Cəlal Əliyevin vəkili tutuldu
Mərhum deputat, akademik Cəlal Əliyevin jurnalistlərə qarşı çoxsaylı məhkəmə çəkişmələrində ona vəkillik etmiş Sümbülə Əliyeva həbs olunub. Bu barədə AzadlıqRadiosuna İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzindən bilgi verilib.
Haqqında üç ay öncə həbsli axtarış qərarı çıxarılan S.Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdə saxlanılaraq aparılıb.
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Cəfərov deyir ki, S.Əliyevanın səhhətində ciddi problemlər var. Onun sözlərinə görə, bu barədə sənədlər də rəhbərlik etdiyi təşkilata təqdim olunub: "Üç aydır onun haqqında axtarış qərarı vardı. Hamı da bilirdi ki, bu adam xəstədir, evindədir. 70 yaşlı xəstə qadını bayram axşamı gəlib bayram günü gecə aparmaq doğru hərəkət deyil. Biz onun vəziyyəti ilə əlaqədar Ali Məhkəməyə, Baş Prokurorluğa, Bakı Ağır Cinayətlər Məhkəməsinə və başqa qurumlara müraciət etmişdik. Müraciətlərimiz nəticəsiz qaldı".
"Bu vəziyyətdə ola-ola..."
AzadlıqRadiosunun daxili işlər orqanlarından əldə etdiyi bilgiyə görə, S.Əliyeva indi Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır və oradan Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürüləcək.
"Bu vəziyyətdə ola-ola, mənim həbsimi istəmək və bu qərarı vermək faktiki həyatımı təhlükəyə atmaqdır", - S.Əliyevanın sözləridir.
Üç ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində S.Əliyeva haqqında cinayət işinə baxılır. O, vaxtilə rəhbərlik etdiyi 1 saylı Hüquq Məsləhətxanasında (hazırda "Mərkəz" vəkil bürosu) fəaliyyət göstərən vəkillərin pullarını mənimsəməkdə suçlanır. Söhbət müştərilərlə müqavilələrdən vəkillərə çatası pulların, eləcə də vergi və sosial sığorta haqqı kimi ödənilmiş vəsaitlərin yeyintisindən gedir. Cinayət işində toplam 200 min manat civarında ziyandan bəhs olunur.
S.Əliyevaya Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham verilib.
Bu cinayət işində Vəkillər Kollegiyası, Dövlət Vergi Xidməti və Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb.
İstintaq dövründə S.Əliyeva həbsdə olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci ilin iyununda onun mühakiməsi başlanandan az sonra hakimlər S.Əliyevanın məhkəmə zalında həbs olunmasına qərar vermişdilər. Ancaq üstündən 10 gün keçəndən sonra eyni hakimlər kollegiyası qərarını dəyişərək bu dəfə onu ev dustaqlığına buraxmışdı. O vaxtdan da S.Əliyeva məhkəmə iclaslarına evindən gedib-gəlirdi.
Təqsirləndirilən vəkil məhkəməyə göndərdiyi məktubda səhhətində problemlər olduğunu, bu üzdən gələ bilmədiyini göstərib.
S.Əliyevaya ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Bu cinayət işi üzrə şahid qismində məhkəmədə dindirilən bəzi vəkillər S.Əliyevadan şikayətçi olublar. Vəkillər bildiriblər ki, əziyyət çəkib, müdafiəçi kimi xidmət göstəriblər. Bu işlərə görə onlara çatası vəsait kassada toplanıb və mənimsənilib. Məsələn, vəkil Mehman Abbasov məhkəmədə iddia edib ki, onun kassada toplanmış 19 min manata yaxın pulu ələ keçirilib. Onun sözlərinə görə, bu vəsaitin bir hissəsi vergi, sosial sığorta və başqa xərclərə çıxılsa belə, özünə çatası, azı, 12 min manatlıq yeyinti var.
"Mən burada çox şeyi demək istəmirəm. Məqsədim işin ədalətli aparılmasıdır. Necə ola bilər bu? Mən özüm özümdən oğurluq eləmişəm? Bir daha deyirəm, mən bu işi eləməmişəm...", - S.Əliyevanın məhkəmə iclaslarından birində söylədiyi sözlərdir.
Xatırlatma
Təqsirləndirilən S.Əliyeva vəkil bürosunun rəhbəri çalışmaqla yanaşı, uzun müddət Vəkillər Kollegiyası Rəyasət Heyətinin də üzvü olub. O, ictimai-siyasi fəalların hüquqlarını qoruyan bir çox vəkilin fəaliyyətinin dayandırılmasına səs verənlərdən biridir. Həmin vəkillər arasında Yalçın İmanov, Əlayif Həsənov və başqaları var.
Mərhum deputat, akademik Cəlal Əliyevin vəkili kimi, S.Əliyevanın çıxdığı bir neçə məhkəmə işində jurnalistlər ya cərimələnib, ya da həbs ediliblər. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə də sözügedən məhkəmələrin yekununda prezidentin əmisi haqda yazılarına görə həbs olunanlar arasındadır.
S.Əliyeva haqqında cinayət işi başlanandan sonra o, Vəkillər Kollegiyasından çıxarılmasa da, hökm çıxarılanadək vəkillik fəaliyyəti dayandırılıb.