaz”ın sabiq sədri vəzifəsindən niyə azad edilib, bunun üzərinə getməyəcəyik. Necə deyərlər, olan oldu, keçən keçdi. Əhali üçün vacib olan yeni sədrin problemləri həll edib-etməyəcəyidir. Yeni sədrdən gözləntilər hansılardır?

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı açıqlamasında həllini gözləyən əsas problemlərdən danışdı:
- Biz illərdir hasilat sənayesində mütəmadi monitorinqlər aparırıq. İşçilərin hüquqlarının müdafiəsi, ətraf mühitin qorunması, korrrupsiya halları və sairlə bağlı. Müşahidə edilən neqativ halları “Azəriqaz” rəhbərliyinin hər zaman diqqətinə çatdırmışıq. İşçilərin əmək hüquqlarının pozulması, çoxsaylı qaz itkiləri, qanunsuz cərimələr, qaz itkilərinin əhalinin üzərinə yönləndirilməsi, abonentlər qarşısında götürülən öhdəliklərin yerinə yetirilməməsi əsas problemlərdir. Yeni təyin edilmiş sədr də bunlardan xəbərdar olmalıdır. Və problemlərin həllinə çalışmalıdır. Biz monitorinqlərimizi davam etdirəcəyik, yeni sədr idarəetmədə hansı müsbət dəyişikliklərə nail oldu, bilinəcək.

M.Qəhrəmanlı qeyd etdi ki, indiyədək “Azəriqaz”da aparılmış struktur dəyişiklikləri müsbət nəticə verməyib:
- Hesab edirəm ki, struktur islahatlarına yenidən baxılmalıdır. Regional qaz idarələrinin işçiləri ilə söhbət aparılmalı, “Azəriqaz”a aidiyyəti olmayan təşkilat vasitəsilə işçilər arasında sorğu keçirilməlidir ki, reallıqlar üzə çıxsın. Sayğac problemi, sayğaclara müdaxilə, sayğacdan yayınan qazın hesabatı… bu neqativ hallar həllini tapmalıdır. “Azəriqaz” abonentlər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir ki, əhali əziyyət çəkməsin. Monitorinqlərin nəticəsinə uyğun olaraq yeni sədrin fəaliyyətinə qiymət veriləcək.