General Müdafiə Nazirliyi sistemində milyonlarla manat yeyinti mexanizmindən söz açdı
Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq yeyinti ilə bağlı məhkəmə araşdırmaları büdcə vəsaitlərinin mənimsənilib bölüşdürülməsindən ötrü ayrıca mexanizm olduğnu üzə çıxarıb. Nazirliyin tabeliyində olan bütün strukturlar həmin mexanizm əsasında hərəkət edib.
Bu mexanizmdən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Baş İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov martın 14-də Bakı Hərbi Məhkəməsində söz açıb.
Onun sözlərinə görə, hərbi hissə və digər qurumlarda, şəxsi heyətin sayı nəzərə alınmaqla, smeta tərtib olunur, “əlavə xərclərin ödənməsi” adı ilə də büdcədən vəsait ayrılırmış. İldə bir dəfə təftiş-yoxlama zamanı təyinatı üzrə xərclənməyən məbləğ müəyyənləşdirilirmiş. Ortaya çıxan rəqəmin 50 faizi nazirliyə çatdırmaq üçün təftişə göndərilən şəxsə verilirmiş. Bu 50 faizin də 20 faizi maliyyə, 30 faizi təftiş şöbələrinə çatırmış.
“Ordu yaranandan - 1993-cü ildən, belə qayda qoyulub. Tək mənim vaxtımda deyil. 30 il idi sistem belə işləyirdi. Məndən əvvəlki rəis Namiq Poladovun vaxtında da belə olub”, - general N.Məmmədov ifadəsində belə deyib.
O, ordunun Təlim və Tədris Mərkəzi Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin məhkəməsində şahid kimi dindirilib. N.Məmmədovun özü də həbsdədir və hazırda Bakı Hərbi Məhkəməsində onun da mühakiməsi davam edir.
Müdafiə Nazirliyi sistemindəki 143 milyon manatlıq yeyintiyə görə cinayət işi üzrə məsuliyyətə cəlb olunanların işi bir neçə yerə ayrılıb. Onların məhkəmələri ayrı-ayrılıqda keçirilir. Bu üzdən, bir işdə təqsirləndirilən şəxs digər məhkəmədə şahid kimi dindirilir.
N.Məmmədov deyir ki, o, Maliyyə və Büdcə Baş İdarəsinin rəisi təyin olunmazdan öncə maliyyələşmə şöbəsinə də 30 faiz çatırdı. Bu da narazılıq yaratmışdı. O səbəbdən bu rəqəmi 20 faizə endirib.
“Zəng eləyib deyirdi ki, “xüsusi tapşırıq” var”
Təqsirləndirilən polkovnik R.Məlikzadənin sözlərinə görə, təftiş və maliyyələşməyə verilən toplam 50 faizdən başqa, ondan “xüsusi tapşırıq” adıyla da pullar alınırdı. Deyir, bunu edən də Maliyyə və Büdcə Baş İdarəsi Nəzarət-təftiş şöbəsinin rəisi Rəfael Xələfov idi. Yoxlama-təftişə də ya özü gəlirdi, ya da kimisə göndərirdi:
“20 və 30 faizlik ödənişlər ayrı olub, xüsusi tapşırıqların pulu ayrı. Rəfael Xələfov zəng eləyib deyirdi ki, “xüsusi tapşırıq” var, göstəriş verirdi əlavə ödənişlə bağlı. Mən də başqa maliyyə rəisləri ilə danışıb görürdüm ki, onlardan da istəyib. Rəfael Xələfovun göstərişlərini icra eləyirdik, kim ona nəsə deyə bilərdi ki?! Ümumiyyətlə, bütün tapşırıqları ondan alırdıq. Nizami Məmmədovla əlaqəm olmayıb, mənə tapşırıq da verməyib”.
General da bildirib ki, R.Xələfov bir çox halda onun adından istifadə edərək pullar alıb: “Mənim adımdan istifadə eləyib, mən göstəriş vermədiyim halda da “xüsusi tapşırıq” adıyla pullar alıb, mənə verməyib...”.
R.Məlikzadəyə “xüsusi tapşırıq” adı ilə 2 milyon manatdan çox pulu mənimsəməsi haqda ittiham verilib.
General deyir ki, düzdür, ona “xüsusi tapşırıq” adıyla alınmış vəsaitlər gəlib çatıb. İstintaqda da bu məsələni üzərinə götürüb, “xüsusi tapşırıq” adıyla mənimsənilən vəsaiti ödəyib. Amma o, polkovnik R.Məlikzadədən bu adla 2 milyon manat almadığını vurğulayıb: “Bu, Rəşad Məlikzadə ilə Rəfael Xələfov arasında aydınlaşdırılmalı məsələdir”.
Generaldan sonra R.Xələfov da məhkəmədə şahid qismində dindirilib. Amma onun dindirməsi qapalı keçirilib.
R.Xələfov da 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbs olunanlar arasında idi. Amma ötən il azadlığa buraxılıb. Polkovnik Xələfov həbsdən buraxılsa da, yenə təqsirləndirilən şəxs statusundadır.