Azərbaycanda terror aktları planlaşdıran şəxsin tutulduğu deyilir
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün, martın 25-də bildirib ki, ölkədə terror aktları planlaşdıran şəxslər ifşa olunub.
Nazirliyin bununla bağlı rəsmi açıqlamasında Azərbaycan vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış bir şəxsin adı çəkilir. İddiaya görə, o, respublikanın müxtəlif rayonlarında yaşayan bəzi şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
"Həmçinin B.Ə.-nin əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilmişdir", - məlumatda vurğulanır.
Həmin şəxsin tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.
Hələlik, bu rəsmi açıqlamaya sözügedən şəxs (rəsmi açıqlamada ad və soyadı tam təqdim edilib), onun yaxınları və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda bundan əvvəl də yerli məmurlara sui-qəsd ittihamı ilə bağlı məlumatlar yayılıb.
2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olduğu, onların xəsarət aldıqları açıqlanıb. Həmin sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayıb, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilib. Səfərov isə bu iddianı təkzib edib, sabiq icra başçısını özbaşınalıqlara, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib. Səfərova ömürlük həbs cəzası verilib.