Beş kq narkotiklə yaxalanmaq ittihamından bəraət aldı: 'Cinsi orqanıma qədər tok verdilər, ölüb-dirildim...'
Bakının Əmircan qəsəbəsinin sakini Bəxtiyar Ağayev iki ilə yaxındır həbsdə idi. Beş kiloqramdan çox narkotiklə yaxalanımasında ittiham olunan 39 yaşlı B.Ağayev Novruz bayramı ərəfəsində bəraət alaraq azadlığa çıxıb. Məhkəmə belə nəticəyə gəlib ki, həmin narkotikin ona aidiyyəti yoxdur, özünün də dediyi kimi, polislər onu şərləyib.
Cinayət işinin materiallarında iddia edilir ki, B.Ağayevin narkotik satışı ilə məşğul olması haqda polisə əməliyyat məlumatı gəlib. Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları bu bilgiyə dayanaraq əməliyyat keçirib, onu yaşadığı Əmircan qəsəbəsində saxlayıblar və Suraxanı rayon Polis İdarəsinə gətiriblər. Saxlanılanda əlində torba, onun da içində beş kiloqramdan çox narkotik olub. Polis idarəsində aparılan videoçəkilişdə B.Ağayev bildirib ki, əlindəki torbanı elə saxlandığı yerin yaxınlığından – hamamın yanından tapıbmış.
B.Ağayev isə deyir ki, bunlar yalandır, siqaret çəkdiyi yerdə polislər hücum çəkib, zorakılıqla götürüb aparıblar. Onun sözlərinə görə, həmin vaxt nə üstündə narkotik olub, nə də əlində torba. Beş kiloqramdan çox narkotikin onun olması barədə videoda dediklərinə gəlincə, bildirib ki, polis idarəsindəki ağlasığmaz işgəncələrə dözə bilmədiyindən ona deyilənləri kamera önündə təkrarlamaq məcburiyyətində qalıb.
"Mənə sellofan torbanı verib tələb elədilər ki, çəkilişdə onu hamamın yanından tapdığımı, içindəkinin də həşiş olduğunu deyim. Mənə elə işgəncələr verirdilər, dözmək mümkün deyildi. Bədənimə o qədər tok veriblər ki, hər yerim yanıq-yanıqdır. Cinsi orqanıma qədər tok verdilər, ölüb-dirildim. Axırda dözə bilmədim, dedim ki, nə istəyirsinizsə, deyirəm, qol çəkirəm...", - B.Ağayevin məhkəmədə dediyi sözlərdir.
Ekspert də məhkəmədə bildirib ki, həmin ləkələrin elektroşokerin təsirindən törəndiyini güman edir. O, orqanizmdəki daxili problemlərdən qaynaqlanan ləkələrlə elektroşokerin yaratdığı yanıq ləkəsi arasında yetərincə fərq olduğunu vurğulayıb: "Müayinə zamanı aşkarlanmış piqment izlərinin öz-özünə əmələ gəlməsi, ya da orqanizmdəki xəstəliklər nəticəsində yaranması mümkün deyil".
2022-ci ilin iyulundan həbsdə olan və Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddəsi ilə suçlanan B.Ağayev martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmü ilə azadlığa çıxıb.