Həkim: “Estetik əməliyyat etdirənlər öncə psixiatra müraciət etməlidirlər” - MÜSAHİBƏ + FOTO

“Ruhi xəstələrin arasında kriminal hadisələri törətmək üzrə birinci yerdə baş beyində üzvi xəstəlik olan insanlar dayanırlar. Bunlar kimlərdir? Birinci növbədə nə vaxtsa kəllə-beyin zədələnməsi keçirmiş insanlar. İkinci yerdə epilepsiyalı xəstələr. Çünki epilepsiya xəstəsi olan adamlarda hər tutmadan sonra beyində ciddi dəyişikliklər olur və bunlar da üzvi xəstələrə çevrilirlər. Nəhayət, üçüncü yerdə hamının ilk ağlına gələn psixopatlar, bugünkü elmi adı ilə desək, patoloji xarakter pozğunluğu olan insanlar dayanır”.

Bunu Lim10.az-a müsahibəsində otuz ildən çoxdur ki, həkim-psixiatr işləyən Abdulla Şıxlinski deyib. Müsahibəni təqdim edirik:

- Həkim, söhbətə keçməzdən əvvəl istərdim, həkim-psixiatrın, psixoterapevtin, psixoanalitikin və psixoloqun kim olduğu sualına çox lakonik bir cavab alım sizdən. Kim hansı işə baxır?

- Həkim-psixiatr dedikdə ruhi xəstəliklərin inkişaf mexanizmlərini, qanunauyğunluqlarını, onların əlamətlərini və səbəblərini və eyni zamanda, normal psixikanın və xəstə psixikanın inkişaf mexanizmlərini, inkişaf qanunauyğunluqlarını öyrənən bir sahədir. Həkim-psixiatr həm ruhi xəstə insanlarla, həm sərhəd vəziyyətində olan insanlarla (yəni elə insanlar var ki, onlar nə xəstədirlər, nə sağlamdırlar, amma istənilən halda onlara da psixiatrik yardım lazımdır, çünki onlar hansısa məqamda xəstəlik tərəfə meyil edə bilərlər), həm də sağlam insanlarla məşğul olan mütəxəssis hesab olunur - profilaktika məqsədi ilə, psixi xəstəliklərin qarşısını almaq üçün.

Psixoterapevt də elə həmin o həkim-psixiatrdır ki, öz müalicəsində əsas yeri verir psixotexnoloji metodlara. Psixotexnoloji metodlar insanın hafizəsinə, hisslərinə təsir edəcək sözlə, psixoterapevtik davranış ilə və şəxsi avtoritet ilə müəyyən olunan müalicə üsullarıdır. Bu, çox peşəkar qaydada həyata keçirilməlidir. Bəzən deyirlər, psixoloji metod, xeyr, bu, o deyil. Psixoloji metod tam sağlam adamlarla işləyəndə istifadə olunan metoddur. Psixotexnoloji metodlar deyəndə isə məhz həkim-psixoterapevtin tətbiq etdiyi metodlardan danışılır. Psixoterapevt mütləq həkim olmalıdır, tibbi təhsil almalıdır.

Psixoloq məsələsinə gəlincə. Psixologiya ümumiyyətlə ictimai-humanitar fəndir. İlk dəfə 1879-cu ildə sərbəst bir elm kimi təqdim ediblər dünya ictimaiyyətinə, amma sonradan psixologiya fənn kimi insanlara təqdim olunub. Bu da çox düzgündür, çünki psixologiya fəlsəfədən çıxıb. Fəlsəfədən, ictimai elmlərdən çıxmış kiçik bir sahədir. Psixologiya yalnız və yalnız sağlam insanların psixikasının inkişaf qanunauyğunluqlarını öyrənir və sağlam insanlara psixoloji dəstək verir. Heç bir psixoloqun xəstə insanlarla işləməyə ixtiyarı yoxdur.

Psixoanalitik məsələsinə gəlincə, biləsiniz ki, rəsmi olaraq belə bir ixtisas yoxdur. Psixoanalitik həmin o həkim-psixoterapevtdir ki, öz müalicəsində məşhur Ziqmund Freydin psixoanalitik nəzəriyyəsi (başqa cür psixodinamik nəzəriyyə də deyirlər), yəni Freydin metodları ilə işləyir.

- Həkim-psixiatrlar qəbula gələn şəxsdə psixi pozğunluq olub-olmadığını hansı üsullarla müəyyən edirlər?

- Psixiatriyada belə bir metod var - psixiatrik məntiq metodu. Bu yaxınlarda mənim tibbi maarifləndirmə məqsədi ilə yazdığım bir kitabım çıxıb - “Psixiatriya. Aktual suallara cavablar”. Düzdür, kitab rus dilindədir, amma o kitabda bu haqda ətraflı yazmışam.

Biz psixiatrik məntiqin qanunauyğunluqlarından istifadə edərək diaqnoz qoyuruq. Burada söhbət elmi məntiqdən gedir, şəxsi məntiqdən yox. Təəssüf ki, Tibb Universitetində məntiq elmi öyrədilmir. Baxın, mən bayaq qeyd etdim ki, psixologiya elm deyil, məntiq isə fəlsəfənin bir bölməsi olaraq artıq elm statusu alıb. Formal məntiqin öz qanunları var, həkim-psixiatrlar o qanunlardan istifadə edərək psixi xəstələrə diaqnoz qoyurlar və bu diaqnoz çox dəqiq olur. Məntiq elmi riyaziyyat qədər dəqiq elmdir -bunu unutmayın. Ona görə də hətta belə deyərdim ki, bizim məntiq elmi qanunları hesabına qoyduğumuz diaqnozlar başqa həkimlərin instrumental müayinələrlə qoyduqları diaqnozlardan daha dəqiqdir.

- Bir az sadələşdirsək, bu üsulu necə şərh edə bilərsiniz? Yəni həkim-psixiatrın diaqnoz qoyma üsulu özündə nəyi ehtiva edir?

- Psixiatrik diaqnozun qoyulması xəstənin içəri daxil olmasından başlayır. Məsələn, xəstənin əynində necə paltar var, mövsümə uyğundur, yoxsa uyğun deyil, xəstə necə salam verir, xəstə necə yeriyir, necə baxır? Sonra keçirik danışığa - danışanda hansı jestlərdən istifadə edir, fikrini necə çatdırır və s. Bu yerdə deyim ki, həkim-psixiatrın çox güclü müşahidə qabiliyyəti olmalıdır. Bizim müşahidə qabiliyyətimiz haradasa kriminalistlərin, müstəntiqlərin müşahidə qabiliyyəti ilə müqayisə oluna bilər. Onlar da, biz də müşahidə nəticəsində, baxan kimi müəyyən edə bilirik ki, bu insan əvvəl islah-əmək müəssisələrində olub, ya olmayıb, məhkumluğu olub, ya olmayıb və s. Bir sözlə, xəstədə gördüyümüz, müşahidə etdiyimiz bütün bu məlumatları psixiatrik məntiqin çərçivəsinə salırıq və oradan çıxan nəticə bizim diaqnozumuz olur.

- Abdulla həkim, diaqnoz qoymaq üçün həkim-psixiatra minimum-maksimum çərçivəsində nə qədər vaxt lazım olur?

- Minimum 30-45 dəqiqə, maksimum dörd saat və bəzən bir az da artıq ola bilər. Bu asılıdır xəstəliyin gediş xüsusiyyətlərindən, xəstənin nə dərəcədə kommunikasiyaya açıq olmasından. Şəxsən özüm adi bir xəstə ilə 45 dəqiqə, bir saat məşğul olmamış onu buraxmıram.

- Psixi xəstəliklərin yüksək, orta və aşağı mərhələsi deyə bir təsnifat varmı?

- Təbabət qanunauyğunluqlarına əsasən, psixi pozğunluqlar da xəstəlik olduğu üçün əlbəttə ki, hər bir xəstəlik kimi, psixi xəstəliklərin də mərhələsi var - başlanğıc, orta və son mərhələ. Bəzi psixi pozuntular var ki, onlar proqnozlarına görə çox təhlükəlidirlər və biz onları ayrıca bir qrupa yerləşdiririk. Bu mərhələlər onlara aid olmur.

- Bullinqə məruz qalan insanlar psixoloqa üz tutmalıdırlar, yoxsa həkim-psixiatra?

- Mən sizə bir şeyi deyim: psixoloqlara müraciət məsələsi, ümumiyyətlə, 1991-ci ildən sonra meydana gəlmiş bir məsələdir, postsovet məkanında. Əvvəlcə bilmək lazımdır, psixikanın bütün inkişaf qanunauyğunluqlarına əsasən, bullinq nədir? Deyim ki, bullinq ingilis sözüdür və mən dilimizdə ingilis sözlərinin işlənməsinin əleyhinəyəm. Yaxşı olardı ki, onu elə öz dilimizdə istifadə edəydik. Bullinq bizim dilimizdə, situasiyaya uyğun olaraq, şiddət və ya basqı deməkdir.

Bir çox insanlar elə başa düşürlər ki, bullinq ancaq uşaq kollektivlərində, xüsusən məktəblərdə olur. Amma bu belə deyil. İnsanlar hər yerdə bullinqə, yəni basqıya məruz qalırlar. Bu, işdə də ola bilir, evdə də, məktəbdə də, bağçada da və s.

Əlbəttə ki, şiddət, basqı deyəndə ancaq hər hansı fiziki təsirdən söhbət getmir, burada söhbət psixoloji, psixogen, psixotexnoloji, mənəvi şiddət və basqı da ola bilər.

Məsələn, yadınıza salın pandemiya prosesini. Həmin dövrdə bəzi həkimlər çıxıb məhz insanları qorxutmaqla məşğul idilər, hansı ki, mən bunu heç bir halda alqışlamamışam. Bu, heç bir halda düzgün hərəkət deyildi. Bunun özünə elə psixotexnoloji şiddət, basqı, ya da sizin sözünüzlə desəm, bullinq demək olar.

Ona görə də şiddət, basqı görmüş adamlar ilk növbədə həkim-psixiatra müraciət etməlidirlər. Səbəbinə gəlincə, bilmək lazımdır ki, ümumiyyətlə dünyadakı bütün sivil ölkələrdə belə qəbul olunub ki, insanın hər hansı ruhi narahatlığı varsa, o, ilk növbədə həkim-psixiatra müraciət etməlidir. Çünki məhz həkim-psixiatr təyin edə bilər ki, bu adamda hər hansı ruhi xəstəlik var, yoxsa yoxdur. Əgər hansısa ruhi xəstəliyi yoxdursa, indiki dövrdə psixiatr onu yönləndirə bilər psixoloqa. Çünki bu gün həkim-psixiatrlar sağlam adamlarla işləmirlər, sağlam adamlarla psixoloqlar məşğul olurlar. “İndiki dövrdə” ona görə deyirəm ki, əvvəl psixoloqlar yox idi və həkim-psixiatrlar həm də sağlam adamlarla məşğul olurdular. Əvvəl isə belə deyildi.

- Həkim, genetik amil olmadan anadangəlmə psixi xəstə olmaq mümkündürmü?

- Bəli, mümkündür. Təəssüf ki, Azərbaycanda bu hal çox yayılıb. Səbəblərdən biri - ekologiyanın korlanmasıdır. Bunu demək lazımdır. Hava çox çirklidir, xüsusən də Bakı şəhərində. Müxtəlif, məhz qadın orqanizmində kök salan infeksiyalar həddən artıq çox yayılıb. Məsələn, herpes, sitomeqalovirus.

Bundan başqa, xanımların istifadə etdikləri müxtəlif gözəlləşdirici metodlar var ki, nəticədə onların orqanizmlərinə müxtəlif infeksiya törədiciləri düşür və hamilə qaldıqda həmin o törədicilər dölə təsir edir. Yəni ana bətnində uşağın inkişafı düzgün getmir. Daha bir səbəb - əgər hamiləlik dövründə qadın ehtiyac içindədirsə, incidilirsə, ailədə problemlər həddən ziyadə çoxdursa, bütün bu faktorlar xəstə uşaqların doğulma sayının artmasına xidmət etmiş olur. Baxırsan ki, heç bir genetik amil yoxdur, amma bu sadaladığım səbəblər uşağın psixi problemli doğulmasına gətirib çıxara bilir.

- Faiz nisbəti ilə yanaşsaq, genetik faktorlu və qeyri-genetik faktorlu xəstələrin hansının sayında artım müşahidə edirsiniz?

- Deyə bilərəm ki, hər iki səbəbdən olan xəstələrin sayında artım müşahidə olunur. Lakin bizdə, Azərbaycanda ən aktual məsələ genetik faktorların təsiri nəticəsində, xüsusən də anadangəlmə psixi xəstəliklərin inkişafının çox aktual olmasıdır.

- Buna səbəb nədir?

- Qohum evlilikləri... Xüsusən də cənub bölgəmizdə. Baxın, bir çox hallarda bizdə ailə bağı necə qurulur - əmioğlu-əmiqızı, dayıoğlu-bibiqızı və s. Yəni bizdə belə bir səhv, yanlış və hətta nadan bir psixologiya var ki, qohum qohumla ailə qurur. Nəzərə almırlar ki, bunlar bir-biri ilə qan qohumudurlar. Bu, əslində, insest hesab olunur. İnsest də bütün dərəcədən qohumların, o cümlədən ata və qızın, ana və oğulun, bacı və qardaşın bir-biri ilə cinsi əlaqəsi deməkdir. Yəni seksopatologiyada (o da psixiatriyanın bir bölməsidir) buna insest deyilir. İnsanlar bunu ciddiyə almırlar, bəzən çox aqressiv qarşılayırlar, amma məsələnin məğzinə baxmaq lazımdır. Düşünmək lazımdır, əmiqızı, əmioğlu kimdir? - Bacı-qardaş. Dayıqızı, bibioğlu kimdir? - Yenə bacı-qardaş. Faktiki olaraq bacı və qardaş bir-biri ilə evlənirlər və nəticədə genetik mutasiya yaranır. Həmin genetik mutasiya nəticəsində də ağıldankəm uşaqlar dünyaya gəlir. Bu, faktdır, bunu danmaq mümkün deyil və təəssüfedici haldır ki, genetik mutasiya nəticəsində doğulan xəstə uşaqların sayı günbəgün artır.

- Psixi pozğunluq neçə yaşdan özünü aydın büruzə verə bilir?

- Psixi xəstəliklər ən çox şiddətlənməyə, kəskinləşməyə, üzə çıxmağa, adətən, həddi-büluğ, yəni cinsi yetişkənlik dövründə meyilli olur. Məhz bu dövrdə bütün psixi xəstəliklər, əgər genetikada varsa və ya müəyyən səbəbdən yaranıbsa, mütləq özünü büruzə verir.  

- Sağalan və sağalmayan psixi xəstəliklər deyə bir təsnifat varmı?

- Belə bir təsnifat nəinki psixiatriyada, ümumiyyətlə təbabətdə yoxdur. Bəzi adamlar elə hesab edirlər ki, misal üçün, terapevtik xəstəliklərin hamısı sağalır. Xeyr. Elə bir şey yoxdur, səhv fikirdir. Bir şeyi yadda saxlayın ki, təbabətə hər şeyi bacaran, xəstəlikləri tam sağaldan elm sahəsi kimi baxmaq özü düzgün deyil, yanlış gözləntidir.

Yadınızda saxlayın ki, istənilən xəstəlik başladısa, demək ki, sonuna kimi sizinlədir, yəni sağalmır. Əsas odur ki, o xəstəlik səni tapmasın, tapıbsa, olur səndən biri. Ona görə çalışın, xəstələnməyin. Acı da olsa, bu, bir həqiqətdir. Xəstəliyin yalnız inkişafını ləngitmək olar, inkişafını dayandırmaq olar və bunun nəticəsində insan o xəstəliyi heç hiss etmədən bir ömür yaşayar. Amma elə də ola bilər ki, xəstəlik müalicələrə tam əks reaksiya versin və daha da ağırlaşsın. Bu, tibbin gedişatıdır, yoludur, xəttidir. Heç bir xəstəliyin tam müalicəsi yoxdur.

Sizə misal çəkim: psixi xəstəlikləri qoyaq bir kənara, götürək mədə və onikibarmaq bağırsaq xorası xəstəliyini. Heç kim deyə bilməz ki, o xəstəlik sağalır. Bəli, olur ki, xəstə əməliyyat olunur, xora kəsilib götürülür, bir müddət özünü yaxşı hiss edir. Vaxt keçir, baxırsan ki, biri də əmələ gəlir. Yaxud hipertoniya, şəkərli diabet xəstəlikləri. Bu xəstələr məhkumdurlar ömrü boyu dərman qəbul etməyə. Biz bilirik ki, hipertoniya xəstəliyi olan adam bir gün dərman içməsə, qan təzyiqi həddən artıq yüksək səviyyəyə qalxır və müəyyən ağırlaşmalar olur. Şəkərli diabet xəstələri də eyni qaydada, sonuna kimi öz iynə-dərmanları ilə davam etməlidirlər. Əlbəttə ki, onlar müalicə, iynə-dərman nəticəsində şəkəri də, təzyiqi də normada saxlaya bilərlər, amma bu, onları xəstə olmaqdan çıxartmır və heç kim deyə bilməz ki, artıq sağalmışam və ya sağaltmışam. Bütün bunları ona görə sadalayıram ki, insanlar düşünməsinlər ki, bütün xəstəliklər sağalır, bircə psixi xəstəliklərdən başqa. Yoxdur belə bir şey.

Psixi xəstəliklərdə də digər xəstəliklərdə olduğu kimi, eyni mexanizmdir. Elə psixi xəstə var ki, biz onun xəstəliyini durdururuq, ömrünün sonuna kimi o cür də yaşayır və heç kim də bilmir ki, o, psixi xəstədir. Psixi xəstəlik də var ki, heç bir müalicəyə tabe olmur və ağırlaşır, nəticədə xəstə bütün ömrü boyu psixonevroloji internatda yaşamalı olur. Çünki ev şəraitində yaşaya bilmir, ömrü boyu psixiatrik xəstəxanada da yaşaması mümkün deyil. Ona görə dünyanın hər yerində bu cür psixonevroloji internatlar var ki, həmin internatlar ağır xroniki ruhi xəstələrin ömürlük yaşaması üçün nəzərdə tutulub.

- Abdulla həkim, bir az əvvəl xanımların etdirdikləri gözəllik prosedurları məsələsinə toxundunuz. Bu sualı vermədən keçə bilmirəm - son illər cəmiyyətdə sanki bir estetik-plastik əməliyyat bumu yaşanır. Elə xanımlar da var ki, eyni estetik əməliyyatı bir neçə dəfə etdirirlər. Maraqlıdır, insanın öz görkəminə görə bu cür narahatlığının psixi pozuntu ilə hər hansı bir əlaqəsi varmı?

- Bilirsinizmi, Əzizə xanım, insan psixikasında belə bir xüsusiyyət var ki, onu yaxşı mənada idarə etməyəndə coşur və qeyri-adekvatlaşır. Hətta adam xəstə olmasa belə.

Misal çəkim sizə. Keçmiş Sovet İttifaqı vaxtında bu gün dəbdə olan həmin o plastik əməliyyatları, demək olar ki, etmirdilər. Səbəb də o idi ki, plastik əməliyyat etmək üçün çoxsaylı mütəxəssis rəyi tələb olurdu. Həmin tələblərin siyahısında birinci yerdə də həkim-psixiatrların rəyi gəlirdi. Ondan sonra plastik əməliyyatın hansı orqanda aparılmasından asılı olaraq həmin mütəxəssisin rəyi tələb olunurdu. Əgər həmin əməliyyatın edilməsinə, həqiqətən, ehtiyac duyulurdusa, tutaq ki, adam qəzaya düşüb, üzü tanınmaz olub, yaxud burun çəpərində problem var, nəfəs ala bilmirdisə, o zaman plastik əməliyyat edilməsinə icazə verilirdi.

Bugünkü kimi kiminsə xoşuna üzü gəlmir, kiminsə xoşuna qulağı gəlmir, kimsə istəyir, dodağı, sinəsi və ya sağrısı böyük olsun kimi istəklər kütlənin ixtiyarına verilməmişdi. Bu məsələlər mütəxəssislərin ixtiyarında və məsuliyyətində idi. Əgər əməliyyat səbəbi insanın yaşamasına heç bir halda mane olmurdusa, sadəcə, adamın ürəyi belə istəyir deyə plastik əməliyyat etməzdilər. Belə məsələlər müzakirə olunmadan və mütləq şəkildə həkim-psixiatrın rəyi nəzərə alınmadan mümkün deyildi.

Həkim-psixiatrın rəyi ona görə mütləqdir ki, heç bir səbəb olmadan, ürəyi istədiyi üçün plastik əməliyyatlara gedən insanların (qadın da ola bilər, kişi də), hətta 85-90% hallarda psixi problemləri var. Təsəvvür edin, insana elə gəlir ki, onun qulaqları yekədir, ya burnu balacadır. Əgər həmin insanları müayinə etsək, görərik ki, onların əksəriyyətində sayıqlama var. Onlar nə burunlarını, nə sinələrini, nə də başqa haralarınısa kəsdirməlidirlər, sadəcə, psixiatr yanına gedib müalicə olunmalıdırlar. Məsələn, adam gedir, dodağını böyüdür. Sonra deyir ki, burnum da yaxşı deyil, gedir onu da kəsdirir. Sonra deyir, yox, sinəm də xoşuma gəlmir, gedib ya balacaladır, ya böyüdür və s. Bu o deməkdir ki, burada proses zəncirvari hal alır, seriya şəklinə keçir və destabilizasiya yaradır. Nəticədə insanın sağlamlığı pozulur.

İnsanlar başa düşmək istəmirlər ki, cərrahi əməliyyat təkcə orqanizmə vurulan böyük fiziki travma deyil, həm də mənəvi-psixoloji travmadır. Dünyanın müxtəlif yerlərində əməliyyatlardan ölən nə qədər adamlar var. Yəni lazım olmadığı halda özünü cərrah bıçağı altına uzadan adamın yolu əvvəlcə həkim-psixiatrdan keçsə, özünə daha böyük yaxşılıq etmiş olar.

- Bəs niyə indi bu əməliyyatlara girmək istəyənlərdən psixiatr rəyi tələb olunmur?

- Çünki bizdə belə bir qanun yoxdur. Kimin pulu varsa, ixtiyar sahibidir - istədiyi əməliyyatı etdirir. Təsadüfi deyil ki, bu gün bizim cəmiyyətdə ən varlı təbəqə plastik cərrahlardır. Çünki estetik-plastik əməliyyatlar bum yaradıb, epidemiya şəklini alıb. Bu prosesdə qazanan isə yalnız plastik cərrahlardır, onlara müraciət edənlər heç bir şey qazanmırlar, əksinə, çox şeyi itirirlər. Bunun fərqində deyillər. Fərqinə varanda isə çox gec olacaq - geri dönüşü olmayan yoldadırlar.

Plastik əməliyyatların epidemiyaya çevrilməsində əsas səbəb də dəb, psixiatrik patologiya və nəhayət, induktiv psixozdur.

- İnduktiv psixoz deyəndə nəyi nəzərdə tutursunuz?

- İnduktiv psixoz, yəni bir adam hansısa plastik-estetik əməliyyatı etdirir və başlayır hər yerdə təbliğ etməyə ki, belə yaxşı cərraha getdim, belə gözəlləşdim, belə rahatlaşdım, həyatım inanılmaz dərəcədə müsbətə dəyişdi və s. Televiziyalar, sosial şəbəkələr də qoşulurlar həmin təbliğata. Bu söhbətlərin cəminə deyirlər induktiv psixoz, proses kütləvi psixoz şəklini alır. İnsanlar düşünmür, kor-koranə axına düşüb gedirlər.

- Həkim, bu günlərdə gündəmi silkələyən bir cinayət oldu. Əhməd adlı şəxs ailəsinin bütün üzvlərini baltalayıb öldürdü. Bir psixiatr kimi, belə bir ağır cinayət törətməyə qadir insanlarda hansı psixi pozğunluğun olduğunu ehtimal edirsiniz?

- Əvvəl onu deyim ki, bəzi kütləvi informasiya vasitələrinin bəzi nümayəndələri bu hadisədən istifadə edib böyük bir sensasiya düzəltdilər. Bu məsələlərdən ümumiyyətlə xəbəri olmayan “mütəxəssis”lərin dili ilə yeri gəldi-gəlmədi cəmiyyətə müxtəlif ziddiyyətli məlumatlar ötürdülər. Bu, heç bir halda düzgün deyil. Mən bunu şəxsi yanaşmam, baxışım kimi demirəm. Bu, elmi doktrinalara əsasən düzgün deyil.

Mən 16 ildən çox Rusiyada məcburi müalicə xəstəxanalarında ağır cinayət törətmiş psixi xəstələrin müalicəsi ilə məşğul olmuşam. Ona görə qeyd etməliyəm ki, söhbət cinayətdən gedirsə, cinayəti sağlam adam da törədə bilər, xəstə adam da törədə bilər. Psixiatriyada da qeyd olunub ki, - sizə qəribə gəlsə də, bu belədir, - cinayəti törətməyə ən çox sağlam adamlar meyillidirlər, nəinki psixi xəstələr. Lakin burada bir məsələ var: hər bir konkret halda cinayəti törədən adamın hərəkətlərini və dəst-xəttini aydınlaşdırmaq lazımdır.

Məhkəmə-psixiatrik ekspertizasında bu, ən əsas məqamdır. Qısa bir haşiyə çıxım: Həmin ərəfədə adını çəkmək istəmədiyim hörmətli psixiatrlardan birinin çıxışına qulaq asdım və təəccübləndim. Təbii ki, o çıxışla qəti şəkildə razı deyiləm. Adam məsələyə tamamilə diletant şəkildə yanaşdı, hansı ki, əhaliyə, kütləyə o cür məlumat vermək düzgün deyil. O, çıxışında çox qəribə bir cümlə işlətdi: “Mən heç vaxt görməmişəm ki, psixi xəstə eyni zamanda beş adamı öldürə bilər”. Bu, çox absurd fikirdir. Nəinki psixi xəstələr, hətta sağlam adamlar belə, bir gündə beş nəfəri də öldürə bilərlər, on nəfəri də. Qarışdırmayın, söhbət seriya şəklində cinayət törədənlərdən getmir, onlar ayrıdır. Söhbət adi adamlardan gedir. Ona görə bu cür hadisələrə rəy verməzdən əvvəl ilk olaraq cinayəti törədən şəxsin dəst-xəttinə mütləq şəkildə fikir vermək lazımdır. Hesab edirəm ki, indi deyəcəyim məsələləri bilmək və yadda saxlamaq lazımdır:

Ruhi xəstələrin içində kriminal hadisələri törətmək üzrə birinci yerdə baş beyində üzvi xəstəlik olan insanlar dayanır. Bunlar kimlərdir? Birinci növbədə nə vaxtsa kəllə-beyin zədələnməsi keçirmiş insanlar. İkinci yerdə epilepsiyalı xəstələr. Çünki epilepsiya xəstəsi olan adamlarda hər tutmadan sonra beyində ciddi dəyişikliklər olur və bunlar da üzvi xəstələrə çevrilirlər. Nəhayət, üçüncü yerdə, hamının ilk ağlına gələn psixopatlar dayanır. Əvvəl psixopat deyirdilər, bugünkü elmi adı ilə desək, patoloji xarakter pozğunluğu olan insanlar. El sözü ilə desək, “xasiyyəti pis adamlar”.

Daha aydın olsun deyə misal çəkim: insan var, cinayət edib, gedib toya, on adamı öldürüb, çıxıb gedib. Səbəb soruşursan, deyir, on il əvvəl avtoqəza keçirmişəm. Tam sağalmışdım, hər şey qaydasında idi. Özüm də bilmirəm, necə oldu. Araşdıranda məlum olur ki, həqiqətən də, adam ruhi cəhətdən sağlam adamdır. Gedir toya, orada 50 qram spirtli içki qəbul edir, hansı ki, həmin adamlara spirtli içki içmək qəti qadağandır. Toyda nəsə bunun xoşuna gəlmir və on nəfəri öldürüb çıxıb gedir.

- Kəllə-beyin travması alan insanlar niyə cinayət törətməyə meyilli olurlar?

- Bu adamlarda anlaqlılığın və anlaqsızlığın iki kriterisi var: hüquqi kriteri və tibbi kriteri. Bu adamlarda tibbi kriteri öz yerindədir, amma hüquqi kriteri pozulub. Yəni bu adamlar başa düşürlər ki, bu cinayəti etmək olmaz, amma özlərini saxlaya bilmirlər. Yəni impulsivlik, daxili təkan o qədər güclü olur ki, adam cinayəti edir. Eyni zamanda da dərk edir ki, bunu etmək olmaz. Biz psixiatrlar buna bəzən hissəvi anlaqlılıq da deyirik. Əlbəttə ki, bu məqamların hamısını məhkəmə-psixiatrik ekspertizası araşdırmalıdır. Bu adam cinayəti hansı vəziyyətdə törədib - anlaqlı vəziyyətdə, anlaqsız vəziyyətdə, yoxsa hissəvi anlaqlı vəziyyətdə? Bu məqamların hər biri ayrı-ayrılıqda araşdırılmadan həkim-psixiatr fikir bildirə bilməz.

- “Əhməd cinayəti”ndə bu vəziyyətlərin hansının olduğunu ehtimal edirsiniz?

- Bu barədə Əhməd ətraflı müayinə olunandan sonra dəqiq fikir demək olar. Çünki psixiatriya dəqiqliyi sevən elmdir, burada ehtimal olmur. Əhmədin törətdiyi cinayət haqqında da dəqiq fikri yalnız məhkəmə tibbi-ekspertizasının rəyindən sonra demək olar.

Həkim-psixiatr kimi mülahizəmə gəlincə, ehtimal ki, Əhmədin əvvəlcədən də hansısa problemi olub. Bu barədə məlumatlarda da qeyd olunurdu ki, onda baş beyin zədələnməsi də var.

Biləsiniz ki, ağır atletika, boks, kikboksinq kimi idman növləri ilə məşğul olan idmançılarda baş beyin zədələnməsi qaçılmaz olur. Əhməd də, səhv etmirəmsə, belə idman növlərinin biri ilə məşğul olub.

Bir haşiyə çıxım, bunu hər kəs yadda saxlamalıdır, xüsusən də valideynlər. İstənilən baş beyin zədələnmələri, hansı yaşında alınmasından asılı olmayaraq, bu cür əməlləri törətməyə meyillilik yarada bilir. Məhz bu səbəbdən, bayaq qeyd etdiyim kimi, cinayət törətmə potensialına görə baş beyin travması alan insanlar birinci yerdə dayanırlar. Yazılan məlumatlardan belə güman edirəm ki, Əhməddə də belə bir travma olub və üstəlik, xarici faktorlar bunun üçün patogen olub, ağırlaşdırıcı hal yaradıb, ola bilsin ki, hər hansı ailədaxili problem fonunda beyində həmin o mexanizm, yəni baş beyin zədələnməsi ağır dərəcədə işə düşüb və nəticə kriminal hərəkət etmək dərəcəsinə gəlib çatıb. Hələ ki bundan artıq hər hansı mülahizə yürütmək mümkün deyil.

- Həkim, koqnitiv davranış terapiyası ilə bütün neqativ duyğuları silmək mümkündürmü?

- Belə bir terapiya yoxdur. Bu gün bəzi şarlatan psixoloqlar və bu işdən heç bir anlayışı olmayan insanlar pul qazanmaq üçün guya yeni üsullarla “müalicə” etdiklərini adamlara deyirlər. Bu “müalicə”nin ən çox yayılan növü də EMDR terapiyadır. Guya fərdlərdə narahatedici həyat hadisələri nəticəsində yaranan psixoloji problemləri müalicə edirlər. Adamlara təqdim etdikləri bu terapiya tamamilə şarlatanlıq məqsədi ilə istifadə olunur. Bir də demək istəyirəm ki, psixoterapiyanın klassik üç metodu var: 1) psixodinamik terapiya - yəni Z.Freydin təklif etdiyi metodlarla aparılan terapiya, 2) koqnitiv davranış terapiyası - yəni insanın şüuruna və eyni zamanda davranışına təsir etməklə onun şüurunun öz həyatına, ətrafdakı insanlara və öz daxili aləminə münasibəti dəyişmək və onu müəyyən məcraya yönəltmək, başqa sözlə desəm, sosiallaşdırmaq, 3) ekzistensial humanistlik. Yəni hər bir şəxsiyyət unikaldır. İnsan öz hüquqlarından tam istifadə etmək bacarığına malik olmalıdır.

Bundan başqa hər hansı bir metod yoxdur. Psixoterapevt isə mütləq qaydada həkim olmalıdır. Psixoterapevt hər adama deyilmir, xüsusi hazırlıq keçmiş həkimə deyilir.

- Yəni deyirsiniz ki, koqnitiv davranış terapiyası ilə hər hansı hissi silmək mümkün deyil?

- Əlbəttə, mümkün deyil. Sadəcə, psixoterapiyanın rolunu çox şişirdirlər. Bunun da öz tarixçəsi var. Bu, 1991-ci ildən sonra qərb dünyasından, ABŞ psixiatriyasından postsovet məkanına təcavüz etmiş, bəli, məhz elə təcavüz etmiş, bizə sırınmış qeyri-effektiv metodlardan biridir. ABŞ qeyri-effektiv metodları və həmin metodların tək halda başqa müalicə metodları olmadan 100% kömək edəcəyini deyərək, həmin metodların dəyərliliyini şişirdib. Effektiv psixoterapiya həmişə olub və insanlara kömək edib. Yenə də tək halda yox, digər müalicə metodları ilə bir yerdə, yəni kompleks şəklində. Demək istədiyim odur ki, ABŞ-də olan bəzi psixoterapiya üsulları Sovet İttifaqı dağılandan sonra amerikalılar tərəfindən, sadəcə, bizə sırınıb. Yəni həmin metodlar onların təsvir etdiyi kimi effektiv deyil. Ən düzgün metod budur ki, istənilən psixoterapiya başqa müalicə üsulları ilə bir yerdə aparılmalıdır, amerikalılar isə deyirlər ki, təkcə psixoterapiya ilə ruhi xəstəliyi müalicə etmək olar. Bu isə mümkün deyil. Təkcə psixoterapiya, o cümlədən də koqnitiv psixoterapiya ən aciz metoddur. Eyni zamanda, təkcə psixoterapiya ilə heç bir nəticə əldə etmək mümkün olmur.

- Bəs axı qeyd etdiniz ki, siz də psixoterapiyadan istifadə edirsiniz.

- Bəli, əlbəttə, edirik, amma belə yox. Biz elmi psixoterapiyada olan düzgün taktika üzrə istifadə edirik - yalnız kompleks şəklində. Yəni həm dərman müalicəsi, həm psixoterapiya, həm də psixiatriyaya aid başqa üsullar bir arada. Məsələnin məğzi budur ki, kompleks şəkildə istifadə edilmədiyi halda ortada heç bir nəticə ola bilməz.

- Qəddarlıq uşaq və yeniyetmələrin ailədə düzgün tərbiyə olunmamasından yaranan bir hissdir, yoxsa doğuluş “zədəsi”?

- Nə qədər qəribə səslənsə də, tədqiqatlar sübut edib ki, insanların ən qəddar kateqoriyası uşaqlar və yeniyetmələrdir. Penitensiar müəssisələrdə işləyən psixiatrlar da, psixoloqlar da, pedaqoqlar da qeyd edirlər ki, hətta o cəzaçəkmə müəssisələrində ki, ağır cinayət törədən insanlar yatırlar, o ortamda belə, uşaq kollektivlərində olan qəddarlıq yoxdur. İndi siz təsəvvür edin ki, uşaq və yeniyetmə kateqoriyasında olan kollektivlərdə qəddarlıq necə pik dərəcədə olur. Bu həmişə belə olub. Səbəb də odur ki, uşaqlar qəddarlığı şüursuz şəkildə edirlər. Uşaq təfəkkürü, uşaq şüuru hələ o dərəcəyə çatmayıb ki, nədənsə qorxsun və fikirləşə bilsin ki, buna görə ağır cəzalandırıla bilər.

- Həkim, bəs kollektivdə deyil, ailədə olan uşaqlardan birinin qəddar olmasına səbəb nə ola bilir? İki uşaqdan biri qəddardır - səbəb?

- Bu, əlbəttə ki, həmişə belə olmur. Belə halda biz araşdırmalıyıq qəddarlıq hərəkətlərinə hazırlığı və onu işə salan mexanizmi. İnsan var ki, qəddarlığa hazırdır - yəni ya doğuşda başından zədə alıb, ya beyin oksigensiz qalıb və s. Bütün bunlar beyinin neyrodinamikasını pozur. Belə olan halda fərd qəddar olmağa hazır hesab olunur və işəsalıcı hər hansı bir mexanizm də ona təsir edəndə - tutaq ki, sıxıcı həyat, cəmiyyətdə, ətrafında olan ədalətsizlik, maddi-mənəvi ehtiyaclarını ödəyə bilməmək və s., həmin o qəddarlıq mexanizmi işə düşür və sonda qəddarlıq reallaşır.

Anadangəlmə qəddar insanlar da var, təbii ki. Burada artıq genetik faktorların təsiri əsas rolu öz üzərinə götürmüş olur. Yəqin ki, belə ifadələr eşitmisiniz: filankəsin oğlu özü kimi qəddardır və ya o nəsil çox qəddar nəsildir və s.

Yeri gəlmişkən, bir şeyi də deyim, düzdür, bizdə Azərbaycanda belə bir fikir var ki, ailədə uşaq nə qədər çox olsa, bir o qədər yaxşıdır. Amma bioloqlar bunun tam əksini sübut ediblər. Səbəb də odur ki, uşağın sayı artdıqca keyfiyyətsiz uşaqların əmələgəlmə şansı çoxalır. Əgər ailədə uşaq sayı üçü keçdisə, keyfiyyətsiz uşaqlar başlayır doğulmağa.

- Özünəqapanma, ətrafdan təcridolma istəyi olan insanlar psixiatra müraciət etməlidirlər, yoxsa psixoloqa?

- Özünəqapanma, ətrafdan təcridolma istəyi artıq konkret psixi pozğunluqdur. Biz buna psixopatoloji vəziyyət deyirik. Təbii ki, belə insanlar mütləq birinci növbədə psixiatra müraciət etməlidirlər. Yenə bayaqkı fikrimə qayıdıram, əgər psixiatr qərar verirsə ki, bu hal xəstəliklə əlaqədar deyil, müvəqqəti haldır, bunun keçib getməsi üçün müəyyən yüngül tədbirlər görmək olar, o zaman onu psixoloqa yönləndirə bilər.

Çox vacib bir məsələni də deyim, ən sadə misalla. Adicə, əgər insan pis yatırsa, yuxusu pisdirsə, o nə psixoloqa, nə nevropatoloqa getməlidir. Onlar başqa-başqa mütəxəssislərdir. Elə qəribə vəziyyət yaranıb ki, bəzən həkim-nevropatoloqlar ruhi xəstələrin müalicəsinə, bir az kobud desəm, baş qoşurlar. İnsanlara qeyri-adekvat müalicələr yazırlar, sonda onların vəziyyəti daha da pisləşir. Bu, düzgün deyil. Yadda saxlamaq lazımdır ki, insanda hər hansı ruhi narahatlıq varsa, yuxusu pisdirsə, ilk müraciət etməli olduğu adam həkim-psixiatr olmalıdır.

- Bu gün ən çox müşahidə edilən psixi pozuntular hansılardır?

- Şizofreniya. Əslində, bu xəstəlik bizdə həmişə çox olub. Təkcə Azərbaycanda yox, bütün Cənubi Qafqaz regionunda. Aparılan tədqiqatlar da göstərir ki, şizofreniya xəstəliyi qarayanız insanlar arasında daha geniş yayılır. Bundan əlavə, son dövrlərdə hətta şizofreniyadan da çox rast gəlinən xəstəlik şəxsiyyətin patoloji inkişafıdır. Bunun da əmələgəlmə səbəbi cəmiyyətdə müşahidə olunan qeyri-müəyyənliklər, insanların sosial problemlərlə həddən ziyadə yüklənməsidir. Baxırsan, adam normal doğulub, böyüyüb, amma sosial-iqtisadi problemlərlə o qədər yüklənir ki, qaldıra bilmir. El arasında onlara deyirik, “adamın başına hava gəlib”. Doğrudan da, bu belədir - adamın başına hava gəlir. Başa hava gəlməyin elmi adı insanda ruhi pozğunluqların əmələ gəlməsidir. Biz buna distres vəziyyəti deyirik. Bəzi adamlar elə bilirlər ki, stres xəstəlikdir, qətiyyən belə deyil. Stresə hər hansı bir anda hamı düşür, amma o, distresə çevriləndə artıq xəstəlik olmuş olur. Distres o deməkdir ki, stres dərinləşir və əcaib patoloji fon yaradır. İnsan distres vəziyyətindən çıxa bilmir, proses illər boyu uzandıqca uzanır və şəxsiyyət artıq normal istiqamətdə yox, patoloji istiqamətdə inkişaf edir. Bu hala şəxsiyyətin patoloji inkişafı deyilir. Məhz bu vəziyyət həddən ziyadə çoxdur, xüsusən də gənclər arasında. Ya özlərini doğrayırlar, ya narkotik qəbul edirlər. Baxırsan, adam götürür ülgücü, qolunu-qıçını kəsir, deyir, ondan sonra rahatlaşıram.

- Valideynlər hansı halda uşaqlarını psixiatr yoxlanışından keçirmək barədə düşünməlidirlər?

- Hər bir insan, istər valideyn olsun, ya olmasın, ildə bir dəfə həkim-psixiatr müayinəsindən keçməlidir. Hər altı aydan bir. Bu, əslində, bütün iş sahələrinə aiddir, elə həkimlərin özlərinə də. Elə sahələr var ki, sən hər nə qədər peşəkar olursan-ol, əgər psixi yoxlamadan keçmirsənsə, işini davam etdirə bilməzsən. Məsələn, cərrahlar, stomatoloqlar, taksi sürücüləri, avtobus sürücüləri və s. peşə sahibləri var ki, mütləq şəkildə hər altı aydan bir həkim-psixiatr müayinələrdən keçməlidirlər. Keçirlərmi? Buna nəzarət edən varmı? - Bu, artıq başqa söhbətin mövzusudur.

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova