Tbilisinin havası Bakıdan təmizdir
Havanın keyfiyyəti dünyanın yalnız 7 ölkəsində Dünya Səhiyyə Təşkilatının normalarına uyğundur.
Bu məlumat havanın keyfiyyətini monitorinq edən İsveçrə şirkəti IQAir-nın 2023-cü il üçün hesabatından qaynaqlanır.
Hesabatda deyilir ki, havanın tərkibində his və tozla birlikdə şərti olaraq PM2.5 adlandırılan bərk mikrohissəciklər ən az Mavrikidə qeydə alınıb.
Bu hissəciklər insanların tənəffüsü nəticəsində orqanizmə daxil olaraq ciddi fəsadlar yaradır.
Havanın təmizliyinə görə Mavrikidən sonrakı yerləri İslandiya, Yeni Zelandiya, Avstraliya, Estoniya və Finlandiya tuturlar.
Ən çirkli hava Banqladeşdədir
Hesabata görə, 2023-cü ildə ən pis hava tərkibi Banqladeşdə qeydə alınıb. Bu havanın tərkibində mikrohissəciklər DST-nin 2021-ci ildə müəyyən etdiyi normadan az qala beş dəfə çox olub.
Hesabata görə, Pakistan və Hindistan dünyanın ən tüstülü şəhərləridir.
IQAir hesabatının interaktiv xəritəsinə əsasən, Cənubi Qafqazın üç şəhəri – Yerevan, Tbilisi və Bakı arasında havası daha təmiz olanı Gürcüstan paytaxtıdır.
DST-nin məlumatına görə çirkli hava hər il 7 milyon insanın ölümünə səbəb olur, ümumilikdə isə insan ömrünü 2.2 il qısaldır.
The Guardan qəzeti yazır ki, bir araşdırmaya görə havanın hətta cüzi çirklənməsi tibb müəssisələrinə müraciətlərin sayını kəskin artırır.
IQAir şirkətinin ekspertləri havanın daha təmiz olması üçün ölkələrə piyadalar üçün küçələrin artırılmasını, yaşıllaşdırmanı və qazıntı yanacağından mümkün qədər imtinanı tövsiyə edirlər.
IQAir şirkətinin nümayəndəsi Qlori Hammes deyib ki, “biz dünyada eyni atmosfer qatını bölüşürük, gəlin onu başqaları üçün daha ziyanlı etməyək”.