Abşeronda məmurlar sakinləri oliqarxların cənginə verib - ŞOK VİDEO

   Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və həmin iclasda Prezident İlham Əliyev paytaxt Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edən vəzifə sahiblərinə ciddi tapşırıqlarını da verir. Ölkə rəhbəri bununla bağlı bağlı Sərəncam imzaladığını bir daha iclas iştirakçılarının diqqətinə çatdırır və onu da vurğulayır ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Möhtərəm Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, eyni zamanda  Nazirlər Kabinetində keçirilən iclas zamanı verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, bu sahədə baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət daha da artacaq.

    Qanunsuz tikililərin qarşısının alınması ilə bağlı ölkə rəhbəri tərəfindən imzalanan Sərəncama və Nazirlər Kabinetində keçirilən iclas zamanı verilən tapşırıqlara  baxmayaraq, bir müddətdir ki, Abşeron rayonunun Qalubiyyə küçəsində (bəzi sakinlərin dediyinə görə Nəsibə Zeynalova-27 ünvanında) illər öncə inşa olunmuş  və hal-hazırda çoxsaylı sakinlərin yaşadıqları beşmərtəbəli binanın zirzəmisində qazıntı işləri həyata keçirilməkdədir. 

Bu haqda gundemxeber.az-nı redaksiyasına xeyli məlumatlar daxil olub və qazıntı işləri ilə bağlı həyata keçirilmiş video-çəkiliş də təqdim olunub. Daxil olan məlumatlarda bildirilir ki, beşmərtəbəli yaşayış binası Xırdalan bələdiyyəsinə yaxın ərazidə yerləşir və binanın zirzəmisi bir müddət bundan əvvəl, Abşeron rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Abad-Abşeron”un rəhbəri Mehman Səfərov tərəfindən hansısa bir şəxsə (söylənilənlərə görə həkimlik peşəsi ilə məşğul olan şəxsə) satılıb. Elə ki, həmin şəxs binanın zirzəmisini alır, o halda o, çox keçmir ki, binanın zirzimisində olan dayaqlardan bəzilərini kəsir, bəzi dayaqların alt və yan hissələrini isə qazır. Belə bir səbəbdən də, bina müəyyən qədər qəzalı vəziyyətə düşür. Düzdür, əmələ gələn belə bir problemlə bağlı əməkdaşımız “Abad-Abşeron”un rəhbəri Mehman Səfərovla əlaqə saxlayıb, ondan problemlərin varlığına münasibətini öyrənmək istəsə də, o, bu yöndə istəyinə nail ola bilmir. Əslində, beşmərtəbəli yaşayış binasının zirzəmisində bəzi dayaqların kəsilməsinə, bəzi dayaqların isə alt və yan hissələrinin qazılmasına cavabdehliyi, həm Fövqəladə Hallar Nazirliyi, həm də  Abşeron rayon İcra Hakimiyyəti də daşıyır. Çünki, qeyd olunan ərazilərdə hansısa tikinti, qazıntı və s. kimi işlər həyata keçirilərsə, o halda bir çox qurumlarının, ələlxüsus Fövqəladə Hallar Nazirliyinin və  Abşeron rayon İcra Hakimiyyətinin razılığı da olmalıdır. Faktdır ki, bu belədir və tam əksəriyyət bu haqda da kifayət qədər məlumata malikdirlər. Deməli, bu iki dövlət qurumundan rəsmən icazə alınmazsa, o halda “Abad-Abşeron”un rəhbəri Mehman Səfərov da heç bir qərarını verə bilməz. Yəqin ki, qol qoyulan belə bir qanunsuzluq işləri ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və aidiyyatı üzrə digər dövlət qurumlarına ünvanlayacağımız rəsmi məktublarla bağlı aparılacaq araşdırmalar, çox yaxın vaxtlarda bir çox gizlinləri üzə çıxarmağa imkan verəcək. Bildirmək istəyirik ki, hal-hazırda da həmin binanın zirzəmisində qeyri-qanuni qazıntı işləri davam etdirilməkdədir. Maraqlı hal odur ki, bu gün də qol qoyulan qanunsuzluqların qarşısı alınmır, əksinə qanunsuzluqların əhatə dairəsi daha da artmaqda davam edir. Bir sözlə, bu kimi işlərə qol qoyanlara bir kimsə “qaşın üstə qara var” demir, yaxud da deməyi bacarmır. Bu da bir çox şübhələrin baş qaldırmasına yollar açmaqdadır.

    Bütün bunlar onu söyləməyə əsas verir ki, cənab Abdin Fərzəliyevin icra başçısı olduğu Abşeron rayonunun Qalubiyyə küçəsindəki yaşayış binasının zirzəmisində qanunsuz qazıntı işlərinin davam etdirilməsi, bu gün də  bəzi vəzifə sahiblərinin şəxsi maraqlarına cavab verir.  Əgər bu belə olmasaydı, o halda ölkə rəhbərinin Bakı şəhəri ilə bərabər, ətraf şəhər və rayonların ərazilərində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn tələblərə əməl olunardı. Deməli, ....

Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

GundemXeber.Az