Paşinyan Bakının tələb etdiyi 4 kəndin olduğu bölgəyə gedib
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun baş nazirin ofisinə istinadla yazır ki, Nikol Paşinyan bugün, martın 18-də Tavuş vilayətindəki Voskepar, Bağanis və qonşu kəndlərin sakinləri ilə görüşür.
Ötən həftə keçirdiyi mətbuat konfransında baş nazir Tavuşa səfər edəcəyini və yerli sakinlərlə görüşəcəyini vəd etmişdi.
Elə həmin gün rəsmi Yerevan Azərbaycanla sərhədin qismən delimitasiyasına hazır olduğunu bildirmişdi. Rəsmi məlumatda delimitasiya prosesinin Tavuş rayonundan başlanacağı da istisna olunmurdu.
Rəsmi Bakı Ermənistan silahlı qüvvələrinin nəzarətində olan 4 kəndin qaytarılmasını tələb edib. Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Ermənistanın Tavuş rayonu ilə həmsərhəddir və bilavasitə Azərbaycan ərazisində yerləşir.
Paşinyan bunu da bildirmişdi ki, bu kəndlər de jure Ermənistan ərazisi deyil.
Paşinyan artıq tapşırıq verdiyini deyib
Sözü gedən dörd kənd və Ermənistanın ərazisində anklav şəklində yerləşən Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri ilə birlikdə 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunub.
Amma Ermənistan bunu da bildirir ki, Azərbaycanın tələb etdiyi kəndlər olan ərazidən Ermənistan-Gürcüstan dövlətlərarası magistralı keçir və qaz kəməri Ermənistana məhz buradan daxil olur.
Mətbuat konfransında bu məsələyə toxunan baş nazir demişdi ki, məhz buna görə indi həmin infrastruktur elementləri - yol və qaz kəməri yenidən qurulmalıdır:
"Mən artıq bu barədə tapşırıq vermişəm və həmin bölgədəki kəndlərimizin sakinlərinə nə düşündüyümü, niyə düşündüyümü izah etmişəm. Yaxın gələcəkdə biz hərəkətə gəlməli və elə etməliyik ki, sərhədlərimizdən kənarda olan kommunikasiyalar yenidən qurularaq Ermənistanın öz ərazisinə düşsün”.
Sanosyan: “Müəyyən işlər artıq görülüb...”
Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan baş nazir Nikol Paşinyanın Azərbaycanın tələb etdiyi kəndlərə dair dediklərini şərh edib.
O deyib ki, mübahisəli ərazilər barəsində məsələyə aydınlığı Azərbaycan-Ermənistan sərhədinin delimitasiya komissiyaları gətirəcək:
“Baş nazirin bəyanatı hamı üçün aydın və başa düşülən idi. Delimitasiya komissiyaları var. Bunlar delimitasiya üçün hüquqi baza kimi hansısa xəritəni müəyyən edəcəklər. Bundan sonra hansı ərazilərin Ermənistana, hansılarının Azərbaycana aid olduqları bəlli olacaq”.
Sanosyan bildirib ki, bu istiqamətdə müəyyən işlər artıq görülüb və xəritə müəyyənləşdirilib.
Nazir bunu da vurğulayıb ki, Yerevanın Azərbaycanın işğalında olan 31 kənd ərazisi barədə tələbi də qüvvədə qalır.
Bundan əvvəl Ermənistanın 31 kəndinə aid ərazilərin 44 günlük müharibədən sonra Azərbaycanın nəzarətində qaldığını baş nazirin müavini, delimitasiya prosesinə bilavasitə cavabdeh olan Mher Qriqoryan da bildirmişdir.
Tavuş sakinləri kəndlərin Azərbaycana qaytarılmasını istəmirlər
Bu arada xəbər verilir ki, Tavuş vilayəti Voskepar kəndinin sakinləri Nikol Paşinyana müraciət məktubu yazaraq, sözü gedən kəndlərin Azərbaycana qaytarılmasına qarşı olduqlarını bildiriblər.
Bu barədə özünün Facebook səhifəsində jurnalist Voskan Sarkisyan yazıb.
Onun məlumatına görə Voskeparda Tavuş və Şirak yeparxiyalarının başçıları arxiyepiskoplar Baqrat Qalstyan və Mikael Acapaxyan arasında görüş olub.
Bu görüşdə habelə Ermənistan silahlı qüvvələrinin keçmiş korpus komandiri Miqran Maxsudyan, Yerkrapa könüllü ittifaqının Tavuş vilayət bölməsinin başçısı Yura Arutyunyan da iştirak ediblər.
Ermənistan müxalifəti və Erməni kilsəsi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxırlar.
Belə görünür ki, bu müraciətdən sonra Nikol Paşinyan yubanmadan bölgəyə səfər edib.
Xatırlama
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.