Moskva Ermənistanın Rusiya sərhədçilərini Zvartnotsdan çıxarmaq qərarına acıqlı reaksiya verir
Rusiya martın 13-də Ermənistanın Rusiya sərhədçilərinin Yerevanın əsas beynəlxalq hava limanı – Zvartnots aeroportundan çıxarılması qərarını, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyinə dair hədələrini qətiyyətlə pisləyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Ermənistan hökuməti ikitərəfli münasibətlərə, habelə Ermənistanın təhlükəsizliyinə və iqtisadi inkişafına “düzəlməz zərər” vurmaq riskinə girib.
Moskva ilə münasibətlərin gərginləşməsi fonunda Ermənistanın baş naziri Nikol Paşinyan martın 12-də bildirmişdi ki, Yerevan Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması üçün Moskvaya avqustun 1-dək vaxt verib.
Paşinyan əlavə etmişdi ki, Ermənistan bundan sonra hava limanındakı sərhəd nəzarətini “Rusiyanın köməyi olmadan” həyata keçirə bilər.
“Fransa buna qabil olsaydı...”
Zaxarova bildirib ki, Yerevanın bu barədə Ermənistandakı Rusiya sərhədçilərinin komandanlığına göndərdiyi bildiriş Paşinyan hökumətinin Moskvaya qarşı “dost olmayan” çoxsaylı addımlarından yalnız sonuncusudur:
“Rusiya və Ermənistan sərhədçilərinin uzun illər çiyin-çiyinə səmərəli xidmət etməsi nəzərə alınarsa, bu təşəbbüs çətin ki, Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına xidmət etsin”.
Martın 13-də Rusiya XİN-də keçirdiyi brifinqdə Zaxarova Ermənistan liderlərinin KTMT barəsində “əks nəticə verən, ağır, bəzən hətta təhqiramiz ritorikasını”, Rusiya və KTMT-yə üzv başqa keçmiş sovet respublikaları ilə “dialoqdan” qaçmasını pisləyib.
Rusiya XİN-in nümayəndəsi habelə iki ölkə arasında baş verənlərdə həm də Qərbi, ilk növbədə Fransanı günahlandırıb:
"Fransaya tərəf meyllənən və Parislə hərbi-texniki əməkdaşlığı genişləndirən Yerevan üzdəniraq sponsorlarının əsl niyyətlərini, regionda Fransa hərbi mövcudluğunun yaratdığı riskləri dərk etmir. Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə hazır və ya qabil olmasını düşünmək sadəlövhlük olardı. Əgər Fransa buna qabil olsaydı, bunu müqavilə öhdəlikləri olan və buna görə pul aldığı Afrika qitəsində edərdi”.
Moskva hələ ki, bu məsələni yalnız şərh edəcək...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu ayın əvvəllərində demişdi ki, Ermənistan ənənəvi müttəfiqindən (Rusiyadan-red) aralanmaqda davam etsə, Moskva Yerevanla münasibətlərinə “ciddi şəkildə” yenidən baxmalı olacaq.
Nikol Paşinyan martın 12-də, bu təşkilat Ermənistanı xarici təcavüzdən qorumayanadək ölkəsini KTMT-dən çıxaracağına dair hədələrini təkrar dilə gətirib.
Ermənistanın baş naziri bundan əvvəl demişdi ki, “Yerevan hazırda KTMT-dəki üzvlüyünü de facto dondurub, amma belə davam etsə, üzvlük de jure dondurulacaq”.
Buna baxmayaraq Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı XİN-dən daha yumşaq münasibət bildirib və deyib ki, “iki ölkə arasında görüləcək işlər çoxdur və partnyorlar arasında bu cür fikir ixtilafları da baş verir”.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.