İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO/VİDEO

Ötən axşam saat 23:36-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-dən məlumat verilib.

Qeyd olunub ki, keçirilən sərhəd axtarışı nəticəsində Araz çayının sahilində qamışlıq ərazidə 1 (bir) ədəd rezin qayıq aşkar olunub.

Qayığa baxış zamanı ümumi çəkisi 102 kiloqram olan narkotik vasitə (89 kq 940 qr marixuana, 4 kq 660 qram heroin, 7 kq 400 qr metamfetamin) və 8010 ədəd narkotik tərkibli güclü təsiredici “Metadon M 40” həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.