Aqrar biznes — Məqsəd idxaldan asılılığı azaltmaqdır

Regionların sosial-iqtisadi inkişafında kənd təsərrüfatı sahəsi mühüm rol oynayır. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas fəaliyyət istiqamətlərindən biri də dayanıqlı və rəqabətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsidir. Qubada keçirilən III Aqrobiznesin İnkişafı Forumunda Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edildi. Qeyd olundu ki, qida təhlükəsizliyi sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji avadanlıqların köhnəlməsi və bazarlara çıxış aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlərdəndir.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirdi ki, ölkənin iqtisadi sisteminin strateji istiqamətlərindən biri olan aqrar iqtisadiyyat ərzaq təhlükəsizliyinin əsasını təşkil edir. Onun sözlərinə görə bu istiqamətdə respublikamızda ciddi işlər görülür və aqrar sektorun inkişafında irəliləyişlər var. KOBİA sədri vurğuladı ki, kənd təsərrüfatında inkişafı və dayanıqlığı təmin etmək üçün aqrobiznesin inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi, aqrobiznes fəaliyyətinin mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsinə ehtiyac var. 

Azərbaycanda aqrar biznes mühitinin mövcud vəziyyətini dəyərləndirən Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlamasında deyib ki, kənd təsərrüfatının inkişafı ölkə üçün labüd məsələdir:


“Bu gün ölkədə kənd təsərrüfatı və aqrar biznesdə kifayət qədər inkişaf var. Bu inkişafın özü bizi qane etsə də inkişaf tempi qaneedici deyil. Məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatı və müxtəlif qida məhsullarının 80-85 faizi artıq Azərbaycanda istehsal olunsun. KOBİA sədrinin fikirləri ilə tamamilə razıyam. Dövlət tərəfindən kənd təsərrüfatı, fermer təsərrüfatları və aqrobiznesin inkişafı üçün şərait yaradılır. Belə olan halda inkişafda artım tempinə nail olmalıyıq, bu sahədə təbliğat və təşviqatla məşğul olmalıyıq.

Uğurlu fermerləri tanıtmaq lazımdır. “CBC” kanalında apardığım “Sahibkar Saatı” verilişinə uğur qazanmış mikro, kiçik və orta sahibkarları dəvət edirəm, onlar öz nailiyyətləri barəsində danışırlar. Kənd təsərrüfatı ilə bağlı xüsusi proqram hazırlamağı düşünürük, adı “Fermer Saatı” ola bilər. Kənd təsərrüfatında uğurlu sahibkarlarla mütəmadi görüşlər keçirmək və onlar haqqında cəmiyyətə məlumat vermək lazımdır”. 

İqtisadçı ekspert Akif Nəsirli isə ölkədə kənd təsərrüfatının inkişafı və aqrobiznesin buna təsirləri barədə nikbin düşüncədə deyil. Onun sözlərinə görə,kənd təsərrüfatında məhsuldarlıq ildən-ildən aşağı düşür. Ekspert sayta açıqlamasında deyib ki, nəticədə hər il daha çox kənd təsərrüfatı məhsulu idxal edilir və idxaldan asılılıq artır:



“Hesab edirəm ki, kənd təsərrüfatında hazırkı mühitin dəyişməsi üçün islahatlar aparılmalıdır. Aqrobiznesi inkişaf etdirən aqroparklardır. Onların da rəqibi yoxdur, hökumətdən daha çox maliyyə alır və sərbəst fəaliyyət göstərir. Aqroparklar bu sahənin inkişafında elə də maraqlı deyil. Onlar dövlətdən aldığı subsidiyalar, güzəştli kreditləri xərcləyir. Kənd təsərrüfatı ilə, eləcə də aqrobizneslə məşğul olan hər bir subyektə bərabər şərait yaradılmalıdır.

Subsidiyanın verilmə qaydaları dəyişdirilməlidir. Təsəvvür edin ki, hər bir fermerə 100 manat subsidiya verilirsə, bunun yalnız 25 faizini o, nağdlaşdırıb götürə bilər, qalan 75 faizinə isə müəyyən edilmiş şirkətlərdən vəsait almalıdır. Sanki fermerlər həmin şirkətlərdən asılı vəziyyətdədirlər. Şirkətlər də bu vəziyyətdən istifadə edir, keyfiyyətsiz gübrələr, toxumlar satır. Aşağı keyfiyyətlə yüksək məhsuldarlıq əldə etmək mümkünsüzdür”.

A.Nəsirli qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsində əsas problemlərdən biri də su çatışmazlığıdır:

“Su kanallarının yuxarı axarında kəndlilər torpaqlarını 5-10 dəfə sulayır, aşağıdakına isə su çatmır. Bilmək lazımdır ki, çox suladıqca torpaq şoranlaşır və məhsuldarlıq aşağı düşür. Aqrotexniki qaydalara görə çox suvarılan torpaqlar su ilə doyur, su qrunt suları ilə qarışır və torpağın tərkibindəki zərərli maddələr üzə çıxaraq onu şoranlaşdırır. Bir qisim təsərrüfat sahibi bol su səbəbilə məhsuldarlığı aşağı salır, digər bir qisim isə su qıtlığı ucbatından yetəri qədər məhsul yetişdirə bilmir. Əslində su ehtiyatlarımız kifayət qədərdir, amma düzgün istifadə edilməlidir. Su anbarları vaxtı vaxtında təmizlənməlidir, əlavə olaraq da ölkədə 40-50 su anbarı tikilməlidir. 

Bakıya bir neçə kəmərlə su gəlir. Gün ərzində milyon kublarla su işlənir. Bu su içməli sudur. Hesab edirəm ki, Bakıya gələn suyu kanalizasiyadan keçəndən sonra təmizləyib yenidən paytaxta yaxın rayonların su təminatında istifadə etmək olar. Bu suyun tərkibində duz yoxdur, suvarma üçün uyğundur. Bu problemləri aradan qaldırandan sonra kənd təsərrüfatını da inkişaf etdirmək, bol məhsul əldə etmək mümkün olacaq, nəticədə ölkədə aqrobiznes imkanları da artacaq”.

Törə Zeynallı