Sağlamlıq imkanları məhdud uşağın əlilliyi niyə kəsilib? - FOTO
Vətəndaş övladının əlilliyi kəsildiyi üçün narazıdır.
Bu barədə Lim10.az-ın redaksiyasına Namiq Məmmədov şikayət ünvanlayıb.
Onun sözlərinə görə, övladı Mircəfər Məmmədzadənin sağlamlıq imkanları anadangəlmə məhduddur:
“2014-cü ildən əlillik təyin olunub. Dövlət tərəfindən ortopedik ayaqqabı, korsetlə təmin olunub, uşaq reabilitasiya müəssisələrində müalicələr alıb. Amma 2023-cü ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyi dayandırılıb. Dəfələrlə get-gələ saldılar, amma əlillik bərpa edilmədi”.
Agentliyin İctimaiyyətlə Əlaqələr və Daxili Kommunikasiya Şöbəsinin müdiri Tural Qurbanov Lim10.az-ın sorğusuna cavab olaraq bildirib ki, Mircəfər Namiq oğlu Məmmədzadə ilə bağlı tibb müəssisəsi tərəfindən e-sistemə daxil edilən göndərişdə (forma 88) onun əlilliyinin qiymətləndirilməsi üçün zəruri olan göstəricilər qeyd edilməyib:
“Bu səbəbdən M.Məmmədzadənin e-sistem üzərindən əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Buna baxmayaraq, o, ötən ilin sentyabr və dekabr, habelə bu ilin yanvar ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Hər üç əyani müayinə zamanı Mircəfər Məmmədzadənin hazırkı sağlamlıq vəziyyətində əlillik əlamətləri müşahidə edilmədiyindən ona əlillik təyinatı aparılmayıb”.
İlhamə Əbülfət