Birgə nikah dövründə bankdan götürülən borc ər-arvadın ümumi əmlakı sayılır? - AÇIQLAMA
“Əmlak deyəndə maddi dəyər təşkil edən bütün hüquqlar nəzərdə tutulur. Eyni zamanda iqtisadi dəyəri kəsb edən öhdəlikləri də əhatə edir. Şəxs başqa şəxsdən borc alıbsa, bu da şəxsin əmlakına daxildir. Biz ona əmlakın passiv hissəsi deyirik. “Ər-arvadın ümumi əmlakı” dedikdə, təkcə gözlə görünən əşyalar yox, iqtisadi dəyər kəsb edən bütün hüquqlar, ümumi öhdəlikləri, borcları və s. maddi dəyər kəsb edən öhdəliklərİ nəzərdə tuturuq”.
Bu barədə Lim10.az-a Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abidin Hüseynov “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qəbul edilən plenum qərar layihəsinin məzmunu barədə suallarımız cavablandırarkən deyib.
Onun sözlərinə görə, “Ər-arvadın ümumi əmlakı” dedikdə, birgə nikah dövründə ər-arvadın qazandığı bütün əmlakın ümumi həcmi başa düşülür:
“Bura həm hüquqlar, həm də öhdəliklər daxildir. Birgə nikah dövründə ümumi səylər hesabına əldə edilən əmlaklar, onların ümumi əmlakı hesab edilir. Onların ayrıca əmlakı o halda ola bilər ki, bu əmlak, nikahaqədərki dövrü əhatə etsin. Yaxud da nikah dövründə onlara hədiyyə edilsin və ya vərəsəlik yolu ilə keçmiş olsun. Həmin əmlak ümumi əmlak sayılmır. Əgər rəsmi nikah dövründə ər-arvadın faktiki mülkiyyətində, yaxud da onların adına Daşınmaz Əmlakın Dövlət Reyestrində bir əmlak qeydiyyata alınıbsa, bu, onların ümumi əmlakı sayılır. Tərəflərdən biri iddia edərsə ki, bu, ona bağışlanmış və ya vərəsəliklə keçmiş şəxsi əmlakıdır, bunu sübut etmək həmin şəxsin üzərinə düşür.
Nəzərə almaq lazımdır ki, ər-arvad birgə rəsmi nikaha daxil olarkən bir ailə təsərrüfatına razılıq verirlər. Ondan sonra hər iki tərəfin birgə səyləri qanun tərəfindən birgə təsərrüfatın inkişafına yönəlmiş hesab edilir. Yaxud da tərəflərin birinin ayrıca səyləri, niyyətindən asılı olmayaraq qanunvericilik tərəfindən ümumi ailə təsərrüfatı üçün göstərilən səy hesab edilir. Ona görə də qanunvericilik bu gəlirlərin hamısını ər-arvadın ümumi gəlirləri kimi sayır”.
A.Hüseynov vacib məqamlardan biri olan nikah dövründə ər və arvaddan birinin bankdan kredit götürməsinin ər-arvadın ümumi əmlakı sayılıb-sayılmamasına da aydınlıq gətirib:
“Əgər tərəflər bu borcun hər iki tərəfin borcu olduğunu iddia edirlərsə, artıq bu halda iddianı irəli sürən tərəf götürülən borcun ailənin ehtiyaclarının qarşılanmasına sərf edildiyini sübut etməlidir. Bu sübuta yetirildiyi təqdirdə, digər tərəfin də bu borca öhdəliyi yaranacaq. Əks təqdirdə borc tərəflərdən yalnız birinin - iddia irəli sürənin öhdəliyində qalacaq”.
A.Hüseynov onu da əlavə edib ki, 1999-2000-ci illərdə, demək olar ki, əksər qanunvericilikdə dəyişikliklər baş verib:
“Həmin ərəfədə Mülki Məcəllə və Ailə Məcəlləsi qəbul olunub. Ötən 25 il ərzində bu məcəllələrin ailə hüquq münasibətlərini, ər-arvadın əmlakı ilə bağlı münasibətlərini tənzimləyən bir sıra qərarlar qəbul edilib. Bu istiqamətdə mübahisələr mülki mübahisələrin böyük hissəsini təşkil edib. Bununla əlaqədar olaraq Ali Məhkəmədə bu cür mübahisələrin ümumiləşdirilməsinin keçirilməsi zərurəti yaranıb. Ümumiləşdirmə nəticəsində araşdırmalar aparılıb və bir çox ölkələrin bu mövzudakı təcrübəsi öyrənilib.
Apellyasiya və Ali Məhkəmənin 12 hakimi Türkiyədə işgüzar səfərdə olub və bu istiqamətdə təcrübə mübadiləsi aparılıb. Nəticədə “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərar qəbul edildi. Düşünürük ki, bu plenum qərarı məhkəmə haqlarının daha sabit və qanuni olmasına imkan yaradacaq”.
Könül Cəfərli